Paşinyan indi də bu ölkəyə ərazi iddiasını ortaya qoydu
13.10.2020 08:42 A-reaksiya 2648
Nikol Paşinyanın sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” adı ilə foto paylaşması həm Gürcüstanın ərazi bütövlüyünə, həm də bu ölkənin xalqına ciddi hörmətsizlikdir. Ermənistan bu yolla təkcə Azərbaycan deyil, həm də digər qonşu ölkələrə qarşı ərazi iddiasında olduğunu açıq şəkildə ifadə edir.
Reaksiya.az xəbər verir ki, bu sözləri Axar.az-a politoloq Turab Rzayev Ermənistan Baş naziri Nikol Paşinyanın sosial şəbəkə hesabında Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” adı ilə foto paylaşması haqda danışarkən deyib.
Politoloqun sözlərinə görə, Paşinyan ilk dəfə deyil ki, qonşu ölkələrin ərazisini “tarixi erməni torpağı” kimi göstərir:
“Ermənistan tarix boyu qonşu ölkələrə, Türkiyə, İran, Gürcüstan, hətta havadarı olan Rusiyaya qarşı ərazi iddiası ilə çıxış edib. Azərbaycan isə bu xəstə təfəkkürdən ən çox əziyyət çəkən ölkədir.
Bu gün bir daha biz görürük ki, rəsmi İrəvan ölkə başçısı səviyyəsində digər qonşusu olan Gürcüstana ərazi iddiaları ilə çıxış edir. Bu gün müxtəlif tarixi xəritələrdə Gürcüstanın Cavaxetiya bölgəsi “böyük Ermənistanın" bir parçası kimi göstərilir. Yəni Ermənistanın bu kimi ərazi iddiaları ilk dəfə deyil. Lakin bu gün ölkənin birinci şəxsinin Gürcüstanın Cavaxetiya bölgəsinin adını təhrif edərək, “Cavakx” kimi göstərməsi ciddi bir məsələdir. Onsuz da bu gün Gürcüstan hökumətinin yerli erməni provokatorlar ilə ciddi problemləri var. Çünki istər məlum Tovuz hadisələri, istərsə də Ordumuzun son əks-hücum əməliyyatları zamanı Cavaxetiyada yaşayan yerli ermənilər Ermənistana dəstək vermək, silah göndərmək istədi, lakin Gürcüstan hökuməti buna heç bir halda icazə vermədi”.
Politoloq qeyd edib ki, Gürcüstanda yeni bir separatizm ocağının Ermənistan baş naziri tərəfindən qızışdırılması bir daha təsdiqləyir ki, bu ölkə Qafqazda heç bir zaman stabilliyin hökm sürməsinə imkan verməyəcək və daim qonşularla müharibə şəraitində öz-özünü məhv edəcək.
Şərhlər