Bundan sonra Rusiya Ermənistana silah verməyəcək və... - POLİTOLOQ AÇIQLADI
06.11.2020 16:40 A-reaksiya 2900
“Ermənistan siyasi rəhbərliyi ilə mümkün danışıqlar prosesinin keçirilməməsi baş nazir Nikol Paşinyanın sərgilədiyi qeyri-konstruktiv mövqeyə əsaslanır”.
Reaksiya.az Publika.az istinadən xəbər verir ki bunu Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinin verdiyi müsahibəyə münasibətini ifadə edən politoloq Məhəmməd Əsədullazadə deyib.
O qeyd edib ki, hərbi əməliyyatların intensiv şəkildə davam etdiyi halda, danışıqlarda heç bir şərt qəbul olmadan atəşkəsin əldə edilməsi Ermənistanın maraqlarına uyğundur: “Məhz bu kontekstdə Prezident İlham Əliyev Pasinyanla görüşə ehtiyac olmadığını və belə bir danışıqların mənasız olduğunu qeyd etdi”.
M.Əsədullzadənin fikrincə, əgər, belə bir danışıqlar baş tutarsa, Paşinyanın yenə də əvvəlki mövqeyini davam etdirəcəyi istisna deyil: “Hazırda Azərbaycan və Ermənistan arasında Qarabağ məsələsində siyasi həll variantı mümkün deyil. Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan da Qarabağın Azərbaycanın tərkibində olmayacağını vurğulamaqla, bütövlükdə Bakı üçün Yerevanla hər hansı bir diplomatik danışıqlar təmasını mümkünsüz edir. ATƏT-in Minsk qrupunun həmsədrləri isə bu prosesdə Azərbaycana qarşı mövqe ortaya qoyaraq atəşkəsə çağırır. Halbuki, həmsədrlər ilk növbədə, işğalçı ölkəyə çağırış edib, ordusunu işğal olunmuş ərazilərdən çıxarılmasına çalışmalıdır”.
“Humanitar atəşkəslə bağlı Moskvada və Vaşinqtonda keçirilən görüş məhz Azərbaycana təzyiq vasitəsi idi. Aparılan bu danışıqlar birbaşa Azərbaycanın əlheyhinə işləyirdi. Minsk qrupunun həmsədrləri növbəti həll variantları hazırlayıb, Qarabağa növbəti dəfə “aralıq status” təklifini irəli sürməklə, tərəfləri bir araya gətirməyi planlayır. Bu istiqamətdə çalışırlar və baza prinsiplərindən fərqli həll variantı masaya gətirilməsi gözlənilir. Məqsəd Azərbaycan qoşunlarını Şuşa, Hadrut və Xocavənddən çıxarmaqdır. Aparılan bütün danışıqlar Qarabağa Azərbaycanın tərkibində olmayan bir status verməkdir”, - deyə politoloq əlavə edib.
Azərbaycan hazırda qələbəyə çox yaxın olduğunu vurğulayan Əsədullazadə bildirib ki, Şuşanın götürülməsi və Laçın yolunun bağlanması ilə Azərbaycanın Ermənistan üzərində, həmçinin Minsk qrupunun üzərində qələbəsi olacaq: “Amma Ermənistan tərəfi Azərbaycanın dövlət sərhədlərində provakasiya edərək, gərginliyi davam etdirəcək”.
Minsk qrupu formatının fiaskoya uğradığını hesab edən politoloqun fikrincə, Ermənistanla bundan sonra, Qarabağ danışıqlarının kecirilməsi, hər hansı bir güzəşt edilməsi Azərbaycana zərbə deməkdir: “Azərbaycan və Ermənistanla yalnız dövlət sərhədinddə atəşkəs rejiminin bərpa edilməsi üzrə danışıqlar keçirilə bilər. Məhz bu aspektdə rəsmi Bakı danışıqlara getməlidir. Prezident İlham Əliyev də Ermənistana hər hansı bir güzəştə heç vaxt maraqlı olmayacaq”.
M.Əsədullazadə düşünür ki, Türkiyənin regionda olması və burada yeni siyasi nizamın formalaşması Qarabağda ermənilərə “muxtariyyət” və “aralıq statusunun” verilməsini istisna edir: “Döyüş əməliyyatlarının davam etməsi, siyasi həll variantlarının olmadığını göstərir. Baş verənlər Ermənistanın siyasətinin təzahürüdür”.
Politoloqun sözlərinə görə, bundan sonra Rusiya tərəfindən Ermənistanın havadan müdafiə, artilleriya və raket sistemlərinin verilməsi dayandırılacaq: “Bu silahlar Ermənistana məhz Qarabağ məsələsində hərbi pariteti saxlamaq üçün verilirdi. Artıq Ermənistan yalnız pul müqabilində belə bir silahlar ala bilər. Belə bir büdcə Ermənistanda olmayacaq. Azərbaycan da daima qeyd edib ki, Ermənistan ərazisinə qarşı hər hansı bir hərbi əməliyyatlarda maraqlı deyil. Ermənistan regionda artıq hərbi balansı pozulmuş, yalnız atıcı silahlarla silahlanmış bir orduya sahib olacaq. Bununla da Ermənistan Azərbaycan və Türkiyə arasında zəif bir Rusiyanin forpostu olaraq mövcudluğunu qorumağa çalışacaq. Ermənistanın Qərbə inteqrasiyası isə yaxın perspektivdə mümkün görünmür. Artıq Qarabağ müharibəsi Rusiya-Ermənistan hərbi müttəfiqliyinə də zərbə vuraraq, bu ölkənin gələcək perspektivdə müasir silahlanmasının üstündən xətt çəkdi”.
Şərhlər