Ermənistan humanitar atəşkəsə də riayət etmədi və... - “Le Courrier de l’Atlas”

15.10.2020 13:19     A-reaksiya     714

Moskva görüşü göstərir ki, danışıqlar baza prinsipləri, yəni, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından tam, dərhal və qeyd-şərtsiz çıxarılması prinsipləri əsasında davam etdirilməlidir.
Münaqişədən əvvəl Qarabağda azərbaycanlı və ermənilərdən başqa, ruslar, yəhudilər və kürdlər də yaşayırdılar. Ermənistan Dağlıq Qarabağın bütün əhalisini bu bölgədən qovub çıxararaq beynəlxalq hüquqa zidd hərəkət etdilər.

Bu gün aydın məsələdir ki, münaqişə Ermənistan ilə Azərbaycan arasında gedir. Baza prinsiplərində sülhü təmin etmək üçün bölgədə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi maddəsi də yer alır. Lakin bununla bağlı indidən nəsə demək mümkün deyil.

Ordu.az xəbər verir ki, bu fikirləri Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Le Courrier de l’Atlas” portalına müsahibəsində deyib.

Diplomat bildirib ki, Moskvada humanitar atəşkəs razılaşmasından dərhal sonra Ermənistan Azərbaycanın ikinci böyük şəhəri Gəncənin mərkəzində çoxmərtəbəli yaşayış binalarına raket hücumu edərək onu pozdu. Nəticədə 10 mülki şəxs həlak oldu və çox sayda dinc sakin yaralandı. Ermənistan bununla həm də Cenevrə konvensiyalarını pozdu.

Silahlı qarşıdurmanın davam etdiyini, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın azad etdiyi kəndləri yenidən ələ keçirməyə çalışdığını bildirən R.Mustafayev Minsk qrupunun 30 il ərzində münaqişə ilə bağlı qənaətbəxş nəticə əldə edə bilmədiyini vurğulayıb.

Səfir Azərbaycan-Fransa münasibətlərinə də toxunub, ölkəmizin dünya dövlətləri, eləcə də qonşularla sıx əlaqələr saxlamasından söz açıb.

Fransa prezidenti Emmanuel Makronun ölkəmizi dəstəkləməsi ilə bağlı suala cavab verən səfir qeyd edib ki, o, öz mövqeyində beynəlxalq hüquqa əsaslanır. Qoşulmama Hərəkatına üzv ölkələrin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini diqqətə çatdıran diplomat ölkəmizə verdiyi dəstəyə görə Mərakeş Krallığının rəhbərliyinə təşəkkürünü bildirib. Vurğulayıb ki, bütün bunlar dünya ölkələrinin regionda baş verənləri daha aydın başa düşdüyünü sübut edir.

R.Mustafayev müsahibəsində Azərbaycanın beynəlxalq səviyyədə həyata keçirdiyi layihələrdən də bəhs edib.
 

Şərhlər

Çox oxunanlar