Dollarla avronun İraqdakı qarşıdurması - TƏHLİL

15.08.2015 14:52     A-reaksiya     2744

Dollar nə ilə təmin olunur? Əlbəttə ki, neftlə. Bu “səssiz” dollar-neft alyansı 1971-ci ildə Smitson sazişi ilə formalaşıb, həmin vaxtdan isə Amerika valyutası qızıl asılılığından xilas olub. Həmin vaxt ABŞ dollarını alman markası “qovurdu”, döyçmarkanın bahalaşması isə ABŞ prezidenti Riçard Niksonu milli valyutanın möhkəmliyi barədə düşünməyə vadar etdi.

Problemin həlli üzdə idi: 1973-cü ildə ABŞ Saudiyyə Ərəbistanı ilə taktiki dollar alyansına girdi. Vaşinqton krallığın təhlükəsizliyini qorumağı, silah və hərbi məsləhətçilərlə təmin etməyi öhdəsinə götürdü, əvəzində isə Ər-Riyad xarici ticarət əməliyyatlarında ABŞ dollarından istifadə etməyi öhdəsinə götürdü.

Bir il sonra isə iki dövlət arasında müvafiq saziş imzalandı. Bu sazişin hər hərfini ABŞ-ın o vaxtkı dövlət katibi Henri Kissincer diqqətlə işləmişdi. Beləliklə, dünyaya “petrodollar” (neft dolları) gəldi ki, onun da haqqında sonradan Corctaun Universitetinin professoru İbraim Oveiss yazacaqdı.

Tarixi nöqteyi-nəzərdən Amerika rəhbərliyi 1945-ci ildə prezident Franklin Ruzveltlə Səudi kralı Abdel-Aziz bin Saud arasında imzalanmış sazişi əlavələrlə yenilədi və yaxud tamamladı. Həmin sazişə görə, Səudiyyə Ərəbistanı öz ərazisində ABŞ-a neftin hasilatı, emalı və alqısına dair ekslüziv hüquq verdi (təhlükəsizliyi qorumaq əvəzində).

Paradoks onda idi ki, Vaşinqton və Ər-Riyad arasındakı neft ittifaqının tamamilə formalaşması Ərəb-İsrail müharibəsinin qızğın dövrünə, 1973-cü ilin oktyabrına təsadüf etdi. Həmin vaxt ərəblər ABŞ-a embarqo elan etmişdilər. 1975-ci ilə doğru ABŞ digər OPEK ölkələrini də inandıra bildi. Ağ Evin İran Körfəzindəki sünni monarxiyalarla danışıqlara bu qədər ciddi yanaşması məhz onların Avropa ölkələri ilə oyun oynamasına (gah məhdudiyyətləri yumşaltma, gah da tamamilə aradan qaldırma yolu ilə) görə idi. Bu “oyunlar” Atlantik Okeanın qərb sahillərində “maraqla” qarşılanırdı.

ABŞ-ın Çinlə bağlı siyasətini biranlıq nəzərə almasaq, Amerika-Avropa münasibətləri hakimiyyət uğrunda qlobal mübarizənin əsas cəbhəsidir.

Ekspertlər və siyasi şərhçilər proseslərə “soyuq müharibə” dövrü prizmasından yanaşmağı və “Köhnə dünyanı” qorunan, himayədə olan faktor kimi təqdim etməyi adət ediblər, lakin reallıq heç də belə deyil.

Söhbət Yaxın və Orta Şərqdəki vəziyyətin pisləşməsi anlarında ortaya çıxan bir çox dəyişik məqamlardan gedir. 2000-ci ilin sentyabrında, hələ ABŞ İraqa soxulmamışdan, Səddam Hüseyn neft ticarətində avroya keçdiyini bəyan etmişdi.

Müharibə çarxının işə düşməsi üçün tam 1 il lazım oldu.
2000-ci ilin noyabrında Bağdad BMT-dən avroya transaksiyaya icazə aldı. “Ərzaq əvəzinə neft” adlanan qalmaqallı proqramda hesablama avro ilə getməyə başlamışdı. “Radio Free Europe” (Azadlıq Radiosu) o zaman bu hadisəni belə şərh edirdi: “Səddam Hüseyn neft ticarətində dollardan avroya keçdi ki, ABŞ-ın sərt sanksiya siyaətini zərərsizləşdirsin və Brüsseli Vaşinqtona təzyiq göstərməyə vadar etsin”.

Bağdad valyutadəyişmə əməliyyatlarında böyük pullar itirsə də, müqavimət göstərməyə davam edirdi. Maraqlıdır, deyilmi?

Analitik Cefri Hyord “Globalpolicy.org” saytına müsahibəsində (2003-cü ilin martında – işğala bir neçə gün qalmış) müharibənin sirrini açmışdı: “İraq Amerika-Avropa qarşıdurmasının platsdarmıdır. Müharibənin əsas səbəi gizlədilir,lakin çox sadədir. Müharibə neftin satılacağı valyuta ətrafında gedir. Əgər Amerikalılar İraqa girsələr, avro sıxışdırılacaq, ABŞ dolları isə dünyanın dominant iqtisadi gücü kimi möqveyini möhkəmləndirəcək”.

Sadə və aydın!

Avropa İttifaqı yeni valyutanı dövriyyəyə 1999-cu ilin yanvarında buraxdı. BMT-nin İraqa bu icazəni verməsişübhəli görünsə də, dünyanın neft təchizatında 5 faizlik payı olan İraqın ixracatı dayandırmaq təhdidi ilə çıxış etməsi Nyu-Yorku güzəştə getməyə vadar etdi. Rəsmi versiyaya görə, BMT rəhbərliyi İraq diktatorunu qızışdırmaq istəmədi. Beynəlxalq rəsmilər o qədər həyəcanlanmışdılar ki, Səddam Hüseynə hər bareldə 10 sent endirim etməyi təklif etdilər – valyutadəyişmə zamanı alıcıların “dizkomfort” hiss etməməsi üçün.

İraqın iqtisadi siyasəti Almaniya və Fransanı qane edirdi, çünki yeni valyuta qəfildən beynəlxalq əhəmiyyət qazanmağa başlamışdı.

Liviya lideri Muammar Qəddafi də 2009-cu ildə Afrika İttifaqının sədri seçilərkən vahid qitə valyutası yaratmağı, onu qızılla möhkəmlətməyi təklif etmişdi.

Avropanın bir sıra ölkələrini bürüyən iqtisadi böhran Avropa Mərkəzi Bankını ciddi addımlar atmağa vadar edib. Lakin yenə də, “Yeni dünya”nın hegemonluğu qarşısında “Köhnə dünya”nın müqavimətləri zəif görünür. Yunanıstandan sonra “böhran”a ən çox namizəd olan ölkə kimi başqa bir “antik mədəniyyət ölkəsi” - İtaliya yada düşür.

Fransua Ollandın “Avrozona ölkələrinin vahid büdcəsini və parlamentini yaratmaq” təklifi ABŞ-da xoş qarşılanmır. Olland Avropa İttifaqının daha güclü və təmərküzləşmiş federasiyaya çevrilməsini istəyir və onun fikrincə, əks təqdirdə bu ittifaq dağılacaq.

ABŞ isə Çindəki devalvasiyadan sonra öz mövqeyini daha da möhkəmlətdi, Çinlə ticarət dövriyyəsini 9,3 faiz artırsa da, dolların möhkəmlənməsini təmin etdi.Ən əsası, avro və yena Çində sıxışdırılmış oldu.

Bununla belə, “maliyyə müharibəsi” davam edir. İstər ŞƏT, istər BRİCS, istər Avropa İttifaqı ABŞ valyutasının yaratdığı “maliyyə imperiyası”nı süquta uğrada bilmir.

Görünür ki, vəziyyətdən çıxış üçün yeni yollar axtarmaq lazımdır, lakin Avropa İttifaqı ABŞ-la açıq münaqişəyə getməyə ürək edəcəkmi?

Yoxsa, İraqda olduğu kimi, növbəti məğlubiyyəti kənardan seyr edəcək?..

Ukrayna böhranındakı gərginlik və nəticəsizlik də Aİ-ni haldan salıb. İstər Berlin, istər Paris, istərsə də Brüssel Moskva ilə dialoqlara meyilli görünür və təzyiqlərin nəticə verməyəcəyini anlamağa başlayıblar.

Lakin Amerikanın vəziyyətə nəzarəti onların əl-qolunu bağlamış olub. Bunu Vaşinqton da başa düşür, nəsə edəcəyinə söz verir,sadəcə daha çox səbirli olmaq çağırışları, daha çox vədlər ilə...

Şərhlər

Çox oxunanlar