Ermənistan təzminat əvəzində Zəngəzuru Azərbaycana qaytarmalıdır - Təklif
08.12.2020 09:50 A-reaksiya 1862
Ermənilərn 50 milyard nağılına sözardı; işğalçı ölkənin vurduğu ziyanın miqdarı yüz milyardlarla ölçülür
Azərbaycan dövləti Ermənistanın Qarabağda törətdiyi vandallıqları dünyaya çatdırmaq üçün əlindən gələni edir. Bu mənada diplomatik korpusun təmsilçilərinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin ardınca İtaliya parlamentinin üzvlərinin yer üzündən silinmiş Ağdam şəhərinə aparılması baş verən cinayətlərin təqdimatı baxımından növbəti vacib addımdır.
Parisdə oturub erməni terrorçular üçün yas tutan Fransa senatının üzvlərindən fərqli olaraq, italiyalı deputatlar erməni işğalçıların Ağdamda törətdikləri alçaqlıqlardan dəhşətə gəldiklərini elə hadisə yerində biruzə verdilər. Dövlət başçımızın dediyi kimi, Ermənistanın müharibə cinayətlərinin beynəlxalq aləmə çatdırılması istiqamətində aparılan işlər davam etdiriləcək. Bu işlər isə Azərbaycan dövlətinin Ermənistanı beynəlxalq məhkəməyə verməsi prosesində müstəsna əhəmiyyət kəsb edir. Biz əvvəlcə düşməni ifşa prosesini həyata keçirməli, sonrakı dönəmdə işğalçı ölkənin vurduğu zərərin hesablanmasına nail olmalı və ən nəhayət, Qarabağda daşı daş üstə qoymayan şərəfsiz düşmənə qarşı təzminat davası açmalıyıq.
Neçə gündür ki, Ermənistanın Azərbaycana vurduğu zərərdən danışılarkən bir rəqəmin üzərində dayanılır - 50 milyardın. Hələ beynəlxalq ekspertlərin iştirakı ilə yekun qiymətləndirmə işləri aparılmayıb, bu rəqəm hardan meydana çıxıb? Burada da erməni hiyləsi öz işini görüb. Xatırladaq ki, Ermənistanın keçmiş baş prokuroru və AİHM-dəki keçmiş nümayəndəsi Gevorg Kostanyan 10 noyabr kapitulyasiya sənədini şərh edərkən belə demişdi: “Bu sənədə görə, nəinki ərazilərimizi itirdik, həm də Ermənistan üzərinə bizim və gələcək nəsillərimizin ödəyəcəyi 50 milyard dollardan çox öhdəlik qoyulub”.
Erməni ekspertin 50 milyardlıq açıqlamasından sonra təəssüf ki, bizim bəzi şərhçilər də az qala sevincək halda ona istinad etməyə başladılar. Əslində bu rəqəm Ermənistanın 32 il (1988-2020) müddətində Azərbaycana vurduğu zərərlə müqayisədə çox kiçikdir.
İlkin hesablamalara görə, Ermənistanın təkcə Laçın rayonunu işğal etməsi nəticəsində Azərbaycana 7,1 mlrd. dollar ziyan dəyib. Azərbaycan Prezidenti bəyan etdi ki, Azərbaycan əsgərləri Füzuli rayonunda bayrağımızı asmaq üçün bir salamat bina, tikili tapa bilməyiblər. Təsəvvür edin, 1993-cü ildə demək olar ki, sağ-salamat Ermənistanın əlinə keçən şəhərdə bircə normal tikili saxlanılmayıb. Zəngilan, Cəbrayıl, Qubadlıda da vəziyyət eyni vəziyyətdir. Ağdam məlum, o boyda şəhər Ermənistan ordusu üçün təlim mərkəzi rolunu oynayırdı illər boyu. Bircə qoşa minarəli məscidi yarıuçuq vəziyyətdə saxlamışdılar, o da ətrafı videokameralarla izləməkdən ötrü. Ermənilər Kəlbəcər və Laçından cəhənnəm olanda da əllərindən gələn pislikləri etdilər, Azərbaycan əhalisinə məxsus evləri, məktəbləri, digər tikililərə od vurub yandırdılar dünyanın gözü qarşısında. Söhbət yüz minlərlə evdən, çoxlu sayda məktəblərdən, mədəniyyət obyektlərindən, tarixi abidələrdən gedir. Təkcə Qarabağdakı muzeylərdən daşınan qiymətli eksponatların dəyəri yüz milyonlarla ölçülür. Ermənilər qəbir daşlarımızı belə daşıyıb aparıblar bu illərdə. Kəlbəcərin, Zəngilanın qızılı, digər əlvan metalları, minerallarının, Zəngilanın çinar meşəsinin, digər qiymətli ağacların dəyərini hesablasaq, böyük rəqəm alınar.
Avropa İnsan Haqları Məhkəməsinin 16 iyun 2015-ci ildə qəbul edilmiş “Çıraqov və başqaları Ermənistana qarşı və ya Çıraqov və digərləri Ermənistana qarşı” qətnaməsini xatırlayaq. 2005-ci ildə Laçın rayon sakinlərinin işğalçı ölkəyə qarşı qaldırdığı iddiasında ərizəçilər maddi ziyana görə 808950 manatdan 2093050 manatadək məbləğlərin, altı ərizəçi üçün cəmi 8 386 600 manat məbləğinin ödənilməsini tələb etmişdilər. Bu məbləğ isə təqribən 7,9 milyon avro təşkil edirdi. Həmçinin onların hər biri mənəvi ziyana görə 50 min avro tələb etmişdilərr. AİHM təzminatla bağlı rəqəmləri kiçiltsə də, Ermənistana qarşı qətnamə qəbul etmişdi, ancaq bu günədək həmin tələb yerinə yetirilməyib. Öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin pozulan hüquqlarına görə İrəvan növbəti dəfə məhkəmə çarmıxına çəkilməlidir. Özü də kütləvi şəkildə. Hər vətəndaşımıza dəymiş zərər ayrıca hesablansa, Ermənistan dövləti “şalvarını” da satsa, borcu qaytara bilməz.
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşündə demişdi: “İşğaldan azad edilmiş torpaqların mənzərəsi onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var? İşğaldan azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar dağıdılıbdır - yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. Bu, vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq ekspertlər dəvət ediləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı hesablanacaq və biz - həm insanlar fərdi qaydada, eyni zamanda, mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab verirlər”.
Unutmayaq, bu, ermənilərin Azərbaycana qarşı ilk cinayətləri deyil. 1918-1920-ci illərdə erməni hərbi birləşmələrinin türk-müsəlman əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarla bağlı Fövqəladə Təhqiqat Komissiyasının tarixi araşdırmaları da arxivlərdə durur. 35 cildlik sənədlərdə göstərilib ki, təkcə Bakıda 11 mindən çox, Qubada 16 min, Şamaxıda 8 min insan qətlə yetirilib. Hələ Qarabağ, Qərbi Azərbaycan...Təkcə Bakı əhalisinə 400 milyon manat ziyan dəyib. 8 000, Şamaxı qəzasında isə 8 000-dən yuxarı azərbaycanlının qətlə yetirildiyi sübuta yetirilib. Qubanın 162 kəndi tamamilə məhv edilib. Qətlə yetirilənlərin 3 mindən çoxu yəhudilər olub. O vaxt 1 milyard ziyan vurulub Azərbaycana. Bütün bu faktlar da beynəlxalq məhkəmədə masaya qoyulmalıdır, həm də yəhudilərin dəstəyi ilə...
Qayıdaq 50 milyard söhbətinə...2017-ci ildə Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupu işğal nəticəsində dəymiş ziyanı hesablamışdı. Bildirilmişdi ki, Ermənistanın ölkəmizə vurduğu zərərin yekun məbləği 819,15 milyard dollar həcmindədir. Başqa sözlə, əhalinin tələf olma, sağlamlığın və normal yaşayış səviyyəsinin itirilməsi hesabına humanitar-mənəvi itkilər 140,4 milyard dollar, əmlakının məhv edilməsi nəticəsində əhaliyə dəymiş maddi zərər 7,4 milyard dollar, dövlətə sosial və iqtisadi sahələrdə dəymiş zərər 126,46 milyard dollar, ətraf mühit və təbii sərvətlər üzrə itkilər 244,42 milyard dollar, tarixi və mədəniyyət abidələrinə dəymiş zərər 177 milyard dollar, işğalla bağlı izafi hərbi xərclər, məhdudiyyətlər və itkilər 124,47 milyard dollardır. Üstündən illər keçəndən sonra bu məbləğ artmalıdır məntiqlə. Ermənistan ötən illərdə də torpaqlarımızı talayıb. İşğalçı ölkə özünün taxıl ehtiyatının yarısını Azərbaycan əraziləri hesabına təmin edib. Xarici şirkətlərlə birgə qanunsuz layihələr həyata keçirilib, bu barədə Ermənistanın rəsmi etirafları var. Bütün bu sərvətlər Azərbaycanın dövlət büdcəsindən gedib, vətəndaşının cibindən çıxarılıb. Azərbaycan dövləti 30 il ərzində qaçqın-köçkünlərə böyük miqdarda vəsaitlər xərcləyib, onların mənzil şəraitinin yaxşılaşdırılmasından tutmuş, digər ehtiyaclarınadək, bütün bu xərcləri Ermənistan geri qaytarmalıdır! Ermənistanın işğalı nəticəsində təkcə dəmiryolu təsərrüfatına, yol, su, elektrik enerjisi təsərrüfatına dəymiş zərər yüz milyionlarla ölçülür...
Ermənistanın işğalı nəticəsində Azərbaycanın minlərlə dinc sakini, hərbçisi şəhid olub, onların qanpulunu ödəməlidir işğalçı ölkə! 5 minə yaxın vətəndaşımız itkin düşüb, onların ailələrinə təzminat ödəməlidir İrəvan! Ermənistanın aprel müharibəsində və sonuncu Qarabağ savaşındakı təcavüzü Azərbaycanı böyük büdcə vəsaitləri xərcləməyə vadar edib. Ermənistan dinc yolla torpaqları azad etsə, bu qədər böyük miqdarda hərbi xərclər ayrılmazdı. Emənistan buna görə də cavab verməlidir beynəlxalq məhkəmədə! Müharibə Azərbaycan ərazisində gedib və burad tək suçlu var: Ermənistan! Azərbaycanın Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Naftalan, Mingəçevir və digər şəhərlərinə zərbələr endirməsinin də maddi təzminatı ödənilməlidir.
Prezident İlham Əliyev “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsini və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Heç şübhəsiz, komissiya bütün detalları nəzərə alacaq və yekun sənəd hazırlayacaq.
Azərbaycan beynəlxalq ekspertləri də cəlb etməklə Ermənistanın torpaq, su, meşə və faydalı qazıntılara, habelə əmlaka və mədəni sərvətlərimizə vurduğu ziyanı dəqiq hesablayacaq.
Çox təəssüf ki, hələlik beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycana təzminat ödəməsi zərurətindən bəhs etmirlər. Yalnız İslam Əməkdaşlıq Təşkilatı ermənilərin qarşısında Azərbaycana vurduqları zərərə görə təzminat ödəməli olduqları məsələsini qoyub.
Hesablamalara görə, dəyərinin hesablanması mümkün olmayan tarix-mədəniyyət abidələrindən başqa, Ermənistan işğalı nəticəsində Azərbaycana dəymiş ziyanın məbləği 23 trilyon dollardan artıqdır.
İşğal zonasında 40 faiz mineral sularımız, 23,8 faiz meşə fondu (246,217 hektar meşə sahəsi), 152 dövlət təbiət abidəsi, 13197,5 hektarlıq qiymətli meşə sahəsi, 5 ədəd geoloji obyekt, 155 növ faydalı qazıntı yatağı yerləşirdi. Bu illər ərzində talan olunub sərvətlərimiz.
İqtisadçıların fikrincə, erməni işğalı nəticəsində hər rayonumuzun infrostrukturuna 6-8 milyard dollar məbləğində zərər vurulub. Ancaq dəyişən qiymətləri nəzərə alsaq, infrostrukturun bərpası üçün qat-qat artıq vəsait tələb olunacaq.
Dünyada təzminatın ödənilməsi təcrübəsi var. Beynəlxalq Millətlər Təşkilatının Təzminat Komissiyası (UNCC) Təhlükəsizlik Şurasının 687 saylı qətnaməsinə əsasən, 1991-ci ildə, İraqın 1990-91-ci illərdə Küveytə qanunsuz işğalı nəticəsində təzminat ödənməsini təmin etmək məqsədi ilə qurulub. Komissiya tərəfindən 2,7 milyon iddiaya qarşılıq bu günə qədər 350 milyard dollar təzminatın ödənilməsi təmin olunub. Hələ terrorçu Ermənistanın etdiklərilə müqayisədə İraq Küveytə nə etmişdi ki? Qarabağdakı dəhşətli cinayətlər isə göz önündə...
Deputatlardan biri demişdi ki, Ermənistan kasıb ölkədir, təzminat ödəyə bilməyəcək...Təbii ki, yanlış yanaşmadır. Kasıb ölkə ayıbına kor olardı, qonşusunun torpağına göz dikməkdənsə, özünü dalana salmaqdansa, normal siyasət yürüdərdi, bölgədəki layihələrdə pay sahibi olub, inkişafını təmin edərdi. Yəni kasıb olması Ermənistanı törətdiyi müharibə cinayətlərinin məsuliyyətindən azad etmir. Digər tərəfdənsə, Ermənistanın pulu yoxdur, amma torpağı var, daha doğrusu, Azərbaycanın tarixi ərazilərində yaradılmış qondarma dövlət var.
1920-ci ilin 30 noyabrında Azərbacan K/b/P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərara əsasən, Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi. 1988-ci ildə 300 minə yaxın soydaşımız öz torpaqlarından qovuldu, əliyalın, başıaçıq, təzminatsız-filansız.
Ermənistan vurduğu ziyana görə Zəngəzu Azərbaycana qaytarmalıdır! 1918-ci ildə İrəvan ermənilərə güzəşt ediləndə qarşı tərəf öhdəlik götürmüşdü ki, bir daha Azərbaycana qarşı ərazi iddiası ilə çıxış etməyəcək. Amma nə baş verdi? Bütün dünya gördü. Bu gün Azərbaycan Zəngəzurla kifayətlənərsə, bu, Ermənistan üçün güzəşt ola bilər. Çünki tarixi ədalət bərpa olunacaq həm də. Əslində İrəvan davası da açıla bilər...
Bu dəfə Ermənistana və erməniçiliyə elə bir dərs verilməlidir ki, tarix boyu unudulmasın. Əminik ki, belə də olacaq, dövlətimizin qətiyyəti şübhə yeri qoymur...(musavat)
Reaksiya.az
Şərhlər