ABŞ katolikləri İranı niyə dəstəkləyir? - İDDİA + TƏHLİL

17.08.2015 12:46     A-reaksiya     2617

ABŞ-ın bir sıra katolik təmayüllü təşkilatlaqı İranın nüvə proqramı ilə bağlı imzalanmış Vyana sazişinin Konqresdə təsdiqlənməsi və Tehrana qarşı sanksiyaların aradan qaldırılması üçün qeyri-rəsmi koalisiya yaradıblar.

Bu barədə Amerikanın katolik portalı olan “National Catholic Reporter” məlumat verib.

Hazırda Obama administrasiyasının da fəal təbliğ etdiyi bu sazişi dəstəkləmək üçün “Franciscan Action Network”, “Catholics in Alliance for the Common Good”, “Pax Christi International” və “Maryknoll and NETWORK” kimi təşkilatlar bir araya gələrək senator və konqresmentlər arasında təbliğat və lobbiçiliyin mümkün yollarını müzakirə ediblər.

ABŞ-ın Katolik Yepiskopluğu Konfransının (USSCCB) Beynəlxalq Sülh və Ədalət Komitəsinin aparat rəhbəri Stiven Koleççi bildirib: “Biz bir-birimizi tamamlayacaq və koordinasiyalı strategiya həyata keçirəcəyik.

USCCB sazişin imzalandığı andan etibarən onun lehinə çıxış etməsi ilə yadda qalıb.

ABŞ katoliklərini birləşdirən bu qurumun bəyanatının ardınca, bir sıra katolik nəşrlərdə də “xeyirxah katolikin bu sazişi niyə dəstəkləməli olduğu” haqda  geniş izahat da verildi.

İyulun 14-də Beynəlxalq Sülh və Ədalət Komitəsinin rəhbəri Oskar Kantu Yepiskoplar Konfransının rəsmi saytında məqalə yayımlayaraq, Vyana sazişini “əlamətdar və əhəmiyyətli hadisə” adlandırıb, Konqresi sazişi təsdiqləməyə çağırıb.

2014-cü ilin yazında bir neçə katolik Amerika yepiskopu Tehrana səfər etmişdi və bu səfər ABŞ Dövlət Departamentinin hesabatında da yer almışdı.

Məsələ ondadır ki, ABŞ katoliklərinin bu müsbət münasibəti bütün düyna katoliklərinin rəhbəri, Roma papası Fransiskin də mövqeyi ilə üst-üstə düşür.

Lakin son 3 həftədə ABŞ-ın katolik elitası o qədər də aktif fəaliyyət göstərmirdi. Çünki katolik ictimaiyyətdə fikirlər heç də birmənalı deyil. Katolik təmayüllü Kuinnipak Universitetində aparılan sorğunun nəticələrinə görə, tələbələrin 57 faizi sazişin təsdiqlənməsinə qarşıdır, dəstəkləyənlər isə 28 faiz təşkil edib.

Bəziləri iddia edir ki, bu saziş bölgədə gərginliyi artıracaq və İranın güclənməsindən qorxuya düşən digər qonşuları sürətlə silahlanmağa vadar edəcək.

Həmçinin İranın İraq üzərində təsirinin güclənməsindən də narahat olanlar bu sazişi təsdiqləməyi düzgün hesab etmir.

Lakin başda Roma papası olmaqla, “İran lobbiçisi” olan katolik ruhanilər sazişin Yaxın Şərqdəki prosesləri anlayış və dialoqla tənzimləmək, müharibə ehtimalını azaltmaq üçün mühüm rol oynadığını iddia edirlər.

Qeyd edək ki, sentyabrın 24-də Papa Fransiskin Konqresdə çıxışı gözlənilir, lakin bu sazişin təsdiqlənib-təsdiqlənməməsi pontifikin çıxışının əhvalını da müəyyən edəcək. Vatikan rəhbəri konqresmenlər qarşısına ya qalib, ya da məğlub kimi çıxacaq.

 

Şərhlər

Çox oxunanlar