AKP-MHP dialoqu Türkiyəni xilas edəcək? - TƏHLİL
17.08.2015 11:48 A-reaksiya 2355
Bu gün AKP sədri Əhməd Davudoğlu ilə MHP sədri Dövlət Bağçalının koalisiyon hökumətlə bağlı görüşü gözlənilir.
Görüşdən əvvəl MHP koalisiya üçün irəli sürdüyü 4 şərti açıqlayıb.
Şərtlərdən birincisi Türkiyə Konstitusiyasının ilk 4 maddəsinin dəyişdirilməməsi ilə bağlıdır. MHP Türkiyənin əsas qanunundakı dövlət quruluşu, layiqlik, demokratik dəyərlər və milli atributlarla bağlı məsələlərdə hətta müzakirəni belə qəbul etməyəcəyini açıqlayıb.
Həmçinin MHP nizamlanma prosesinin bəhanəsiz olaraq ortadan qaldırılmasını tələb edir. MHP öz açıqlamasında nizamlanma prosesini “dağıtma prosesi” (“yıkım süreci”) adlandırıb və bu prosesin “dondurucuya qoyulub çürüdülməsi”ni vacib bildiyini vurğulayıb.
Üçüncü şərt isə ədalət və əxlaq prinsiplərinin üstün tutularaq, rüşvət və korrupsiya ilə bağlı istintaqların yenidən başlaması,cinayətlərin sona qədər araşdırılması tələbindən ibarətdir.
Sonda MHP rəhbərliyi “Konstitusiya ilə müəyyən olunan səhaliyyət və vəzifələrindən kənara çıxan, heç bir qayda tanımayan” prezidentin vəzifəsinin müəyyən etdiyi hüquqi zəmində qalması, qüvvələrin fərqi prinsipinin parlament demokratiyası ilə təmin olunmasını dördüncü şərt kimi irəli sürür.
MHP-nin irəli sürdüyü şərtlərdən koalisiyon hökumət danışıqlarının heç də uğurlu və mübahisəsiz ötüşməyəcəyi aydın görünür.
Əvvəla, Türkiyənin dövlət quruluşu və konstitusiyaya dəyişikliklər məsələsi son 10 ildə ən çox müzakirə olunan məsələlərdəndir. Həmçinin prezidentin səlahiyyətlərinin artırılması və parlament respublikasından prezident respublikasına keçid məsələsi də, son 1 ildə daha çox gündəmə gəlib. AKP-nin seçkilərdə yetərincə yüksək səs faizi toplamaması bu mövzuda müzakirələri bir qədər səngitsə də, nə iqtidar cəbhəsində, nə də müxalifət cəbhəsində bu istiqamətdəki narahatlıqlar keçmiş sayılmaz.
Türkiyə rəhbərliyi nizamlanma prosesinə hələ hazırkı prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu vaxtda start vermişdi. Həmin vaxt MHP-dən çox tənqid və etirazlar olsa da, AKP hökuməti arxayın və qəti şəkildə “İmralı görüşmələri”nə getdi, PKK-da və hazırkı HDP-də rəhbər mövqelər tutan bir sıra şəxslərlə danışıqlar apardı.
Danışıqların əsas mövzusu Türkiyədə yaşanan etnik separatizm problemini aradan qaldırmaq və Türkiyə kürdlərinə daha çox siyasi meydan verməkdən ibarət idi. Lakin istər PKK-nın, istərsə də HDP-nin tələblərinin bitməməsi, daim “ittihamçı” mövqedən çıxış etməsi sonda bu prosesi dalana dirədi.
Türkiyədə son 2 ayda PKK tərəfindən silsilə şəkildə terror aktlarının törədilməsi, daha sonra PKK-ya qarşı anti-terror əməliyyatları “nizamlanma prosesi”ni qeyri-müəyyən müddətdə təxirə saldı. Lakin həm AKP, həm də HDP bu prosesə qayıtmağı vacib bilirlər – hər biri öz şərtləri ilə.
Bu prosesin yenidən başlayıb-başlamayacağı və növbəti addımlar hələ tam məlum deyil, lakin MHP növbəti danışıqların da bir nəticə verməyəcəyini, ümumiyyətlə, terorçularla dialoqa getməyin dövlət maraqlarına zidd olduğunu irəli sürür.
Hazırkı vəziyyəti nəzərə alaraq, bu istiqamətdə AKP-MHP dialoqunda bir məsələ ilə bağlı ortaq nöqtəyə varılacağını gözləmək olar, lakin AKP rəhbərliyi əhalinin kürd kəsimini daha da qıcıqlandırmaqdan ehtiyat edir və hətta koalisiya qurularsa da, bu məsələnin yenidən gündəmə gətirilməsi istisna olunmur.
Həmçinin rüşvət və korrupsiya əməliyyatları ilə bağlı müxalifət cəbhəsi tərəfindən iqtidaravə iqtidara yaxın iş adamlarına qarşı səsləndirilən ittihamlar yetərincə ciddidir və bu istiqamətdə AKP-nin “həddən artıq” güzəştə gedəcəyi halda öz maliyyə rıçaqlarını da itirməsi riski var.
Bütün “müşkül”lərə rəğmən, Türkiyənin çətin bir dövrdə olması koalisiyon hökumətin əhəmiyyətini daha da artırır. Lakin CHP-nin artıq növbədənkənar seçkilərə hazırlaşması, HDP-nin də bu ehtimalı “təntənə” ilə qarşılaması, MHP və AKP arasındaı gərginliyin artması siyasi prosesləri nizamlamaq üçün böyük səy və hətta müəyyən qədər “siyasi unutqanlıq” tələb edir.
Hazırkı mərhələdə ambissiyaların kənara atılması Türkiyənin nisbətən sabit bir siyasi mövsüm yaşamasına rəvac verə bilər. Növbədənkənar seçkilərin isə nə nəticə verəcəyi hələ məlum deyil... Bu gərginliyin növbədənkənar seçkilərdən sonra yenidən təkrar olunmayacağına kimsə zəmanət verə bilər.
Şərhlər