“Əgər Almaniyanın Ermənistana belə ürəyi yanırsa…”
08.10.2020 14:45 A-reaksiya 668
Almaniya Xarici İşlər naziri Heiko Maasın atəşkəsə çağırış və ölkəmizə təzyiq göstərilməsi barədə açıqlaması Azərbaycan ictimaiyyətində ciddi narahatlıq yaradıb.
Fransa prezidenti Emmanuel Makrondan sonra Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyanın işğal altında olan torpaqlarımızı düşməndən azad etmək üçün başlatdığımız hərbi əməliyyatlara bu cür reaksiya verməsi təəssüf hissi doğurur. Hər iki ölkənin aparıcı şəxslərinin ermənipərəst mövqeləri, birtərəfli qaydada atəşkəsə çağırışları münaqişənin köklü həll edilməsinə yönələn addımlardan xəbər vermir. Almaniya 30 ilə yaxındır ki, Minsk Qrupunun üzvüdür. Bu dövr ərzində bircə dəfə də olsun münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsi üçün çalışmayıb. İndi isə heç bir əsası olmadan Azərbaycana atəşkəsi dayandırmaqla bağlı çağırış edir. XİN rəhbərinin bəyanatından da görünür ki, Almaniya özünü Avropa İttifaqının lider ölkəsi kimi aparmır. BMT-nin işğal olunmuş torpaqlarımızla bağlı verdiyi 4 qətnamənin tələblərinin yerinə yetirilməsi üçün Ermənistana yox, Azərbaycana təzyiq göstərir.
Üstəgəl, bəyanatda vurğulanır ki, Azərbaycan tərəfi danışıqlara getmək istəmir. Halbuki Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyan Cenevrədə Azərbaycan XİN rəhbəriylə görüşə getməkdən imtina edib. İndi kimdir danışıqlardan imtina edən?!
Reaksiya.az xəbər verir ki, Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Fazil Mustafa “Qafqazinfo” ya açıqlamasında Almaniyanın bu bəyanatını əhəmiyyətsiz hesab etdiyini vurğulayıb:
“Biz bu bəyanata məhəl qoymamalıyıq. Onlar məsələnin mahiyyətini özləri də yaxşı bilirlər. Əgər Almaniyanın Ermənistana belə ürəyi yanırsa, onda Ermənistan üçün öz ərazisində bir muxtariyyət verə bilər. Ən yaxşı humanist addımı bu ola bilər. Çünki Almaniya xeyli sayda qaçqın qəbul edir. Ermənilər üçün ərazisində bir muxtariyyət müəyyən edə bilər. Hansı ölkə belə bir bəyanat verirsə, öz ərazisində buyurub Ermənistana muxtariyyət versin, ermənilər də gedib orada yaşasın. Avropadır, lüks həyatdır. Ermənilərin orda dağda daşda yaşamasına nə ehtiyac var ki? Ona görə də Almaniyanın bu bəyanatı mənasız, heç bir hüququ əsası olmayan bəyanatdır. Təsəvvür edin ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin bu formada mənəvi məsələləri gözə almadan belə bir bəyanat verməsi gülünc qarşılanır. Sən Minsk qrupunun neçə ildir üzvüsən, bir dəfə də olsun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ağıllı təklif verməmisən. İndi bu gün Ermənistanı dəstəkləyən mövqe sərgiləyirsən. Mən hesab edirəm ki, bunlar yolverilməzdir. Biz bununla bağlı kəskin münasibətimizi bildirməliyik. Əhəmiyyət vermədən öz yolumuza davam etməliyik.
Bu cür ədalətsizliklərinin bədəllərini də sonradan özləri ödəyirlər. Suriyada, Liviyada müharibələrə göz yumdular. İndi də onların qapılarını qaçqınlar döyür. Hər şeyə qərəzli, öz maraqlarına uyğun şəkildə yanaşanda sonradan bədələni də ən çox özün ödəyəcəksən. Almaniya bu gün qaçqın problemiylə üz-üzədir. Səbəbkarı da özüdür. Heç bir məsələdə ədalətli mövqe sərgiləmədi. Xüsusilə də Türkiyəyə də münasibətdə qaçqın problemiylə bağlı verdiyi sözləri yerinə yetirmədi. Suriyalı qaçqınlara vəsait vermədi, Türkiyə onları öz imkanlarıyla saxladı. Hanı ədalətləri? Ona görə də bəyanatlarına əhəmiyyət vermək olmaz. Kimsə ordan oturub bizim torpağın taleyini həll edəcək, biz də durub ona sakitcə yanaşacağıqmı?! Belə bir məsələ yolveriməzdir, öz işimizə baxmalıyıq və torpaqlarımızı azad etməliyik”.
Şərhlər