Əliyevin Makronla danışığında 3 mühüm məqam

04.10.2020 09:04     A-reaksiya     778

Fransa Prezidenti Emmanuel Makron, əgər Dağlıq Qarabağdakı ermənilərin taleyi ilə bu qədər maraqlanmaq istəyirsə, məmnuniyyətlə öz vətəninə aparıb, Fransanın istənilən nöqtəsində onlar üçün yeni bir dövlət yarada bilər. Misal üçün, Korsika adası və ya Burqundiya ərazisi ola bilər.

Reaksiya.az bildirir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloqun sözlərinə görə, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəngində atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasını istəməsi boş və mənasız təklifdir:

“Makronun telefon zənigini erməni dostlarının xahişi ilə etdiyi məlumdur. Əks təqdirdə təmas xəttində döyüşlərin davam etməsindən narahatlıq hissi ifadə edərək atəşkəsin bərpa edilməsi və tezliklə danışıqların aparılmasına çağırış etməzdi. Onun ifadə etdiyi narahatlıq aydın məsələdir ki, özünün deyil, Fransada fəaliyyət göstərən erməni lobbisinin narahatlığıdır.

Bu gün rəsmi Parisin Azərbaycanın işğal olunmuş torpaqlarında antiterror əməliyatı keçirməsindən narahat olması ciddi bir diplomatik səhvdir. Dağlıq Qarabağ və ətrafı Azərbaycanın beynəlxalq hüquq çərçivəsində tanınan torpaqlarıdır. Bu torpaqlarda tək söz sahibi Azərbaycan Respublikasıdır. Hansısa bir ölkənin bu gün bizə aid olan torpaqlarda baş verən proseslərdən narahatlıq ifadə etməsi bizim daxili işlərimizə müdaxilə deməkdir. Azərbaycan süveren və güclü ölkədir. Bu gün bu ölkənin özü kimi güclü rəhbəri var. Heç təsadüfi deyil ki, Makronla telefon danışığı zamanı Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatları həyata keçirərək işğal olunmuş ərazilərimizin bir hissəsini işğaldan azad edib.

Dövlətimizin başçısı onu da qeyd edib ki, Ermənistan danışıqlar prosesinin pozulması istiqamətində addımlar ataraq sülh prosesinə böyük zərbə vurub. Prezident İlham Əliyev vurğulayıb ki, danışıqların pozulması, eləcə də silahlı qarşıdurmanın yaranmasına görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür”.
Politoloqun sözlərinə görə, mahiyyət etibarilə ölkə başçısı Fransa Prezidenti Emmanuel Makrona konkret aşağıdakıları deyib:

“Birincisi, Azərbaycan Ordusu işğalçı ordu deyil və heç bir yad ölkənin ərazisində hərbi əməliyyat keçirmir. Bu gün Ordumuz öz torpaqlarıızın azad edilməsi uğrunda antiterror əməliyyatı aparır.

İkincisi, nə Fransa, nə də erməni lobbisinin xahişi ilə bizə müraciət edən başqa bir ölkə Azərbaycanı haqlı yolundan döndərə bilməz. Azərbaycan zəif, aciz ölkə deyil ki, hansısa ölkələrin diktəsi ilə hərəkət etsin.
Üçüncüsü, bu günə qədərki danışıqlar heç bir nəticə verməyib. Bu gün yenidən mövcud danışıqlar yolu ilə münaqişənin uzanmasına gətirib çıxara biləcək heç bir təklif bizim üçün məqbul deyil. Ermənistan əgər Azərbaycan ilə danışıqlar masasına yenidən qayıtmaq istəyirsə, birmənalı olaraq işğal edilmiş torpaqlardan oz işğaçı ordusunu çıxarmalı, bu ərazilərin əzəli və əbədi Azərbaycan torpaqları olduğunu qəbul etməlidir”.

Reaksiya.az

Şərhlər