Azərbaycan qisası qiyamətə saxlamadı - Koçaryan-Sarqsyan ordusu məhv edildi
24.11.2020 17:59 A-reaksiya 1699
Ermənistanda hakimiyyət dəyişikliyi bir qayda olaraq etirazlarla müşayiət olunub.
1997-ci ildə Levon Ter-Petrosyan istefaya göndərilib, yerinə Robert Koçaryan gətirilib. Onun prezidentliyi dövründə 1998-ci il oktyabrın 27-də parlamentə silahlı hücum olub. Dövlət və hökumət adamları qətlə yetirilib.
2008-ci ilin fevralında keçirilən prezident seçkisinin nəticələrinə etiraz edənləri Koçaryan silahla qarşıladı. 10-dan çox aksiyaçı öldürüldü, çoxlu sayda etirazçı yaralandı. Onda prezidentin postu uğrunda mübarizə Serj Sarqsyanla Levon Ter-Petrosyan arasında getmişdi. Koçaryanın aksiyalara hərbi müdaxiləsi nəticəsində Sarqsyan qalib elan olundu.
2018-ci ildə yeni konstitusiyaya əsasən, Ermənistan prezident üsul-idarəsindən parlamentli respublikaya keçdi. Həmin vaxt Sarqsyan yeni qanunla baş nazir oldu. Ancaq etiraz aksiyaları fonunda onun hökumət başçılığı heç 30 gün sürmədi.
Başqa sözlə, ölkədə hakimiyyət dəyişikliyi 2018-ci ilin aprelində yenı etirazlarla müşayiət edildi.
Qısa xatırlatmadan məlum olur ki, bu ölkədə qanunun aliliyi heç vaxt təmin olunmayıb. Bu, Ermənistanda dövlət quruculuğunun olmadığının göstəricisidir.
Bu ölkənin bir-birini əvəzləyən rəhbərliyi bir qayda olaraq “Ermənistanın güclü, qüdrətli ordusunun” olduğunu bildirib, onun “qəhrəmanlıqlarından” danışıblar.
Koçaryanın, Sarqsyanın ordusu harada və hansı “qəhrəmanlığı” edib?
Təbii ki, onların “qəhrəmanlıqları” Rusiya ordusunun yardımı ilə Qarabağı işğaldan başlayır. 1992-ci il fevralın 26-da Ermənistan hərbçiləril Rusiyanın 366 motoatıcı sülhməramlı alayı ilə birlikdə Xocalı soyqırımını törədiblər.
Həmin vaxt ölkə prezidenti Ter-Petrosyan olsa da, Koçaryan və Sarqsyanın da bu hakimiyyətə təsir gücü az deyildi.
Qonşu dövlətin, yəni Azərbaycanın torpaqlarını işğal etməklə öyünən Ermənistan hakimiyyəti Qarabağda yalnız əliyalın dinc sakinləri qətlə yetirib.
Bunu Serj Sarqsyan da etiraf edib. Tomas de Valın müəllifi olduğu “Qara Bağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında” adlı kitabında S.Sarqisyanın dediklərinə istinadla yazılıb: “Xocalıdan əvvəl azərbaycanlılılar düşünürdülər ki, ermənilər mülki insanlara qarşı əl qaldıra bilməzlər. Amma biz bu stereotipi sındıra bildik” (Thomas de Waal, Black Garden: Armenia and Azerbaijan through Peace and War (New York and London, New York University Press, 2003), p. 172). Tomas de Val bu müsahibənin səs yazısına da malik olduğunu bildirib.
Sarqsyan və Koçaryan dinc sakinlərin qətliamının müəllifləri olaraq sonradan prezident kürsüsü ilə mükafatlandırıldılar.
Koçaryan erməniləri "ali irq" sayaraq müxtəlif tədbirlərdə azərbaycanlılarla müqayisədə mənsub olduğu etnik qrupun “genetik üstünlüklərindən” bəhs edib.
Ancaq faşist düşüncəli Koçaryan və Sarqsyanın heç bir qohumu son döyüşdə görünmədi. Qarabağa anasını yoxlamağa gəlməklə öyünən Sarqsyanın döyüşlər zamanı səsi də çıxmadı. Ümumiyyətlə, saqrsyanlar nəslindən kiminsə döyüşlərdə öldüyü bildirilmədi.
Elə Koçaryan ailəsi də səssizliyə üstünlük vermişdi. Döyüşlər zamanı Qarabağa Ermənistanın keçmiş müdafiə naziri, Xocalı qatillərindən biri, Seyran Ohanyanın gəldiyi bildirilirdi. Atəkəs elan olunan kimi onun da Ermənistandan müalicə adı ilə qaçdığı haqqında məlumat yayıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın keçmiş rəhbərlərinin İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndiklərini qeyd edərək deyib: “…biz Koçaryan, Sarkisyan ordusunu məhv etmişik. Biz Koçaryana, Sarkisyana qarşı qüdrətimizi göstərmişik. Biz onları məğlub etmişik. Paşinyan kimdir, mən indi onun haqqında danışmaq istəmirəm, nə lazımsa demişəm. Koçaryan, Sarkisyan, siz diz çökdünüz bizim qabağımızda, siz buranı, işğal edilmiş bütün torpaqları bax, bu günə saldınız. Siz bu məscidi dağıtdınız. İkinci Qarabağ müharibəsi dövründə qaçıb gizləndilər. Döyüş bölgəsinə burunlarını da belə soxa bilmədilər. Bəs, haradadır sizin qəhrəmanlığınız? Dedim ki, çıxarın dəmir-dümürləri, onun qiyməti yoxdur. Qəhrəman ordenləri taxmısınız döşünüzə. Yalançı qəhrəmandırlar bunlar. Bax, mən burada durmuşam, dağıtdığınız məscidin önündə, dağıtdığınız Ağdam şəhərində, öz ordumla buraya gəlmişəm. Qalib kimi gəlmişəm. Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız. Nə gizlənirsiniz orada siçan kimi?! Koçaryan, Sarkisyan, mən sizə deyirəm. Paşinyan heç kimdir. İndi onun dərdi, azarı hakimiyyətdə qalmaqdır. Buna görə də bütün müxalifəti tutdurur. Qərb də susur buna, susur, ağzına su alıb. Görmür ki, nələr baş verir orada?! Hərbi cinayətkarlar, Xocalı qatilləri, sizi məhv etmişik. Azərbaycan əsgəri, Azərbaycan zabiti sizi məhv edib. Əcəb də eləyib!”.
Azərbaycan ordusu Sarqsyanın qoşunlarının birinci dəfə dərsini 2016-cı ilin aprel döyüşlərində vermişdi. Azərbaycan əsgəri 44 günlük döyüşlərdə isə həmin ordunu məhv etdi.
Beləliklə, Azərbaycan ordusu işğalçını Qarabağdan qovmaqla yanaşı, Koçaryan və Sarqsyanın dövlət quruculuğu ilə məşğul olmadığını da sübut edib, onların iç üzünü erməni ictimaiyyətinə və sponsorlarına göstərdi. Bir də məlum oldu ki, Ermənistan ordusu dinc sakinlərə quldurcasına hücum edən silahlı dəstələrdən, “əsgər payını” oğurlayan generallardan ibarətdir.
Azərbaycan ordusu öz torpaqlarını işğalçı Ermənistandan, onu müdafiə edən sponsorlar və havadarlarından azad etdi. Azərbaycan əsgəri Xocalı və başqa kəndlərdə ermənilərin törətdikləri qətllərin cavabını verməklə qisası qiyamətə saxlamadı.
Şərhlər