Ermənistanın terror siyasətini bütün dünya bilməli və... - Millət vəkili
02.11.2020 21:50 A-reaksiya 834
Ermənilərin hazırda obyektiv informasiya yayan ayrı-ayrı televiziya, qəzet və digər media qrumlarına qarşı istifadə etdikləri təzyiq və təhdidlər erməni terrorunu informasiya müstəvisində də tətbiq etmələridir.
Bu sözləri Reaksiya.az-a millət vəkili Hikmət Babaoğlu deyib. O bildirib ki, Ermənistan dövləti, işğalçı ordusu necə terror aktları törədirsə, elə erməni lobbisi də informasiya müstəvisində bu terrorun davamını həyata keçirir:
“Qərbi Avropanın ən nəhəng ölkələrindən biri olan Fransanın TF1 telekanalının müxbirinin ASALA terror təşkilatının üzvü olan Papazyan tərəfindən ölümlə hədələnməsi əslində, bir daha erməni terrorunun bu gün nə dərəcədə aqressiv olduğunu bütün dünyaya nümayiş etdirir. Bütün dünya bir daha aydın dərk edir ki, Azərbaycan əslində kimlərlə, necə bir işğalçı ölkə ilə, terroru mənimsəmiş və xislətində, hərəkətlərində onu hər addım başı nümayiş etdirən terrorçu birləşmələrlə üz-üzədir”.
Millət vəkili bildirib ki, “New York Times” qəzetində dərc olunan obyektiv yazıya görə erməni lobbisinin ABŞ-da həyata keçirdikləri də terrorçuluqdur:
“Ondan bir qədər əvvəl ABŞ-ın ayrı-ayrı ştatlarında yol kəsərək, ictimai qaydaları pozaraq, yerli hakimiyyət orqanlarına təzyiq etməyə çalışan erməni lobbisinin üzvləri də etdikləri hərəkətlə yenə terrorçu olduqlarını nümayiş etdirirlər. Çünki ictimai asayışı pozmaq, güc tətbiq etmək terrorizmdir. Ona görə də nəhayət Qərb dərk etməlidir ki, əgər doğrudan da sivil davranış, Avropa dəyərləri, insan hüquqları alidirsə, o zaman mütləq ona qarşı çıxan terrorçular cəzalandırılmalıdır. İnformasiya müstəvisində terror törədənlər, qonşu ölkələrə qarşı terror həyata keçirənlər mütləq cəzalandırılmalıdır. Nəhayət, söz və mətbuat azadlığına qarşı terror hədəsi ilə çıxış edənlər mütləq öz layiq olduqları cəzanı almalıdır. Əminəm ki, hazırkı informasiya müharibəsi kontekstində Azərbaycan erməni terrorizmini dünyaya yenidən tanıdır və dünya yenidən erməni terrorçularını tanımalıdır”.
Şərhlər