Ermənilər dilə ideoloji silah kimi baxırlar
10.02.2021 12:30 A-reaksiya 1017
Xankəndidə Azərbaycan dili kurslarının açılması dilimizə sevgidən irəli gəlməyib
"Özfəaliyyətdən əməli işə keçməliyik. BDU-da erməni dili kafedrası açılmasının vaxtı çatıb. Belə bir məram olsa, mən özüm həmin kafedranın qurulmasına yardım edə bilərəm"
Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatından sonra Qarabağ bölgəsi 28 illik işğaldan azad olundu. Artıq bölgənin erməni sakinlərinin Azərbaycana inteqrasiya olunması prosesi də başlayıb. Bu məqsədlə də Xankəndidə yerləşən Mesrop Maştots adına Universitet Azərbaycan dilinin (A1, A2) tədrisinə başlayıb. Bura 18 yaşı tamam olan hər kəs qoşula bilər.
Mövzu ilə bağlı fikirlərini "Şərq"lə bölüşən Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı bildirib ki, Ermənistanda türk və Azərbaycan dilinin akademik səviyyədə öyrənilməsi işi çoxdan aparılır. Qafar Çaxmaqlı əlavə edib ki, hətta Ermənistan Elmlər Akademiyasında ayrıca şöbə fəaliyyətdədir:
"İrəvan Dövlət Universitetində Azərbaycan və türk dili kafedraları var. Ayrıca Osmanlışünaslıq mərkəzi də açılıb. Xankəndi Universitetində belə bir addımın atılması - Azərbaycan dili kurslarının açılması dilimizə sevgidən irəli gəlməyib. Həmçinin xoş məramdan da. Onlar dillərimizi öyrənməyə ideoloji olaraq baxırlar. Bizə qarşı mübarizədə dil bilməyi vasitə kimi görürlər. Hətta onu da vurğulayım ki, ermənilərin Türkiyə və Azərbaycan türkçəsini bilmə problemi yoxdur. Onlarda yetərincə mütəxəssislər var".
Azərbaycanda erməni dilini öyrənməyə və bu sahədə mütəxəssis hazırlanmasına gəlincə, alim qeyd edib ki, bu iş bir sistem halına gətirilməlidir:
"Özfəaliyyətdən əməli işə keçməliyik. BDU-da erməni dili kafedrası açılmasının vaxtı çatıb. Belə bir məram olsa, mən özüm həmin kafedranın qurulmasına yardım edə bilərəm. 2010-cu ildə Erciyes Universitetində açılan ermənişünaslıq kafedrasını da ona görə qurduq ki, erməni dili mütəxəssisləri hazırlansın. Azərbaycan da bu yolu seçməlidir. Erməni dilini öyrənmək üçün amatorcasına dərslər almaq, bir neçə aylıq kursa getmək yetməz. Kafedra, fakültə açılmalıdır. Əgər Azərbaycanda bu iş gecikəcəksə, Azərbaycandan olan və bu dili öyrənmək istəyən abituriyentləri Kayseridəki erməni dili bölümündə oxumaq üçün şərait yarada bilərik. Bunu müraciət də hesab edə bilərsiniz".
Şərhlər