Lavrovun repertuarı çox köhnəlib

15.10.2020 12:52     A-reaksiya     681

Rusiya Bakının mövqeyinə hörmət etmək məcburiyyətindədir. Əks təqdirdə, yaxın gələcəkdə Azərbaycan təhlükəsizlik konsepsiyasında dəyişiklik edəcək, bölgəyə Türkiyəni, hətta NATO-nu çağıracaq.
 
Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalistlər üçün geniş mətbuat konfransı keçirib. Lavrov Qarabağ münaqişəsi ilə bağlı rəsmi Moskvanın mövqeyini açıqlayıb. XİN rəhbəri bəyan edib ki, masada müzakirə edilən sənəd Dağlıq Qarabağın Ermənistanla etibarlı quru yol əlaqəsinin olmasına tam təminat verilməsi şərti ilə erməni ordusunun 5 rayondan çıxarılmasını nəzərdə tutur. Daha sonra Ermənistan Ordusu 2 rayondan çıxarılır və Dağlıq Qarabağın yekun statusu müəyyən olunur.

Bütün bu müddət ərzində bölgədə proseslər “sülhməramlılar” tərəfindən həyata keçiriləcək. Lavrov münaqişənin həlli üçün rusiyalı hərbi müşahidəçilərin regiona yerləşdirilməsini də təklif edib. Amma nazir bunun hər iki tərəfin razılığı ilə gerçəkləşə biləcəyini əlavə edib: “İndi son baş verən qanlı toqquşmalar danışıqlar prosesini sürətləndirməklə paralel təhlükəsizlik məsələlərini də həll etməyə imkan verəcək”.
 
O, həmçinin, Ankaranın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin Moskva tərəfindən qəbul edilmədiyini də əlavə edib. Rusiyanın baş diplomatı “Türkiyəni heç vaxt strateji tərəfdaşımız kimi təsnif etməmişik” deyib. Nazir erməni həmkarı Zohrab Mnatsakanyanla Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun qatıldığı 11 saatlıq Moskva danışıqlarını Vladimir Putinlə sıx əlaqədə apardığını vurğulayıb. 
 
 
Rusiya XİN başçısının ölkə ictimaiyyətində narazılığa səbəb olan açıqlamasını “Şərq”ə dəyərləndirən millət vəkili, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib ki, Lavrov bu cür bəyanatı ilə prezident Vladimir Putinin mövqeyinə qarşı çıxır. Deputatın sözlərinə görə, Putin birmənalı bildirdi ki, Moskvanın Ermənistan qarşısında öhdəliyi olsa da, müharibə ölkə sərhədləri daxilində getmədiyi üçün Kreml proseslərə müdaxilə etmək fikrində deyil:
 
 
“Azərbaycana bu cür müdaxilə yolverilməzdir. Suveren dövlət kimi istənilən ölkəni, o cümlədən Türkiyəni öz ərazimizə dəvət edə bilərik. Heç kim bu hüququ əlimizdən ala bilməz. Hazırda Rusiya prezidentinə ciddi təzyiqlər var. Erməni politoloqlar birbaşa efirdə Türkiyəni hədələyir. Deyirlər ki, “Ankara elə zənn etməsin ki, Rusiya proseslərdə bitərəf qalacaq”.
 
Ermənilər uydurma “muzdlular” mövzusunu ortaya ataraq Azərbaycana təzyiq edilməsini tələb edirlər. Qanmırlar ki, Rusiya rəsmi Bakının mövqeyinə zidd addım atsa, əleyhimizə çıxış etsə, yaxın gələcəkdə Azərbaycan təhlükəsizlik konsepsiyasında dəyişiklik edəcək, bölgəyə Türkiyəni, hətta NATO-nu çağıracaq”.   
 
Parlament üzvünün sözlərinə görə, Lavrovun açıqlamaları Prezident İlham Əliyevin bəyanatlarına da uyğun gəlmir:
 
“Dövlət başçısı dəfələrlə açıq şəkildə bəyan edib ki, Azərbaycan tərəfi Türkiyənin proseslərdə ciddi şəkildə iştirakının tərəfdarıdır. Rusiya XİN başçısı yaddan çıxarmasın ki, Türkiyə Minsk Qrupunun üzvüdür.
 
Ankara hökuməti tələb edir ki, həmsədrlər 30 il ərzində gördükləri işlə bağlı Minsk Qrupunun üzvlərinə hesabat versinlər. Lavrovun bu məsələdə cığallığı ortadadır.
 
Nə cür davransa da, “erməniliyini” gizlədə bilmir. Onun mövqeyi qətiyyən doğru deyil. Azərbaycan tərəfi Rusiya hərbiçilərinin bölgədə gözətçilik etməsini, “sülhməramlı” adı ilə yerləşməsini doğru hesab etmir.
 
O zaman biz də təklif edirik ki, Türkiyənin Silahlı Qüvvələri Azərbaycana gəlsin. Türkiyəni bu prosesdən kənar saxlamağa cəhd etmək qəbuledilməzdir”. 
 

Şərhlər