Baydenin Prezidentə təbriki: ABŞ lideri Azərbaycana nəyə görə minnətdardır?
26.05.2021 14:12 A-reaksiya 762
“Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq”.
Bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef R.Bayden 28 May - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda deyib.
C.Bayden onu da bildirib ki, 30 il ərzində ABŞ və Azərbaycan xalqları arasında əlaqələr güclənib, təhlükəsizlik, enerji və demokratik idarəetmə məsələlərində birlikdə çalışıblar.
“Amerika Birləşmiş Ştatları ötən il Cənub Qaz Dəhlizinin işə salınması ilə Azərbaycanın Avropanın enerji şaxələndirilməsinə verdiyi töhfələri və bu il Xəzərdəki yatağın Türkmənistanla birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətiyyətlə dəstəkləyir. Biz Azərbaycana NATO-nun Əfqanıstandakı missiyasına və terrorla mübarizə səylərinə verdiyi 20 illik dəstəyə görə minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədri olaraq münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qalırıq. Münaqişə və koronavirus pandemiyası ilə yadda qalan bir ildən sonra Azərbaycanın bu çətinliklərdən insan hüquqlarına və əsas azadlıqlarına hörmət etməklə və qonşuları ilə sülh içində yaşamaqla daha da firavan bir dövlət kimi çıxmasına ümid edirəm".
Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində Xəzərlə bağlı xüsusi mövqeyi diqqəti cəlb edir. Əslində bu, Vaşinqtonun “Transxəzər” layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə, Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi. Birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi idi. 2019-cu ildə bununla bağlı razılıq əldə edildi. İkincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu idi. Bu da 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı. Bütün bunlardan sonra belə görünür ki, ABŞ “Transxəzər”in reallaşmasına daha ümidli yanaşdığı üçün bu cür mövqe ortaya qoyur.
Məsələyə münasibət bildirən iqtisad üzrə fəlsəfə doktoru Firdovsi Şahbazovun sözlərinə görə, Baydenin məktubda Azərbaycanla Türkmənistan arasında Xəzərlə bağlı imzalanan Anlaşma Memorandumuna xüsusi önəm verməsi təsadüfi deyil: “Məsələ ondadır ki, ABŞ Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi önəm verir. Məqsəd Avropa ölkələrinin qaza olan tələbatının bir mərkəzdən asılılığını kəskin şəkildə azaltmaqdır. Bunun üçün də ən məqbul variant Türkmənistan qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya çıxarmaqdır. ABŞ yaxşı bilir ki, Avropanın qaza artan tələbatının qarşılanmasında Türkmənistan ciddi rol oynaya bilər. Çünki bu ölkənin çox böyük qaz ehtiyatları var. Türkmən qazını Avropaya çıxarmaq üçün, demək olar, hazır infrastruktur var. Bircə qalır Xəzərin dibi ilə qaz kəmərinin çəkilməsinə dair razılıq əldə etmək. Bununla bağlı hüquqi maneə yoxdur. Çünki Xəzərin statusu ilə bağlı razılaşma var. Əsas məsələ Türkmənistanın bu yöndə səylərini artırmasıdır. Hesab edirəm ki, Türkmənistan daha qərarlı olmalıdır”.
Politoloq Asif Nərimanlının dediyinə görə, Baydenin İlham Əliyevə Respublika Günü ilə bağlı təbrik məktubunun mətnində iki məqam diqqət çəkir.
“ABŞ Xəzərdəki yatağın Azərbaycanla Türkmənistanın birgə kəşfiyyatına və işlənməsinə dair imzaladığı Anlaşma Memorandumunu qətliyyətlə dəstəkləyir.
Bu, Vaşinqtonun Transxəzər layihəsinə dəstəyinin ifadə edilməsidir. Türkmənistan, ümumilikdə Mərkəzi Asiya coğrafiyasının enerji resurslarının Avropaya çıxışı üçün irəli sürülən bu layihənin önündə iki praktiki maneə var idi:
- birincisi, Xəzərin hüquqi statusunun həll edilməməsi;
- ikincisi, Bakı və Aşqabad arasında yataq mübahisəsinin mövcudluğu;
Birincisi məsələ 2019-cu ildə həll olundu. Türkmən qazının Cənub Qaz Dəhlizinə qoşulmasına qarşı olan Rusiya kəmərə qarşı “ekoloji problem” maneəsi yarada bilər, hərçənd, bu rıçağın təsiri zəif olacaq.
İkinci məsələ 2021-ci ilin yanvarında Azərbaycan və Türkmənistan arasında imzalanan memorandumla həllini tapdı: tərəflər mübahisəli yatağa “Dostluq” adı verərək, birgə istifadə üzərində razılaşdı”.
Politoloqun fikrincə, Baydenin təbrik məktubunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsindən bəhs edərkən, Xəzərdəki yataq anlaşmasını qətiyyətlə dəstəkləməsi Transxəzər layihəsinə “yaşıl işığın” yandırıldığı deməkdir. Çünki türkmən qazı Bakıya çatdırılmasa, Avropanın enerji ehtiyacı tam ödənməyəcək. Bayden bu məqamı xüsusi vurğulamaqla Avropaya da enerji təhlükəsizliyinin Vaşinqtondan asılı olduğu mesajını çatdırır”.(lent.az)
Şərhlər