İranla Rusiyanın nüvə əməkdaşlığı davam edəcək - TƏHLİL

17.08.2015 17:11     A-reaksiya     2230

Moskva və Tehran araslbda 8 atom blokunun tikilməsi barədə müqavilə İranın energetikasını möhkəmlədəcək.

Bu bəyanatla Rusiya XİN başçısı Sergey Lavrov iranlı həmkarı Cavad Zəriflə son görüşündə çıxış edib.

Onun sözlərinə görə, bu əməkdaşlıq həm də İranın dinc nüvə proqramına hörmət şəraitində qadağalara riayət rejiminin təminatı üçün faydalı olacaq.

İran və Rusiya arasındakı “nüvə əməkdaşlığı”na dair birgə tədbirlər planının yaxın həftələrdə qüvvəyə minəcəyi gözlənilir. Lavrovun fikrincə, BMT-nin qəbul etdiyi geniş tədbirlər planı İranın nüvə proqramına dinc yolla davam etməsindən savayı,  regionda etimadı da gücləndirmiş olacaq.

Həmçinin oktyabr ayında İran-Rusiya hökumətlərarası komissiyasının iclası gözlənilir ki, bu iclasda ticarət əlaqələrinin genişləndirilməsi gözlənilir. Həmçinin Lavrovun yaxın zamanda Zərifin dəvəti ilə Tehrana gedəcəyi də nəzərdə tutulur.

 Lavrov İranla münasibətləri daha da genişləndirəcəklərini vurğulayıb, eyni zamanda Vyana sazişinin tezliklə qüvvəyə minəcəyinə ümid etdiyini deyib. Rusiya XİN başçısı İranla yanaşı Suriyadan və Yəməndən də danışıb, Moskvanın mövqeyinin dəyişilməz olduğunu vurğulayıb.

O, bu məsələdə İranla fikirlərinin üst-üstə düşdüyünü qeyd edib: “Biz istəyirik ki, bu ölkələrdə problemlər milli dialoq vasitəsilə həll edilsin. Kənar reseptlərə qarşıyıq”.

Qərbdəki tərəddüdlərin davam etdiyi bir zamanda İran və Rusiyanın daha da yaxınlaşması tamamilə anlaşılandır. Həm də bu görüşlərdə bir açıq mesaj var: “Siz tərəddüd etdiyiniz zamanda biz inamla çalışır, daha da yaxınlaşır və birgə addımlar atırıq”.

Əslində, bu gün İranın Rusiyanın himayə və hətta nəzarətində olması ABŞ-ı o qədər narahat etmir. Çünki Tehran regiondakı addımlarını Moskva ilə məsləhətləşərək atdığı şəraitdə o qədər təhlükə daşımır. Rusiya nə qədər sərt çıxışlar etsə də, Qərblə birbaşa münaqişəyə getmək arzusunda deyil.

Həmçinin Rusiya-İsrail münasibətləri də yaxşı səviyyədədir və Tehranın tez-tez Tel-Əvivin ünvanına səsləndirdiyi sərt bəyanatlar heç də Kremlə pozitiv qarşılanmır.

İran üzərindəki sanksiyalar qalxsa da, qalxmasa da - ərəb monarxları gündən-günə daha çox ABŞ-dan asılı vəziyyətə düşür, daha çox silah alır və ABŞ-a daha çox təsir imkanı yaradırlar.

Bircə məsələ odur ki, İran İraq və Suriyadakı təsirini gücləndirir, bu güc yaxın illərdə azalana oxşamır. Əksinə, Yaxınn Şərqdə şiələrin yaşadığı ərazilərdə Tehranın təsiri güclüdür. Sözü keçən tərəf kimi, İranla hesablaşmaq da lazım gələcək.

ABŞ  nə Avropanı İrana buraxmaq istəyir, nə də özü girməyə risk edir – söhbət dinc inteqrasiyadan gedir.

Ümumiyyətlə, ABŞ İranla nə edəcəyini bilmir, ona görə də, tez-tez "Rusiya tərəfə itələyir"… Kremlin yanında isə İran bir qədər sakit və güləriz görünür.

Elə buna görə də, Obama administrasiyası və demokratlara yaxın beynəlxalq maliyyə nəhəngləri münasibətləri tədricən də olsa bərpa etmək, ticarət və əməkdaşlıq üsulu ilə İran iqtisadiyyatına yol tapmağa çalışırlar.

Prinsipcə, İran da öz qapılarını açmağa etiraz etmir, lakin hazırkı vəziyyətdə ən münasib tərəfdaş Rusiyadır.

Rusiya da İrandan və Suriyadan asanlıqla imtina etməyəcək.

Qəddafi məsələsində son məqamda güzəştə getmək Moskva üçün heç də vicdan rahatlığı vermədi…

 

 

 

 

Şərhlər

Çox oxunanlar