“Ermənistan nə qədər silah-sursat alırsa alsın, əsla vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək”
20.10.2020 13:16 A-reaksiya 669
Tofiq Abbasov: “İşğalçıya silah satan dairələr onun indiki ağır vəziyyətindən sadəcə istifadə edir”
Məlum olduğu kimi, prezident İlham Əliyev öz müsahibələrində dəfələrlə bəzi qüvvələrin aktiv hərbi əməliyaytlar dönəmində belə işğalçı dövləti silahlandırdığını, hazırkı dönəmdə belə Ermənistana qaçaqmalçılıq yolu ilə çoxlu sayda silah-sursat daşındığını bildirib.
Moderator.az-a açıqlamasında məğlubiyyətə məhkum Ermənistanın Azərbaycan ordusu qarşısında heç bir şansı olmadığı halda belə sürətlə silahlanmaqda davam etdiyini şərh edən politoloq Tofiq Abbasov, məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Bütün bu hadisələr bir şeyi dəqiq göstərir ki, Ermənistan siyasi rəhbərliyi yanlış yoldadır. Ermənistanın məğlubiyyətə məhkumluğu aydın görünür və ortadadır. Amma işğalçı dövlət yenə də son əsgərə qədər vuruşacağını bildirir.
Mövcud situasiyadan istifadə etməyə çalışan mafioz qruplar, dəllallar, silah-sursatla alver edən korporasiyalar mövcuddur. Müharibə itkilərlə yanaşı, həm də kimlər üçünsə böyük qazanc deməkdir. Ermənistan o dərəcədə səhv yoldadır ki, indiki halda belə düzgün seçim edə bilmir. Prezident İlham Əliyev bəyan edir ki, əgər Ermənistan qoşunları çıxarmağa hazırdırsa, işğal edilmiş rayonları hansı tarixdə boşaldacağı ilə bağlı cədvəli versin, Azərbaycandan üzr istəsin, biz sülh danışıqlarına qayıdaq. Bu danışıqları pozan Ermənistandır. Lakin göründüyü kimi, Ermənistanın düşdüyü bu ağır vəziyyətdən öz maraqları üçün istifadə edən dairələr var. Burada hava daşımaları həyata keçirən şirkətlərin, silah qaçaqmalçılığı ilə məşğul olan qrupların, çirkli pulların yuyulmasını həyata keçirən qüvvələrin maraqları var. Bu proses sadaladığım dairələrə yaxşı qazanc gətirir. Yaxşı qazancdan kim qaçar ki?
Ermənistan indiki ağır vəziyyyətində belə öz səhv yolundan dönmür. Dönmür dönməsin. Kimə nə edəcək ki? Bu yolu tutub getmək yalnız Ermənistan üçün ağır nəticələrə səbəb olacaq.
Prezident İlham Əliyevin bəyanatları bütün dövlətlərə, maraqlı qüvvələrə bir mesajdır. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, baş verənlərə göz yumdunuz, işğalçıya dəstək verməklə onu məhvə sürüklədiniz. Hansı ki, Ermənistan indiki çətin mqəamda da öz səhvlərini təkrarlayır. Bununla da Ermənistan öz vəziyyətini daha da pisləşdirir. Ermənistanın uçuruma yolu açıqdır. Ermənistan nə qədər silah-sursat alırsa alsın, əsla vəziyyəti öz xeyrinə dəyişə bilməyəcək. Azərbaycan ordusu qarşısında heç bri qüvvə davam gətirə bilməz. Azərbaycan hökmən öz məqsədinə çatacaq və ərazi übtövlüyünü təmin edəcək”.
Şərhlər