Azərbaycan kapitalı Türkiyədən geri çəkilir? - TƏHLİL

15.08.2015 11:43     A-reaksiya     2572

SOCAR-ın törəmə şirkəti “SOCAR Turkey Energy” özünün “Petkim Holding”də olan 13 faizlik payını  1,3 milyard dollara ABŞ-ın  “Goldman Sachs International” şirkətinə satıb.

Goldman Sachs International  beləliklə “Petkim”in paylarının 8 faizinə sahib.  Bu sövdələşmədən sonra “Socar Turkey Energy”nin adı keçən neft-kimya şirkətində payları 47,68 faizə enib.

Lazım olacağı halda, İstanbul Fond Birjasında “SOCAR Turkey”in aksiyalarının yenidən satışa çıxarılacağı da istisna olunmur. Bu məsələ özlüyündə nə deyir? Azərbaycan kapitalı Türkiyədən çəkilir, yoxsa Türkiyədə gedən proseslər SOCAR-ı daha ehtiyatlı davranmağa vadar edir?

Ümumiyyətlə, “Petkim”in yeni payçıları barədə nə demək olar?

Reaksiya.Az-ın bu və digər suallarını cavablandıran enerji üzrə ekspert İlham Şaban bildirib ki, “SOCAR Türkiyədən geri çəkilir” demək tamamilə yanlış yanaşma olar.

“Burda sərmayə qoyulur ki, sonra mümkün vasitələrlə daha çox gəlir əldə olunsun. SOCAR “Petkim”in 50 faiz + 1 səhmini 2008-ci ildə 2 milyard 50 milyon ABŞ dollarına əldə etmişdi. Daha sonra isə bu payın həcmi artdı. Hazırda 13 faiz payın satılması hər hansı panika və ya qərar dəyişikliyinin olması mənasına gəlmir. Burda söhbət mənfəətdən və kommersiya maraqlarından gedir. SOCAR öz pay üstünlüyünü qoruyur və hətta 25 faiz də qalsa, operator kimi qalmağa davam edəcək. “Star Rafinery” isə tamam başqa layihədir və SOCAR həmin layihədə 100 faiz payla üstünlüyünü qoruyur. Bu layihə də yetərincə perspektivlidir və SOCAR burdan da mənfəət əldə edə bilər”, - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, SOCAR bir ölkədən götürdüyü mənfəəti başqa ölkəyə, bir layihədən əldə etdiyi qazancı başqa bir layihəyə yönləndirə bilər: “Burda hansısa mənfi nüans axtarmağa gərək yoxdur. STATOİL “Şahdəniz”dəki payını 2 milyard ABŞ dollarına satdı, halbuki onun qoyduğu sərmayə 1,2 milyard dollar idi. Həmin şirkət sadəcə payını satıb əlavə kapital əlavə etdi. Buna normal kommersiya əməliyyatı kimi baxmaq lazımdır”.

İlham Şaban əlavə edib ki, Türkiyədəki proseslər Azərbaycan kapitalı üçün təhdid daşımır: “SOCAR üçün Türkiyədə böyük perspektivlər var. Düzdür, keçən ildən Yaxın Şərqdə baş verənlər dünya neft bazarına təsir edib, amma Türkiyənin şərqindəki hadisələr Azərbaycan kapitalına ciddi təsir etməyəcək. Bu yaxında Sarıqamışda Bakı-Ərzurum-Neft kəməri partladıldı, amma o kəmərə qaz ayın 20-dən sonra buraxılacaq və həmin kəmər partlayış vaxtı fəaliyyətsiz idi. Bizim iştirak etdiyimiz böyük layihələr əsasən Türkiyənin şimalından keç ir”.

Ekspertin sözlərinə görə, SOCAR-ın sərmayə yatırdığı layihələr əsasən Türkiyənin qərbində yerləşir: “Və sabitlik baxımından yaxın gələcəkdə ciddi təhdidlər olacağı, bunun da iqtisadi maraqlara təsir edəcəyi ehtimalı zəifdir”.

Şərhlər

Çox oxunanlar