ATƏT-in Minsk qrupunun bu gündən sonrakı fəaliyyəti necə olacaq? - AÇIQLAMA

11.11.2020 19:36     A-reaksiya     989

ATƏT-in Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac yoxdur. Həmçinin, tərəflərdən biri imtina etdikdə onların fəaliyyətinin davam etdirilməsi mümkün olmur. Ermənistanın da gələcək üçün bunu istəyəcəyini zənn etmirəm.

Bu sözləri Reaksiya.az-a politoloq Qabil Hüseynli deyib. O, Qarabağ münaqişəsində ATƏT-in Minsk qrupu öz funksiyasını yerinə yetirə bilmədiyini bildirib:

“Zənnimcə, ATƏT-in Minsk qrupuna gərək duyulmur. Yeni proseslər meydana gəlməkdədir. Bu prosesləri Rusiya ilə Türkiyə birlikdə aparmalıdır. Rusiya Türkiyəni yarıyolda qoymasa, proses başqa yöndə inkişaf edəcək. BMT mandatı ATƏT-ə verib. Bütün bu məsələlər BMT və ATƏT səviyyəsində razılaşdırılmalıdır. Sülhyaratma prosesinin hansı siyasi çərçivədə bağlanacağı, hansı dövlətlər tərəfindən aparılacağı müəyyənləşməlidir. Amma görünən odur ki, Rusiya və Azərbaycan ATƏT-in Minsk qrupunun fəaliyyətini istəmir. Onun irəli sürdüyü prinsiplərin həyata keçməsini istəmir. Ermənistanın bununla bağlı nə istədiyi hələlik məlum deyil”.

Politoloq Azərbaycan Türkiyənin sülhyaratma prosesinə qoşulmasını istədiyini bildirib:

"Azərbaycan əsasən də Türkiyənin sülhyaratma prosesinə rəhbərlik etməsini istəyir. Hər dövlətin maraqlarını bir güclü dövlət müdafiə edir. Hələki statusu müəyyənləşməmiş belə bir çərçivə, yəni təxmini həlletmə variantı, onun formulası gündəmdədir”.

Nübar Lətifli \ Reaksiya.az

 

 

Şərhlər

Çox oxunanlar