Əsəd üçün yeni şans: "günahlar" bağışlanır - TƏHLİL

13.08.2015 17:45     A-reaksiya     3532

Livan səfərini tamamlayaraq Suriyaya keçən İran XİN başçısı Cavad Zərif burada prezident Bəşər Əsədlə görüşərək, Suriyada 2011-ci ildən bu yana davam edən vətəndaş müharibəsini müzakirə edib.

Görüşün detalları və toxunulmuş məqamlar barədə nə Tehran, nə də Dəməşqaçıqlama verməyib. Sadəcə Suriyanın  rəsmi xəbər agentliyi SANA öz xəbərində Əsədin “İran və dost ölkələrin Suriyaya qarşı döyüşü dayandırmaq və torpaqlarının bütövlüyü ilə suverenliyini qorumaq üçün göstərdiyi səmimi səyi” məmnuniyyətlə qarşıladığını bildirib. Xəbərdə Əsədin “Suriyaya verdiyi güclü dəstək' üçün İrana təşəkkür etdiyi də qeyd edilib.

Görüşdən sonra Zərifin verdiyi açıqlama da öz formallığı ilə yadda qalıb: "Bölgədəki digər oyunçulara və qonşularımıza indiki reallıqlara əhəmiyyət vermə və Suriya xalqının terrorizm, ekstremizm və məzhəbçiliklə mübarizə etmə arzusuna cavab vermə zamanıdır deyirəm”.

Səudiyyə Ərəbistanının kral sarayına yaxınlığı ilə bilinən London mərkəzli “Şərq-ül Əvsat” qəzeti, dünən nəşr etdiyi xəbərində Zərifin Əsədə “simvolik prezidentlik” təklif edəcəyini yazıb.

Səudilərdən söz düşmüşkən, krallığın XİN başçısı bu günlərdə Moskvada oldu və Lavrovla danışıqlarda heç cür Əsədin varlığı ilə varışmayacaqlarını bir daha ortaya qoydu. Riyad Suriyanın gələcəyində Əsədi görmür, amma elə Lavrov demişkən, Suriyanın gələcəyinə xalq özü qərar verməlidir və ilk öncə, milyonlarla qaçqını öz yurduna qaytarmaq, onlara sülh və sabitlik bəxş etmək lazımdır.

Bu variant nə Qərbi, nə də ərəb monarxları yetərincə qane etmir, çünki Suriyada sülh və sabitliyin bərpası həm də hakimiyyətdə qalan Əsədin rahatlaşması, idarəetmə rıçaqlarını gücləndirməsi üçün növbəti şərait olacaq. Hətta Əsədə vaxtilə etiraz edən narazı sakinlərin sonradan onu ikiəlli dəstəkləyəcəyi də istisna olunmur, çünki son 4 ildə yaşananlar hətta minlərlə insanı qətliama uğratmaqda ittiham olunan Hafiz Əsədə də “rəhmət oxutdurub”. Bir növ, Suriya xalqı vahid və güclü rəhbərlik olmadan ölkənin məhv olması həqiqəti ilə üz-üzə qalıb.

Lakin Əsədin getməsi şərti ilə də Rusiya və İranla anlaşmaq çətin olacaq. Beləliklə, gündəmə keçən yazımızda dediyimiz “Korea variantı” (ölkənin 2 hissəyə bölüşdürülməsi) ilə yanaşı, müvəqqəti model kimi “İraq variantı”nı xatırlayan yeni bir ideya da gəlir. Lakin İraq varantındakı kimi, burda diktatorun devrilməsi və məhvi mövzu ola bilməz. Ola bilər ki, Ukraynada güzəşt əldə etmək üçün Rusiya, nüvə sazişini də işə salmaq üçün İran Dəməşqə verdikləri dəstəyi azaltsınlar, amma heç kim ağlını itirməyib ki, öz dayaq nöqtəsini asanlıqla Qərbin ayaqlarına sərsin.

Əsədin nəzarət etdiyi və ələvilərin yaşadığı bölgədə həm rejimin, həm İranın, həm də “Hizbullah”ın dayaqları güclüdür. İran heç vaxt bu bölgəni Qərbə təslim etməz.

Amma həm Moskva, həm də Tehranın danışıqlarda “ortaq məxrəc” kimi razılaşdıqları, ya da Qərbi razı saldıqları bir minimum ola bilər. O da Əsədin “simvolik prezident” kimi yenidən bütöv Suriyaya rəhbərlik etməsidir – təbii ki, İŞİD-in məhvindən sonra.

Əgər Əsəd “simvolik prezident” olmağa razılaşarsa, sünnilər və kürdlər yaşayan bölgələrə təsir imkanları zəifləyəcək. Yəməndə Husilərin dirçəlməsi kimi, şimalda iki və hətta daha çox dini və etnik təmayüllü qruplaşmaların baş qaldırması seyr olunacaq. Suriya ordusu bu ərazilərdə sərbəst hərəkətdən məhrum olacaq, ölkəyə BMT və ya Qərb ölkələrinin sülhməramlıları gətiriləcək, yaxud da hər “muxtariyyət” rahatca öz milis dəstələri və qoşunlarını yarada bilərək faktiki müstəqillik əldə edəcək. Bu da müvəqqəti ola bilər.

Ya yeni seçkilərə, ya da növbəti vətəndaş müharibəsinə qədər.

Lakin Əsədin formal da olsa vəzifədə qalması onu həm biabırcasına məhv olmaqdan, həm Haaqa tribunalından, həm də ömrünün sonunadək müharibə aparmaqdan xilas edə bilər.

Çox güman ki, belə qalmağı Əsəd özü də istəmir. Bundan əvvəl Əsəd dəfələrlə bəyan etmişdi ki, dialoq yoluyla hakimiyyətin tədricən dəyişməsi variantına razı ola bilər və hətta müxaliflərə kütləvi amnistiya vermişdi. Di gəl ki, dialoq baş tutmadı. Əsədi vəzifədə getməkdən çox, gedişdən sonrası narahat edir. Əlbəttə ki, bütün dünyanın ittihamları ilə üz-üzə qalan bir diktatoru vəzifəsiz qaldıqda təqib olunmaqdan çox nəsə narahat edə bilməz.

Əsədin müvəqqəti olaraq, 3-5 illik “simvolik prezident” olması, ölkənin müharibə stresini atması və partiyalarla, demokratik seçkilərlə mübarizə başlayana qədər məhz “ələvi prezident” tərəfindən idarə edilməsi hazırda ən məqsədəuyğun variantdır.

Obama administrasiyası da artıq bu reallığı qəbul edib. Necə ki, Ukrayna məsələsində Moskvanı sanksiyalarla qorxuda bilməyəcəyini anlayaraq artıq dialoqa üstünlük verir. İranla bağlanan nüvə sazişini də tezliklə Konqresdən keçirmək hazırkı ABŞ rəhbərliyinin “prinsipial məsələsi” olub.

Aydın məsələdir, qarşıdan seçkilər gəlir. Obama 7 ildə edə bilmədiklərini, ya da bu illərdəki səhvlərini 1 ilin içində təcili düzəltmək istəyir.

Bu 1 il həm demokratların, həm də ABŞ demokratiyasının çətin sınaq dövrüdür.

Çox güman ki, belə bir təklif müzakirə olunur və Əsəd də razılaşmağa meyillidir. Amma tərəflər arasında etimad yoxdur. Nə Moskva, nə Tehran,nə Dəməşq, nə də Vaşinqton öz tərəfdaşlarına yetərincə güvən hiss etmir.

Belə baxanda, Dəməşqin başqa yolu da yoxdur. Əsəd razılıqdan sonrakı addımlarıyla öz hakimiyyətini və gücünü qaytara da bilər. Sadəcə onun atacağı addımlardan asılıdır... Suriya xalqının “ürəyini yenidən qazanmaq” üçün şansı çox olacaq. Eləcə də, Qərb bu ölkədə etibarlı müxalifət və "5-ci kolon" formalaşdırmaq üçün imkan qazanacaq.

Şərhlər

Çox oxunanlar