“Ermənilər həmişəki kimi cığallıq edəcəklər...” - Tofiq Zülfüqarov

16.11.2020 12:27     A-reaksiya     734

Noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmaya görə, Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri noyabrın 15-də tam olaraq tərk etməli idilər.
 
Ancaq  ermənilərə ərazinin boşaldılması üçün verilən müddət uzadılıb. Belə ki, Ermənistan tərəfi  Kəlbəcərdən olan insanların çıxarılmasına görə 25 noyabra qədər vaxt istəyib.
 
Prezidentin köməkçisi Hikmət Hacıyev məsələ barədə bunları deyib:
 
“Azərbaycan tərəfi humanizmdən çıxış edərək, 25 noyabra qədər Azərbaycanın işğal olunmuş ərazisi olan Kəlbəcərdən ermənilərin çıxarılması ilə bağlı qərar qəbul edib”.
 
Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ermənilərin Kəlbəcərdən çıxarılmasına verilən müddəti şərh edib. O, Modern.az-a  bildirib ki, müddətin uzadılması texniki məsələdir:
 
“Hesab edirəm ki, müddətin uzadılması texniki məsələdir. Çünki ermənilər Şərqdən Qərbə doğru getməlidirlər. Ağdamdan çıxanlar da gərək Kəlbəcər zonasından keçsinlər. Ümumi Dağlıq Qarabağ zonasında təxminən 25 min texniki qüvvə var. Bu qüvvənin çıxarılması üçün məntiqlə Şərqdən Qərbə - yəni Ermənistana gedilməlidir. Kəlbəcərin boşaldılması öz yerində, gözləməliyik ki, Ağdamdan çıxanlar da gəlib Kəlbəcərdən keçsinlər. Bəyənata əsasən, onlar silahları yığıb ərazidən çıxmalıdır. Buna da müddət lazımdır. Bunların hamısı texniki məsələlərdir”.
 
Sabiq nazir ermənilərin əraziləri tərk edərkən həmin yerləri minalayacaqları barədə ehtimala da toxunub:
 
“Ərazilərin minalanmasını istisna etmirəm. Əvvəllər ermənilər deyirdi ki, bizim təhlükəsizliyimizi ordu və polislər təmin edir. İndi ordu da yola salınır və təhlükəsizliyi sülhməramlılar təmin edir”.
 
Tofiq Zülfüqarov üçtərəfli sazişdən sonra Rusiya sülhməramlılarının rəhbəri general Rüstəm Muradovun Qarabağdakı separatçıların başçısı Araik Arutunyanla görüşünün heç bir əhəmiyyət kəsb etmədiyini də qeyd edib:
 
“Ermənilər həmişəki kimi cığallıq edəcəklər. Amma reallığa nəzər salanda sülhməramlı qoşunların rəhbəri öndə gəlir. Eyni zamanda, əraziləri boşaltmaq üçün bu cür görüşlər ola bilər”.
 
Politoloq sosial şəbəkələrdəki bir xəbərə- sülhməramlılarla ermənilər arasında yaranan qarşıdurma bardədə informasiyaya toxunub:
 
“Bu barədə mənə də məlumatlar daxil olub. Ancaq heç bir rəsmi açıqlama yoxdur.  Sadəcə, bu məsələni dəqiqləşdirmək lazımdır. Bu cür toqquşmaların olmayacağını isə istisna etmirəm”.
 

Şərhlər

Çox oxunanlar