Türkiyədə silahsız dialoq baş tutacaqmı? - TƏHLİL
14.08.2015 18:57 A-reaksiya 2408
PKK nizamlanma prosesinin davam edə bilməsi Abdulla Öcalanın baş müzakirəçi kimi qəbul edilməsi və onun şərtlərinin yaxşılaşdırılmasını tələb edib.
PKK-nın xarici əlaqələr sözçüsü Demhat Agit bu tələblərin yerinə yetiriləcəyi halda, nizamlanma prosesinə davam edəcəklərini deyib.
2012-ci ildən müsbət dönüş ümidi ilə canlanan nizamlanma prosesi son bir ay ərzində “qırılma” dövrünü yaşayır. Türkiyədə silsilə terror aktları üzündən faktiki olaraq dondurulmuş nizamlanma prosesinin gələcəyi, necə bərpa olunacağı sual altında qalıb.
PKK və HDP tərəfi iddia edir ki, məhz Türkiyənin anti-terror əməliyyatları bu prosesə mane olub. Həmçinin 7 iyun seçkilərindən sonra ortaya müəyyən qədər siyasi güc qoymağı bacarmış HDP rəhbərliyi hakimiyyətə təzyiqlər etməyə və cəmiyyətdə bölücü xarakterli addımlar atmağa başladı. İlk rezonans parlamentin açılış mərasimində Türkiyə himninə hörmətsizlik oldu. HDP-nin qeyri-konkret siyasi xətti və nizamlanma prosesindən maksimum istifadə cəhdləri partiyaya olan ictimai etimadı da şübhə altına qoydu. Bəzi deputatların terrorçularla əlaqəsi və terrorçulara bəraət çabaları da bu istiqamətdə “vacib” rol oynadı.
Prosesdən istifadə arzusu anlaşılandır, lakin HDP-nin tələskinliyi və şantaj xarakterli davranışları ölkədəki vəziyyəti daha da çətinləşdirdi.
Digər tərəfdən, əgər HDP proseslərdə mühüm rol oynamaq istəyirsə, öz rolunu da konkretləşdirməli idi. Bir tərəfdən “siyasi məsələləri bizimlə danışın, silahlı qanada cavabdeh deyilik” demək, digər tərəfdən Kandildəki qruplaşma ilə sıx bağlara və onları müdafiə etmək – qətiyyən uyğun gəlmir.
Təkcə kürdlərdən yox, həm də solyönümlü qüvvələrdən dəstək alan HDP bir Türkiyə partiyası olaraq, türkiyəçilik prizmasından proseslərə təsir etmək və iddia etdiyi kimi “azlıqların da hüquqlarını qorumaq” üçün hansısa addımlar atmaq imkanı qazanmışdı.
Amma hazırda yaranmış vəziyyət çox absurddur. Bir tərəfdən siyasi mübarizədə, seçkilərdə iştirak edib ölkə parlamentində yer almaq... Digər tərəfdən də separatizmi və terroru dəstəkləmək.
Məsələyə nə qədər bitərəf yanaşsaq belə, burda dövlətdən güzəşt istəyənlərin də məhz rəsmi Ankaranın dediyi kimi silahdan əl çəkməsi lazım gələcək.
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu günlərdə bildirdi ki, Suriya kürdləri və PYD ilə hansısa ədavətləri, zərbə niyyətləri yoxdur: “PYD-nin İŞİD-lə mübarizəsinə dəstək vermişik,amma bu təşkilatın mövqeyində terroa aydın münasibət görmək istəyirik”.
Bu gün dövlət rıçaqları Ərdoğan və AKP-nin əlində cəmləşib. Bunu kimsə bəyənməsə belə, reallıqdır. Və reallıqla hesablaşmaq, terror və hücumlarla yox, dialoqla irəliləyişə varmaq mümkün olacaq.
PKK-nın prosesə zərbə vuran ilk addımlarından 37 gün keçir. Bu 37 gün ərzində əsgər, polis və mülki şəxslər də daxil olmaqla, 33 təhlükəsiz işçisi yaralanıb, 12 nəfər şəhid olub. Onlardan biri İran vətəndaşı olub.
İyulun 7-dən bəri 127 nəfər PKK terrorundan xəsarət alıb (onlardan 3-ü İran vətəndaşıdır). Bu müddətdə ölkə daxilində polis və jandarma tərəfindən xüsusi əməliyyatlarda 32 terrorçu öldürülüb, 8 terrorçu isə yaralı olaraqələ keçirilib. İyulun 24-dən bu günə kimi terror fəaliyyətində şübhəli bilinən 1744 nəfər saxlanılıb,onlardan 406-sı həbs olunub.
Türkiyə HHQ-nin zərbələri nəticəsində isə 390 terrorçu zərərsizləşdirilib, 150-si ağır yaralı olmaqla, 400 terrorçu yaralanıb.
Göründüyü kimi, bu rəqəmlər sonrakı günlərdə daha da arta bilər. Hər iki tərəflər can itkisi verə bilər, lakin prosesin gələcəyi daha da qaranlıq qalacaq və bu, kürdlərə heç bir müsbət nəticə vəd etmir.
Avropa və ABŞ-ın da PKK amilinə qeyri-müəyyən münasibətini nəzərə aldıqda, nizamlanma prosesinin uzun müddət öz “rels”inə düşməyəcəyi aydındır.
Lakin bir çıxış yolu var: o da müxtəlif siyasi dairələrin özlərində məhz siyasi iradə tapması və küçədə terrorla yox, danışıqlar masası arxasında dialoq yolu ilə kürdlərin gələcəyinə işıq salması...
İstər NATO-nun, istər ATƏT-in, istər Aİ-nin,istərsə də superdövlətlərin Türkiyədəki separatizm və terror amilini yetərincə pisləməməsi, bəzi hallarda isə dəstəkləməsi nəinki Türkiyənin və regionun gələcəyini, həm də bu dövlətlərin öz maraqlarını da şübhə altına qoyur.
Bunu isə Qərb ya anlamaqda, ya da özünü inandırmaqda çətinlik çəkir.
Şərhlər