Hakim qüvvə yeni şəxsləri ön plana çıxaracaq - POLİTOLOQ
16.08.2015 17:25 A-reaksiya 2565
Bu sözləri Reaksiya.az – a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib. O bildirib ki, bu seçkilər də əvvəlkilərdən o qədər də fərqlənməyəcək: “Demək olar ki, hər şey böyük ölçüdə təkrarlanacaq. Ola bilsin ki, parlamentin tərkibində müəyyən dəyişikliklər olsun. Ancaq bu dəyişikliklərin əhəmiyyətli səviyyədə olma ehtimalı qətiyyən inandırıcı deyil. Ciddi dəyişikliklərin olması üçün ilk növbədə müxalifət düşərgəsinin ictimai-siyasi gücü olmalıdır. İndiki mərhələdə müxalifət düşərgəsi real güc faktoru rolunu oynamır. Hətta müxalifət düşərgəsinin seçkidə iştirak edəcək deputatlığa namizədlərinin ictimai nüfuzu da ciddi suallar doğurur.
Belə vəziyyətdə müxalif düşərgənin hakim siyasi qüvvənin siyasi planlarına və manevrlərinə müdaxilə edə bilməsi real deyil. Əgər hər hansı diqqəti çəkəcək dəyişiklik gözləmək lazımdırsa, böyük ehtimalla belə dəyişiklik hakim siyasi qüvvənin öz daxilində ola bilər. Yəni hakim siyasi qüvvə ictimai nüfuzuni itirmiş bəzi köhnə təmsilçilərini daha gənc və perspektivli, hətta intellektli namizədlərlə əvəz edə bilər. Hakim siyasi qüvvənin nisbətən yeni şəxsləri ön plana çıxartma ehtimalı qətiyyən istisna deyil”.
Şərhlər