Fransanın Qarabağla bağlı tutduğu mövqeyin pərdəarxası

08.10.2020 15:38     A-reaksiya     1391

"Fransanın Qarabağdakı savaş zamanı faktiki olaraq Ermənistanı müdafiə etməsi, ATƏT-in Minsk Qrupunun həmsədri statusunun şərtlərini pozması anlamına gəlir”.

Reaksiya.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli deyib. Onun sözlərinə görə, həmsədr ölkələrin əsas funksiyası konflikt tərəflərinə münasibətdə tam bitərəfliyi qoruyaraq, onlara həll variantını təqdim etməkdir:

"Əgər Fransa buna əməl etmirsə, demək ki, üzərinə götürdüyü öhdəliyi pozub və onun həmsədr statusunun əlindən alınması üçün hüquqi əsas yaranıb. Fransanın hazırkı konfliktdə erməniləri müdafiə etməsi həm də ölkədəki böyük erməni diasporu ilə bağlıdır. Bu diasporun isə Fransada güclü lobbisi var və həmin lobbi Fransanın hakim dairələrinə güclü təsir göstərmək imkanına sahibdir. Digər tərəfdən ortada Fransa Prezidenti Emmanuel Makron və partiyasının azalan reytinqi məsələsi də var ki, bu da Parisin mövqeyinə təsir göstərir. Makron hazırkı bəyanatlarını verərkən həm də bu məsələni nəzərdə saxlayır”.

İlkin Həsənli bildirib ki, Qarabağ savaşı başladıqdan sonra erməni diasporunun dəstəyini qazanmaq istəyən partiyaların sayı yetərincədir:

"Yəni, buna can atan təkcə Makron və partiyası deyil. Digər partiyaların oxşar addımları olub. Buna səbəb isə diasporun kifayət qədər böyük olması və güclü təsir imkanlarına sahib olmasıdır. Buna görə də Makron əlinə düşən fürsətdən daha çox yararlanmağa çalışır. Digər tərəfdən unutmaq olmaz ki, gələn il Fransada regional seçki, 2022-ci ildə isə prezident seçkisi baş tutacaq”.

İlkin Həsənli qeyd edib ki, Fransanın erməni məsələsində aktivliyi onun Qafqazda təsirini bərpa etmək məsələləri ilə bağlı deyil:

"Onsuz da Parisin Qafqazda heç vaxt yetərincə təsiri olmayıb və indi də bu təsir mövcud deyil. Hazırkı aktivlik daha çox Türkiyənin birbaşa konfliktdə Azərbaycanı dəstəkləməsiylə bağlıdır. Belə ki, biz Türkiyənin Şərqi Aralıq dənizi məsələsində Fransa ilə mübahisəli olduğunu və Fransanın bu məsələdə bütün Avropanın öndəri kimi danışdığını bilirik. Görünən odur ki, Şərqi Aralıq dənizində Türkiyəyə təzyiqlərin fayda vermədiyini görən Fransa indi bu məsələ ilə bağlı hansısa təzyiqlər göstərməyə çalışır. Yəni, Fransa Şərqi Aralıq dənizində göstərə bilmədiyi əsl liderlik simasını hazırkı məsələylə bərpa etməyə cəhdlər göstərir. Başqa bir məsələ isə AB-nin bölgədə təsiri ilə bağlıdır. Belə ki, Makron hazırkı konfliktin bölgədə kartları yenidən paylayacağından və Brüsselin bundan yetərli pay sahibi ola bilməyəcəyindən çəkinir. Çünki Qarabağ savaşı bizimçün uğurla bitərsə, Qafqazda faktiki olaraq üç əsas oyunçu – Türkiyə, Rusiya və ABŞ olacaq. AB isə öz sərhədləri yaxınlığındakı problemin özünün iştirakı olmadan həll edilməsini istəmir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar