Obama və Kerri Konqresi nə ilə qorxudur? - TƏHLİL

13.08.2015 14:00     A-reaksiya     2624

“ABŞ-ın son illərdə üzləşdiyi problemlərin miqyasını açıq şəkildə etiraf etməmək getdicə daha çətin olur”

İranla iyul ayında bağlanmış “Nüvə Sazişi” hələ də ABŞ Konqresi tərəfindən təsdiqlənməyib. İran üzərindən sanksiyaların qaldırılması Nümayəndələr Palatasında, xüsusilə də respublikaçılar çevrəsində heç də xoş qarşılanmır.

Nüvə böhranının bitməsi Obama administrasiyası tərəfindən uğur kimi təqdim olunsa da, qarşı tərəf imzalanmış sazişin İranın “əlini-ayağını açacağını” və Yaxın Şərqdə Amerika maraqlarına qarşı təhdidlərin daha da artacağını iddia edirlər. Digər tərəfdən, İsrail və yəhudi lobbisini dəstəkləyən ABŞ siyasi dairələri də bu sazişin təsdiqlənməsinə qarşı çıxır, ən yaxşı halda sanksiyaların tədricən və çox cüzi güzəştlərlə aradan qaldırılmasını tələb edirlər. İrana qarşı olan qorxu və narahatlığında isə İranın dini dövlət quruluşuna malik olması, anti-Amerika və anti-İsrail ruhunun Tehranda kök salmasıdır.

Sazişin müsbət irəliləyiş olması məsələsində Obama ilə razılaşmayanlar onu da qeyd edirlər ki, İranın “nüvə silahı sevdasından” əl çəkməsi yetərli deyil, bu ölkədə ciddi demokratik islahatlar olmalıdır və bu baş verməyincə, Tehrana qarşı hər hansı güzəşt yolverilməzdir.

Obama administrasiyası isə öz növbəsində Konqresi inandırmaq üçün hər dəfə yeni arqumentlərə əl atır. Vaşinqtonun xarici əlaqələrindən məsul olan dövlət katibi Con Kerri də bütün komandası ilə bu istiqamətdə səfərbər olub və narazı konqresmenləri, respublikaçı senatorları “yola gətirmək” üçün ciddi-cəhdlə danışıqlar aparmağa, kompromis yaratmağa çalışır.

Kerri artıq ondan danışır ki, əgər sazişin təsdiqi təxirə salınsa, ABŞ dolları əsas dünya valyutası olmaqdan çıxacaq.

Konqresmenləri acı nəticələrlə qorxudan ABŞ rəhbərliyi qeyri-ixtiyari təsdiqləyirlər ki, təcridetmə siyasəti Rusiyanı yox, ABŞ-ın özünü təhdid edir.

“ABŞ-ın son illərdə üzləşdiyi problemlərin miqyasını açıq şəkildə etiraf etməmək getdikcə daha çətin olur”, - deyən Con Kerri həm də vurğulayıb ki, əgər Konqres sazişi təsdiqləməsə, ABŞ Avropada Almaniya və Fransa kimi müttəfiqlərinin etibarını itirəcək.

“Təsəvvür edirsiniz, biz onlara desək ki, “Ukrayna böhranına görə Rusiyaya təzyiqləri artırmaq niyyətindəyik”, reaksiya necə olacaq? Necə çətinliklərin yaranacağını düşünürsünüzmü? Siz gördünüz, Rusiya və Çin Ukrayna məsələsində necə aktiv əməkdaşlıq edir. BRİCS-in bu yaxında Rusiyada keçirilən sammitində onların dialoqa maraqlı olduğunu gördünüz...  Sazişdən imtina ABŞ-ın xarici tərəfdaşlarının tezliklə Ukraynadan çıxmasına xidmət edəcək. Onlar deyəcəklər ki, “biz bacardığımızı etdik”, - deyə Kerri bildirib.

O, II Dünya Müharibəsindən sonra yaranmış dünya nizamı ilə çoxlarının razılaşmadığını və bir gecədə olmasa da, yaxın müddətdə dolların əss rezerv valyutası mövqeyini itirəcəyini vurğulayıb. ABŞ dövlət katibinin fikrincə, dünyada hərəkətə hazır vəziyyətdə gözləyən blok var və bu blok ABŞ-ın səmərəsiz siyasətini görəcəyi halda dərhal yeni rezerv valyutası ilə ortaya çıxa bilər.

Kerrinin dilə gətirdiyi məqamlarda ciddi mesajlar var və bu, onu göstərir ki, artıq Obama administrasiyası Rusiyaya, İran və digər “əks-mövqeli” dövlətlərə qarşı “sanksiya dili”ilə yox, “mehriban həmsöhbət üslubu” ilə yanaşmağı qərara alıb.

Necə deyərlər, ziyanın yarısından da qayıtmaq faydalıdır. Dünyada və ABŞ daxilində yaranmış vəziyyət təkcə demokratlara yox, ümumilikdə ABŞ demokratiyası üçün təhlükəli həddinə çatıb.

ABŞ dövlət katibi açıq-aşkar ifadə edib ki, Vaşinqtonun avropalı tərəfdaşları artıq Rusiya ilə “dava-dava oynamaqdan” yorulublar.

Avropa yalnız Ukraynanı qorumaq üçün özünü böhran və qarşıdurmanın içinə atmaq arzusunda deyil. Aİ-nin ittifaq maraqlarından əlavə, hər bir üzv ölkənin öz milli maraqları da var. Seçkilərdə isə milli maraqları qoruya bilməyən, vətəndaşları narazı salan qüvvələr hakimiyyətlə vidalaşmağa məcburdur.

Brüssel ukraynalıları taleyin axarına da buraxmaq istəmir, amma okeanın o tayından “həvəsləndirici” çağırışlar edən ABŞ-dan da konkret addımlar gözləyir. Çünki nə Fransa, nə Almaniya,nə də Böyük Britaniya ruslarla sərt münaqişəyə getmək, onsuz da gərgin olan münasibətləri daha da korlamaq istəmirlər. Rusiya amili Avropa və dünyada var və bu amili tanımaq, hesablaşmaq lazımdır.

Digər tərəfdən Aİ-nin daxilində də mərkəzdənqaçma meyilləri, güvənsizlik simtompları günü-gündən güclənir. Londonun Aİ-dəki könülsüzlüyü açıq-aydın hiss olunur.

... Və məsələ ancaq Aİ-də deyil.

ABŞ Konqresində İranla sazişin ratifikasiya olunmaması,  İran, Rusiya və Çinlə olan gərginliklərin nizama salınmaması, Suriya və Ukrayna böhranında da ciddi nailiyyətə varılmaması qarşısında  NATO-nun da sarsılacağı, mərkəzdənqaçma meyillərinin artacağı istisna olunmur.

Hazırda bu hərbi ittifaqın bütövlüyünü Avropadakı Rusiya xofu və Şərqdəki İŞİD təhlükəsi təmin edir. Amma bu xof hər kəsə meydan oxumaq üçün yetərli deyil...

Ən çox da ekspertlər bu sualı verirlər və cavab tapa bilmirlər. ABŞ-ın üzərindəki təzyiqlərdən ən böyüyü də kiçik İsrailin narahatlığı və yəhudi lobbisinin mühafizəkar Amerika siyasətçiləri ilə birlikdə gündəmə gətirdiyi “sərt mövqe” tələbləridir; görəsən, kiçik müttəfiqə görə, böyük itkilər verməyə dəyərmi?

Şərhlər

Çox oxunanlar