“Moskva və İrəvanı indi ən çox qorxudan da bu məqamdır” - TƏHLİL

15.10.2020 12:37     A-reaksiya     684

"Görünən odur ki, Rusiya bütün hallarda sülhməramlılarını Qarabağda saxlamaqla Azərbaycana az da olsa nəzarətini təmin etmək istəyir”.

Reaksiya.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında analitik İlkin Həsənli Rusiya Xarici İşlər naziri Sergey Lavrovun "atəşkəs rejiminin saxlanılmasına nəzarət etmək üçün Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilməlidir” fikrini şərh edərkən deyib. Onun sözlərinə görə, əslində Lavrovun Qarabağla bağlı son açıqlamasında Rusiyanın mövqeyində hansısa ciddi dəyişikliyin olmadığını görürük:

"Moskva israrla mərhələli həll planı ilə bağlı danışıqlar aparılmasını istəyir. Burada əsas diqqət yetiriləsi məqam da məhz budur. Moskva sadəcə tərəflərin yarıda qaldığı yerdən danışıqları davam etdirməsini istəyir. Bu isə istənilən halda Azərbaycan üçün sərfəli variant deyil. Bakının Moskva və digər iki həmsədr ölkədən tələbi aydındır. Azərbaycan tələb edir ki, bu ölkələr Ermənistana təzyiq etsinlər və Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı məsələ həllini tapsın. Lavrovun açıqlaması göstərir ki, Moskva hələlik bunu istəmir. Digər tərəfdən Lavrovun açıqlanmasından görünən başqa məqam Azərbaycana qarşı güclü təzyiqlərin olmasıdır. Belə ki, məhz Rusiya XİN rəhbərinin açıqlamasından aydın olur ki, Bayramovun Mnatsakanyanla görüşünə Putinlə Şoyqu da qoşulub. Görünən odur ki, Moskvada Bayramovu sıxışdıraraq və hansısa formada təhdid edərək, nəyəsə məcbur etməyə çalışıblar, lakin bu alınmayıb. Əgər bu alınsaydı, o zaman Lavrov dünənki kimi media qarşısına çıxaraq Şoyqu ilə Putinin danışıqlara qatılmasından bəhs etməzdi”.

 

İlkin Həsənli bildirib ki, üstəlik, Lavrov həm də danışıqlara Azərbaycanın öz şərtləriylə gəldiyini dolayısı yolla etiraf etmiş olur:

"Moskva hələlik bu şərtləri qəbul etmək iqtidarında deyil. Çünki artıq söhbət Dağlıq Qarabağ ətrafındakı 5+2 rayon və statusun müəyyənləşdirilməsindən getmir. Artıq ilkin olaraq təklif edilən 5 rayondan ikisi və Dağlıq Qarabağ muxtar vilayətinin ərazisinin bir qismi Azərbaycanın nəzarətindədir. Əgər danışıqlarda bundan sonra Madrid prinsiplərinin baza hissəsi əsas götürüləcəksə, o zaman Azərbaycana ediləcək təkliflər dəyişilməlidir. Ona görə ki, mərhələli həll planında tərəflərin razılaşdırdığı məqam bütün bu prinsiplərin işğal altında olan torpaqlara aid olmasıdır. Amma indi bu torpaqların bir qismi azad olunub deyə, bu prinsiplər həmin ərazilərə yox, məhz işğal altındakı başqa ərazilərə şamil olunur. Moskvanı da, İrəvanı da indiki halda ən çox qorxudan məhz bu məqamdır”.

Analitik hesab edir ki, digər tərəfdən Lavrovun bəyanatında yer alan başqa məqam sülhməramlılar məsələsi oldu:

"Rusiya bütün hallarda sülhməramlılarını Qarabağda saxlamaqla Azərbaycana az da olsa nəzarətini təmin etmək istəyir. Lakin buna cavab dərhal prezident səviyyəsində verilib. İlham Əliyev sülhməramlı məsələsinin Azərbaycan və Ermənistan tərəfindən həll edilməsi gərəkdiyini söyləməklə önəmli addım atıb. Belə ki, bu, gələcəkdə Qarabağa sülhməramlılar yerdiləcəksə belə, onun tərkibinin Rusiya yox, məhz bu iki ölkə tərəfindən müəyyən ediləcəyi deməkdir. Üstəlik, bu həm də tərəflərin hələ uzun müddət bununla bağlı razılaşmayacaqları anlamına da gəlir, yəni hələ uzun müddət razılaşma imzalamayacaq. Bakı heç bir halda rus əsgərini öz ərazisinə buraxmamağa və ya buraxmağa məcbur qoyulacağa halda belə bunun ən minimum səviyyədə etməyə çalışır. Lavrovun açıqlaması göstərir ki, Moskva Qafqazda öz təsirinin itməsiylə bağlı çox narahatdır və böyük zərbəyə məruz qoyulduğunu anlayıb”.

İlkin Həsənlinin fikrincə, bununla belə, Moskva Azərbaycana qarşı açıq sərt addımlar atmaqdan da çəkinir:

"Belə ki, Moskva bu halda Azərbaycanı əbədiyyən itirəcəyindən və Qafqaza yolunun tam bağlanacağından qorxur. Ona görə də Moskva müxtəlif vasitələrlə Ermənistanı dəstəkləməklə, yardımlar, hətta muzdlular göndərməklə yetinməli olur. Moskvanı Azərbaycana sərt hərəkətdən çəkindirən başqa amil isə Türkiyə faktorudur. Yəni, Azərbaycana təhdid yaradacağı halda Moskva Azərbaycan ərazisinə Türkiyə ordusunun gələcəyini və hətta burada Türkiyə bazasının açılacağını bilir. Bu isə Rusiyanın Azərbaycanda sonu deməkdir. Ən son olaraq isə Lavrovun müsahibə verdiyi jurnalistlər və radiolara nəzər yetirsəniz, onun əsas niyyətinin nə olduğunu görə bilərsiniz. Belə ki, bu radiolardan biri olan "Komsomolski Pravda” Azərbaycana qarşı açıq-aşkar qərəz nümayiş etdirir. Üstəlik, onun xüsusi müxbiri Aleksandr Kots hazırda Qarabağdadır və Azərbaycana qarşı məhz burada təhqiramiz və qərəzli informasiyalar paylaşır. "Sputnik”lə "Danışır Moskvaya” gəlincə isə bu iki orqan Rusiyanın imperial siyasətinin təbliğatını gerçəkləşdirməklə məşğuldur”.

 

 

İlkin Həsənli bildirib ki, Rusiya Azərbaycanı dayandırmaq üçün bütün vasitələrə cəhd edəcək:

"Amma bu, Azərbaycanın əvvəlki ona tabe olacağı və ya güzəştə gedəcəyi anlamına gəlməməlidir. Çünki artıq həm beynəlxalq şərtlər, həm də regional şərtlər tam Azərbaycanın xeyrinə dəyişib”.

Qeyd edək ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuata müsahibəsində "ilk mərhələdə, iki bölgə azad edilməli, bütün rabitə, iqtisadi əlaqələr, nəqliyyat əlaqələri açılmalıdır və sülhməramlılar yerləşdirməlidir ki, bu da hərbi əməliyyatların başlamamasına zəmanət verəcək”, - deyə qeyd edib.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar