Azərbaycan Ermənistana qarşı ən güclü təzyiq alətini işə sala bilər

13.11.2020 16:07     A-reaksiya     913

Azərbaycanın işğal olunmuş ərazilərə dəyən zərərə görə Ermənistandan kompensasiya tələb etməsi düşmən ölkədə narahatlığa səbəb olub. Belə ki,  Ermənistanın keçmiş baş prokuroru Qevork Kostanyan Nikol Paşinyan hakimiyyətini sərt tənqid etməklə yanaşı, təzminat məsələsi ilə bağlı da mühüm məqamı da açıqlayıb.
 
"Paşinyan noyabrın 10-da məlum sənədi imzalamaqla Ermənistanın qaytarılan rayonlardakı vəziyyətə görə məsuliyyət daşıdığını təsdiqləyib” deyə keçmiş baş prokuror qeyd edib.
 
Politoloq Xaqani Cəfərli Qaynarinfo-ya açıqlamasında Azərbaycanın təzminat məsələsindən Ermənistana qarşı ciddi şəkildə istifadə etməli olduğunu bildirib: 
 
 
"Azərbaycan kompensasiya məsələsinə ciddi yanaşmalı və beynəlxalq hüququn perspendtlərindən yararlanmalıdır. Ən azından diplomatik masada Azərbaycan bundan istifadə edib mövqeyini gücləndirəcək. Aydındır ki, Ermənistan vurulan ziyana görə kompensasiya ödəyə bilməyəcək. Amma bunun əvəzində müəyyən güzəştlər ala bilər”.
 
Xaqani Cəfərlinin sözlərinə görə, Ermənistanın münaqişədə tərəf kimi iştirak etməsi bir çox beynəlxalq sənəddə əksini tapdığı üçün kompensasiya məsələsindən yayınmaq cəhdləri faktiki olaraq mümkün deyil: 
 
"Ona görə də ermənilər bu məsələni Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsində birdəfəlik həll etməyə çalışacaq. Amma rəsmi Bakı maraqlarına uyğun güzəştlər əldə etmək üçün təzminat məsələsindən maksimum istifadə etməlidir. Bununla yanaşı, Azərbaycan vətəndaşları da Ermənistana qarşı beynəlxalq məhkəmələrdə iddialar qaldıra bilər”.
 
Hüquqşünas Fərhad Mehdiyev də hesab edir ki, Ermənistanın kompensasiya məsələsindən yayınması mümkün deyil: 
 
 
"Ermənistan 10 noybar bəyannaməsini imzalamaqla beynəlxalq hüququ pozduğunu təsdiqləmiş oldu. Beynəlxalq hüquqda da kompensasiya məsələsi çox aydın şəkildə təsbit olunub. Təcrübələr göstərir ki, dövlətlər kompensasiya məsələsində adətən beynəlxalq məhkəmələr müraciət etmirlər və məsələni öz aralarında həll edirlər. Kapitulyasiya eləmiş dövlətlə imzalanan sülh müqavilələrində təzminat məsələsi öz əksini tapır. Adətən kompensasiya məsələsi diplomatiyada "kozır” kimi istifadə olunur. Azərbaycan da bu imkandan istifadə edəcəyi şübhə doğurmur. İndiki stuasiyada Ermənistan ancaq Azərbaycan imtina eləyəcəyi halda təziminatdan yayına bilər. Bunun üçünsə Ermənistandan müəyyən tələbləri ola bilər. Məsələn, Azərbaycan üçün indi çox vacibdir ki, ərazi bütövlüyü Ermənistan tərəfdən tanınsın. Bununla Azərbaycan gələcəkdə Qarabağ məsələsində ortaya çıxa biləcək təhlükələri sığortalaya bilər. Həmçinin, başqa məsələlərdə Ermənistanın suveren hüquqlarından geri çəkilməsinə də nail olmaq mümkündür”.
 

Şərhlər