Ağ Evin yeni kursu - - "Barışıq" siyasəti nə vəd edir?

15.08.2015 16:56     A-reaksiya     2617

Ötən gün ABŞ dövlət katibi Con Kerri Kubada yeni açılan ABŞ səfirliyinin açılışında iştirak etdi və həmin mərasimdə Havanada ABŞ bayrağı dalğalandı. Bu, ABŞ-Kuba münasibətlərindəki 54 illik soyuqluğun başa çatması və diplomatik münasibətlərin bərpası deməkdir.

ABŞ öz kiçik qonşusu ilə artıq “düşmən dilində” danışmır və “SSRİ-nin Amerika qitəsindəki varisi” ilə dostlaşmaq arzusundadır.

Açılış mərasimində çıxış edən Kerri bunun “həqiqətən də əlamətdar hadisə olduğunu” deyib və köhnə maneələrin artıq geridə qaldığını, yeni imkanların açıldığını vurğulayıb. 1945-ci ildən bəri Kubaya rəsmi səfərlə gələn ilk ABŞ dövlət katibi olduğunu xatırladan Con Kerri etiraf edib ki, Havanadakı səfirlikdə özünü “evdəki kimi” hiss edir. O, ABŞ prezidenti Barak Obama və Kuba lideri Raul Kastronun “soyuq müharibə”nin dərinləşməsi vaxtı donmuş münasibətləri bərpa etmək qərarı verməsini alqışladığını bildirib: “Prezident Obama və prezident Kastro tarixin əsirləri olmamaq və bu günün, sabahın açdığı imkanları  dəyərləndirmək üçün bariz iradə göstəriblər”.

Havanada Kerrini üç konqresmen və 1961-ci ildə bayrağın endirilməsi mərasimində iştirak etmiş üç keçmiş dəniz piyadası – Larri Morris, Mayk İst və Cim Treysi iştirak etdilər.

Kerri nə qədər nikbin danışsa da, yenə də qeyd edib ki, heç kim ani islahatlar gözləməməlidir: “Havanadakı liderlər də, Kuba xalqı da bilməlidir ki, ABŞ yenə də demokratiya və insan hüquqları istiqamətində çalışacaq”.

O, Kubada demokratiya pinsiplərinin köklənməsi üçün sosialist rejimə “çağırışlar edəcəklərini” vurğulayıb.

Hər halda, artıq bu “çağırışlar” ya dialoq və güzəştlər çərçivəsində olmalıdır. Əks tərqdirdə, münasibətlər yenidən şübhə altına düşə bilər. Ona görə də, Kerri hələ heç də hər şeyin yaxşı olmadığına diqqət çəkib.

Bu ilk baxışdan anlaşılandır, lakin Kerri daha səmimi ola və deyə bilərdi ki, “Konqres əl-qolumuzu bağlayıb”, həmçinin Kuba rəhbərliyi də asanlıqla təslim olmaq istəmir.

Çünki münasibətləri yaxşılaşdırmaq təklifi Obama administrasiyasından gəlib. Kuba ilə münasibətlərin yaxşılaşması həmçinin ispandilli amerikalılar tərəfindən demokratlara dəstəyin artacağına işarədir.

Obamanın miqrasiya siyasətində yumşaq mövqeyi, Meksika, Venesuela və digər Latın Amerikası ölkələri ilə daha münbit münasibətlər formalaşdırması həm də ABŞ demokratiyasının nüfuzunun dirçəlməsi deməkdir.

Belə ki, dünyaya liderlik edən ABŞ-ın Amerika qitəsindəki mövqeyi heç də yaxşı sayılmır və son illərdə, xüsusilə də Corc Buşun dövründə və Obamanın prezidentliyinin ilk illərində ABŞ-ın Mərkəzi və Cənubi Amerikadakı dayaqları zəifləyib.

Braziliyanın Rusiya, Çin, CAR və Hindistanla birgə BRİCS-i təsis etməsi, Argentinanın Rusiya ilə münasibətlərini daha da inkişaf etdirməsi demokratları dərindən düşünməyə vadar edir.

Maraqlıdır ki, Barak Obama hakimiyyətinin son bir ilində daha çox barışcıl açıqlamalarla yaddaq qalır və adətən bayramdan-bayrama çox eşitdiyimiz “küsənlər barışsın” çağırışı burda da yada düşür.

ABŞ rəhbərliyi son illərdə bir sıra fikir ayrılıqları və incikliklər yaşanılan Türkiyə ilə münasibətləri də yaxşılaşdırmaq qərarına gəlib və anti-terror əməliyyatlarında ABŞ-Türkiyə əməkdaşlığının fəallaşması buna nümunədir. İŞİD-ə qarşı mübarizədə Türkiyə amilinin əhəmiyyətini anlayan Obama administrasiyası Ankara ilə dil tapmağa çalışır, lakin PKK terroru ilə mübarizədə hələ konkret razılığın olmadığı hiss olunur. Bəzi ekspertlər isə əksini deyir: “Ankara PKK ilə bağlı Vaşintondan “söz” almasaydı, İŞİD-ə qarşı mübarizədə bu qədər fəallıq göstərməzdi”.

Belə ki, İŞİD-in güclənməsi Ankaranı heç də PKK-dan az narahat etmir və bu məsələdə Türkiyə ABŞ-dan da, Avropa ölkələrindən də sadəcə terrora yanaşmada fərq qoymamağı tələb edir.

ABŞ-ın Türkiyə ilə münasibətləri münaqişəli olmasa da, Ankara və Moskva arasındakı yaxınlaşma Vaşinqtonu vəziyyətə daha həssas yanaşmağa vadar edir. Bir çox Qərb ekspertləri Obamanın gedişindən əvvəl Türkiyədəki mövqeyini “refreş” etmək istədiyi və “itirilən xalları geri qaytarmaq” arzusunda olduğu fikrindədir.

Həmçinin İranla münasibətlər ətrafındakı son proseslər də “soyuq müharibədən çıxma çabaları” kimi yada düşə bilər.

Demokratların İranla iyul ayında imzalanan nüvə sazişini Konqresdən keçirmək və İsrailin də narahatlığına baxmayaraq Tehranla “körpü yaratmaq” cəhdləri ondan xəbər verir ki, demokratlar başa düşür  – artıq “müharibə üslubunda” danışmağın vaxtı çoxdan keçib.

ABŞ-ın daxilində də problemlər az deyil, “Amerika patriotizmi” əvvəlki kimi çılğın deyil, artıq vergi ödəyiciləri silahlara xərclənən pullar barədə daha çox suallar verirlər.

İŞİD-in mövcudluğu, Rusiya amili və “təhlükəli Putin” xofu müəyyən qədər hərbi büdcəni genişləndirməyə imkan versə də, indi ABŞ rəhbərliyinə müharibə aparmaq kiçik Corc Buşun dövründəki kimi asan başa gəlmir. Ümumiyyətlə, Obama ölkəsini təkbaşına hansısa müharibəyə itələməkdən ehtiyatlanır. Liviyada Qəddafinin devrilməsində ABŞ-ın böyük “zəhmət”i olsa da, bütün əməliyyatlar NATO çərçivəsində getdi və ABŞ Liviyaya təkbaşına girməyə cəsarət etmədi.

ABŞ ordusunun İraq və Əfqanıstandan çıxışı və ya qüvvələrin sayındakı azalma müəyyən qədər radikalların əl-qolunu açır, amma digər tərəfdən, öz hakimiyyətini itirməkdən qorxan ərəb monarxiyaları “Sem dayı”nın ətəklərindən bərk-bərk yapışıblar və neft satmaqdan qazandıqları pulların böyük qismini silah almağa, təhlükəsizliyi gücləndirməyə xərcləyirlər. ABŞ isə bu xidmətləri (hər şeyi öz qiymətinə) məmnuniyyətlə qarşılayır, ən azından növbəti müdaxilə üçün dayaq nöqtələrini qoruyur.

ABŞ-ın Şimali Koreya və Suriyaya baxışı da nisbətən dəyişib. Şimali Koreya tərəfindən vaxtaşırı səsləndirilən “müharibə bəyanatlarına” çox da məhəl qoymayan, bu ölkənin taleyini “zamanın axarına buraxan” ABŞ hazırda Suriya problemini həll etməyə çalışır.

Artıq Bəşər Əsədin getməsi tələbinin də gündəmdən çıxması ilə bağlı şayiələr yetərincə əsaslı görünür. Çünki Əsədin müvəqqəti və simvolik olaraq hakimiyyətdə qalmasına razılıq Vaşinqtonun Tehran və Moskva ilə dialoqlarında yeganə təkanverici faktor ola bilər. Və bu dialoqun da tezliklə baş tutacağı istisna olunmur. Əgər Moskva-Tehran-Vaşinqton-Ankara-Dəməşq əməkdaşlığı baş tutmasa, İŞİD və terror təhlükəsinin Suriyada və İraqda hələ çox davam edəcəyini demək çətin olmaz.

Həmçinin Rusiya və Çinin birgə addımlarından xofa düşən ABŞ bu iki supergüclə münasibətləri tənzimləməyə məhkumdur.

Sentyabrda Nyu-Yorkda Çin və ABŞ prezidentlərinin gözlənilən görüşü də münasibətlər üçün yeni imkanlar yaratmış olacaq.

Həm iqtisadi, həm də siyasi baxımdan Pekinlə hesablaşmaq artıq Vaşinqton üçün “qaçılmaz” həqiqətə çevrilib.

Çünki dünya siyasətində ancaq Avropa, İsrail və ərəb monarxiyalarının dəstəyinə əsaslanaraq Rusiya-Çin duetinə sinə gərmək çətin olacaq.

Müsəlman Şərqində öz dayaqlarını gücləndirmiş İran faktorunu da “duet”ə əlavə edib “trio” desək, o zaman Ağ Evin məsuliyyəti daha da artmış olur...

Şərhlər

Çox oxunanlar