Rusiya İrəvana niyə milyardlar xərcləyir?..

12.10.2020 21:48     A-reaksiya     640

İşğalçı Ermənistan xarici havadarlarının və şəbəkələşmiş erməni lobbisinin yaxından dəstəyi ilə öncəbhədəki mövcud durum haqqında beynəlxalq səviyyədə “informasiya vakuumu” yaratmağa çalışır. Düşmən öz yalan, hiyləgər siyasətini ənənəvi və yeni auditoriyalara sırımağa uğursuz cəhdlər göstərməkdədir.

Daha öncələr də belə olub və necə deyərlər, biz artıq öyrəncəliyik: işğalçı hansı situasiyada, harda, kimlərlə və necə addım ata bilər? – bizim bu suala qarşı sabit cavablarımız vardır.

Azərbaycan Respublikası hələ əks-hücum əməliyyatından öncə işğalçı ölkə tərəfindən törədilən ardıcıl, məqsədyönlü təxribatları, o cümlədən informasiya təxribatlarını və erməni yalanlarını sistemli şəkildə faş etdi, həqiqəti gün üzünə çıxardı. Bütün mümkün vasitələrdən istifadə etməklə, beynəlxalq səviyyədə ifşa etmə işi bugün də davam edir. Doğrusu, bu iş özlüyündə ön cəbhədəki iş qədər önəmlidir, başqa sözlə, informasiya cəbhəsindəki mübarizə ön cəbhədə əsgərlərimizin göstərdiyi fədakarlıqları tamamlanmaqdadır.

Hələ iyulda Ermənistanın Tovuza təxribatçı hərbi hücumundan öncə, hadisənin gedişində və hadisədən sonra Azərbaycan Prezidentinin bütün beynəlxalq platformalarda işğalçı Ermənistanın iç üzünü, təcavüzkar siyasətinin ifşa etməsi, ən yeni dönəm informasiya savaşımızda xüsusi səhifə təşkil edir. Beynəlxalq hüquq norma və prinsiplərindən uzaq, daha doğrusu, həmin norma və prinsiplərə qarşı çıxan Ermənistanın Azərbaycana qarşı yeni işğal planları qurduğu Prezident tərəfindən bütün dünyaya duyuruldu. Örnək olaraq, cənab Prezidentin BMT Baş Assambleyasının 75-ci sessiyasındakı təsirli çıxışını xatırlatmaq istərdim.

Ermənistanın təkzibedilməz faktlarla sübuta yetirilən yeni işğalçılıq siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən gərəkən təpkini almaması, işğalçıya xəbərdarlıq edilməməsi onu daha da ərköyünləşdirdi, yeni təxribatlara həvəsləndirdi. Və nəhayət, sentyabrın 27-də Ermənistan öz təcavüzkarlığını daha qanlı fazaya keçirdi.

Həmin istirahət günü, səhər saat 6-da başlayan yeni erməni təxribatına cavab olaraq, ordumuz bütün cəbhə boyu əks-hücuma başlamalı oldu.

Müharibənin yeni fazası başlayandan bəri Prezident İlham Əliyev dünyanın 10 nüfuzlu TV kanalına (“CNN İnternasonal”, “CNN-Türk”, “Say Nyus”, “Avronyus”, “Əl-Cəzirə”, “Əl-Ərəbiyyə”, “TRT Haber”, “Rossiya-1”, “Pervıy Kanal”, RBK) geniş müsahibələr verdi, Ermənistanın Azərbaycana qarşı başlatdığı elanolunmamış müharibənin tarixi, səbəbləri, hazırkı durumu, eləcə də dövlətimizin, xalqımızın haqlı mövqeyi haqqında danışdı. Ermənistanın işğalçılıq siyasətinə münasibətdə əsas götürülməli olan tarixi, hüquqi, siyasi, mənəvi və digər amilləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıran dövlət başçımız Azərbaycanın haqlı mövqeyini təkzibolunmaz faktlarla açıqladı. Necə deyərlər, hər kanalın öz dili ilə danışan cənab İlham Əliyevin verdiyi cavablar peşəkar dövlət xadimi, qətiyyətli Ali Baş Komandan, ustad diplomat və səmimi həmsöhbət örnəyini bütün dünyaya bir daha göstərmiş oldu. Mən bu məqamları, müsahibələrin ana mövzusundan, Azərbaycan həqiqətlərinin yayılmasından az önəmli hesab etmirəm. Yalnız həqiqəti demək yox, o həqiqəti necə demək də özlüyündə bir hadisədir.

Bu yerdə RBK kanalına müsahibədən bir parçanı örnək gətirmək istərdim. Jurnalistin danışıqlarda Rusiyanın rolu barədə sualına cavabında cənab Prezident deyir:

“...Biz dəfələrlə Rusiya rəhbərliyinə müraciət etmişik ki, Rusiya rəhbərliyi Ermənistana siyasi təsir göstərmək vasitələrindən istifadə etsin, erməni tərəfini inandırsın ki, işğala son qoyulmalıdır. Bu mövzu dəfələrlə müzakirə edilib və sizə deyə bilərəm ki, rusiyalı həmkarımla bütün çoxsaylı görüşlərimdə bu mövzu ya müfəssəl, ya o qədər də ətraflı olmayan formada müzakirə edilib, lakin belə olmadı. Axı, gizli deyil ki, bu gün Ermənistan Rusiyadan 100 faiz asılı vəziyyətdədir. Onun təhlükəsizliyi Rusiya tərəfindən təmin edilir, pulsuz silahlanması Rusiya tərəfindən təmin edilir. Biz Ermənistana məxsus, bəlkə də milyardlarla dollar dəyərində texnikanı iki həftə ərzində məhv etdik. Onlarda bu pullar haradandır? Onların pulu yoxdur. Bütün bunlar Rusiyadan pulsuz göndərilir. Qaz təchizatı Rusiyadan güzəştli qiymətlərlə təmin olunur, elektrik enerjisi də müəyyən dərəcədə güzəştlə verilir. Dəmir yolları, rabitə, hərbi baza. Hətta Ermənistanın Türkiyə və İranla sərhədini rusiyalı sərhədçilər qoruyur. Əgər belə olmasaydı, sərhəd boş qalardı. Ermənistana təsir göstərmək üçün daha hansı ölkənin bu qədər vasitələri var? Heç bir ölkənin. Bəlkə də dünyada başqa elə iki ölkə yoxdur ki, onlardan biri digərindən bu qədər tam asılı olsun. Buna görə əminəm ki, Rusiya tərəfindən təkid göstərilsə, bizim status-kvonu dəyişməyimiz, təmas xəttini yarıb keçməyimiz nəticəsində İrəvanın ayılması nəzərə alınmaqla Rusiya qısa müddətdə Ermənistanı inandıra bilər: təkcə hərbi qarşıdurma baxımından deyil, bütövlükdə Ermənistanın gələcəyi üçün indiki vəziyyətdən yeganə çıxış yolu Azərbaycanla münaqişənin həllini tapmaqdır. Bu həll isə çox sadədir – onlar bizim ərazidən getməli, öz qoşunlarını çıxarmalı, bizim insanlar oraya qayıtmalı və biz yenidən yanaşı yaşamağa çalışmalıyıq”.

Nəzərə alaq ki, mərkəzi iqamətgahı Moskvada olan RBK Rusiyanın, ümumən rusdilli auditoriyanın nüfuzlu kanallarındandır. (Əlavə edim ki, müsahibənin mətni kanalın saytında yerləşdirildikdən qısa müddət sonra 44 mindən çox baxılıb, Yutub səhifəsində isə 300 minə çatıb. İnternet resurslarından başqa, müsahibə kanalın özündə yayınlanarkən tanış olanların daha böyük, çoxminli sayını nəzərə alsaq, yalnız bir müsahibə ilə həqiqətlərimizin hansı miqyasda tirajlandığını təsəvvür etmək mümkündür.)

Bir rus kanalında Rusiya haqqında həqiqətlərin bu qədər səmimi, açıq səsləndirilməsi sıradan hal sayıla bilməz. Bu sözlər Rusiyanın Ermənistanın sülhtanımaz davranışlarındakı məsuliyyət payının mükəmməl xəritəsini cızır. Mən bu sözləri Rusiyanın vergiödəyicilərini, məmurları, siyasi qurumları... - ümumən rus vətəndaşlarını sadə bir sualın cavabına dəvət kimi qəbul edirəm: Rusiyaya yük olan ərköyün Ermənistana bu qədər aşırı və faydasız dəstəyə dəyərmi?..

Biz öz yazılarımızda, çalışmalarımızda, təbii ki, daha çox Azərbaycan həqiqətlərinə vurğu edirik; burada, artıq qeyd etdiyimiz kimi, RBK-nın aid olduğu ölkənin həqiqətləri də təsvir edilir. Dövlət başçımızın həm RBK, həm digər nüfuzlu TV-lərə müsahibələri gələcək diplomatlar, politoloqlar üçün yaxşı “video dərs”lərdir; ümidvaram uyğun ali təhsil ocaqlarımızdakı dəyərli müəllimlərimiz bunu nəzərə alacaq...

Beləliklə, işğalçı Ermənistanın erməni lobbi şəbəkəsi və güclü havadarlara arxalanaraq, yenidən özü üçün münbit informasiya mühiti yaratmaq planı pozuldu.

Bütün ictimaiyyət gördü ki, Azərbaycanın dövlət başçısı Ali Baş Komandan kimi döyüş cəbhəsində nə qədər məqsədyönlü addımlar atırsa, informasiya cəbhəsində də eyni məqsədyönlülüklə, qətiyyətlə dövlət və milli maraqlarımızı qoruyur.

Bir sözlə, Prezidentin müsahibələrində Azərbaycana qarşı “feyk-nyus”lar ifşa edilir, Ermənistanın yalan üzərində qurulmuş informasiya maşınına sarsıdıcı zərbə vurulur.

Prezident İlham Əliyevin məsələlərə operativ müdaxiləsi və reaksiyası, durumu ən düzgün şəkildə qiymətləndirmək və idarə etmək bacarığını bariz şəkildə göstərir. Dövlət başçısı taleyüklü anlarda Azərbaycanın milli maraqlarının müdafiəsinin necə təşkil edilməli olması ilə bağlı şəxsi örnək göstərir.

Cənab Prezidentin istər daxili, istərsə də xarici auditoriya qarşısındakı çıxışları xalqın sözünü və mövqeyini ifadə edir, vətəndaşın ürəyindən xəbər verir. Bu müsahibələr bir daha nümayiş etdirir ki, Azərbaycan xalqı öz rəhbərini onun iradəsini ən layiqli şəkildə müdafiə etmək qabiliyyətinə malik lider hesab edir, ona güvənir və tam dəstəkləyir. Əlbəttə, belə bir dəstək hər dövr üçün qiymətlidir, ancaq etiraf edək ki indiki həssas dönəmdə özəlliklə böyük önəm daşıyır.

Prezidentin həm döyüş, həm də informasiya cəbhəsində əldə etdiyi qələbələr rəhbərin xalqa, xalqın rəhbərə ülvi duyğularının və qarşılıqlı hörmətinin təcallasıdır.

Dövlətimiz var olsun!

Qənirə Paşayeva,

Milli Məclisin Mədəniyyət komitəsinin sədri

Reaksiya.az

Şərhlər

Çox oxunanlar