Fransa həmişə Ermənistanı müdafiə edən mövqeyi ilə seçilib - Vahid Əhmədov
01.10.2020 12:38 A-reaksiya 742
Həmsədr dövlətlər arasında Fransa həmişə Ermənistanı müdafiə edən mövqeyi ilə seçilib. Fransa Prezidenti Makron hazırda Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin bərpa olunmasına çalışır.
Reaksiya.az Publika.az-a istinadən xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll olunmasını təklif edən və bu müharibədə Türkiyəni ittiham edən Emmanuel Makronun fikirlərinə belə münasibət bildirib:
“Fransa özünü həmsədr dövlət kimi yox, erməni diasporu kimi aparır. Fransanın ermənipərəst mövqeyi vasitəçilik missiyalarına tamamilə ziddir. Cənab Prezident "Rusiya 1" kanalına verdiyi müsahibədə həmsədr dövlətlərə və beynəlxalq təşkilatlara çox ciddi iradlarını bildirdi. 30 ildir ki, bu məsələ həll olunmurdu və bu münaqişənin həll olunmaması heç kimi narahat etmirdi. Azərbaycanın qüvvətlənməsi, dövlət başçısının orduya diqqət göstərməsi və ordumuzun öz torpaqlarını işğalçılardan təmizləməsi həmsədr dövlətlərdə narahatlıq doğurur.
Makron Rusiya prezidenti ilə danışmaq, atəşkəs elan edilməsi və dövlət başçılarını danışıqlar masasına çağırmaq üçün cəhdlər edir. Hər halda dövlət başçımızın mövqeyi qətidir, torpaqlarımız işğaldan azad olunmalıdır. Danışıqlar masasına yalnız o halda oturmaq olar ki, Ermənistan torpaqlarımızdan geri çəkilsin”.
Şərhlər