Şuşa və Naxçıvana hücumun hədəfləri - Növbəti həlledici mərhələ başlayır
14.07.2021 15:23 A-reaksiya 1627
Qarabağda atəş səsləri yenidən eşidilir: qanunsuz erməni silahlı qruplaşmalar Ağdamdan sonra Şuşaya növbəti dəfə atəşə tutdu.
Bu atəşlər Moskvanın əlini zəiflədən, Bakının əlini gücləndirən iki məsələni aktuallaşdırır:
- Rusiya sülhməramlılar missiyasını yerinə yetirə bilmir: ya 10 noyabr razılaşmasının 4-cü bəndi – erməni qoşunlarının çıxarılması icra edilməli, ya da Azərbaycan anti-terror əməliyyatını gündəmə gətirməlidir;
- Bölgədə təhlükəsizliyə nəzarət edə bilməyən Rusiya Türkiyə hərbçilərinin də sülhyaratma prosesində daha geniş təmsilçiliyini qəbul etməlidir: ən azı Monitorinq Mərkəzinin fəaliyyəti və imkanları genişləndirilməlidir;
Bu iki amil atəşin Ermənistan tərəfindən edildiyi və həm də Rusiyaya qarşı təxribat olduğu fikrini önə çıxarır: İrəvan Bakı-Moskva xəttində mübahisəli məsələlər yaradır və sərhəd məsələsində Rusiyanın dəstəyini əldə etmək üçün rusları çətin vəziyyətə salırlar; Putin-Paşinyan görüşündən sonra Qarabağda atəş səslərinin artması da bunu deməyə əsas verir;
Hərçənd, bu ehtimalı zəiflədən reallıq var: Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə nəzarət Paşinyan hakimiyyətindən daha çox, separatçıların daxilində Moskvaya bağlı qruplara – Vitali Balasanyana məxsusdur. Hesab etmək olardı ki, bu, qanunsuz erməni silahlı dəstələri daxilində İrəvandan idarə olunan qrupların törətdiyi təxribatdır, lakin son proseslər fonunda bu o qədər də inandırıcı deyil və Ağdamdan sonra Şuşaya açılan atəşin arxasında rusların maraqlarının olması versiyası önə çıxır.
Rusiya sülhməramlı missiyasının əleyhinə olan bu addıma niyə gedir?
1. Ermənistanda seçkidən sonra 4-cü bəndin – erməni qoşunlarının çıxarılması – icrası aktuallaşır: mümkündür ki, bu məsələ üzərində Bakı və Moskvanın fikir ayrılığı var, ruslar separatçı rejimin taleyini öz maraqlarına uyğun müəyyənləşdirmək istəyirlər;
2. Bakı və Ankara sülhməramlı missiyasında türk hərbçilərin rolunun artırılmasını istəyir: Monitorinq Mərkəzinin fəaliyyətinin genişləndirilməsi; iyulun 6-da atəşin məhz Monitorinq Mərkəzinin yerləşdiyi Ağdam istiqamətində açılması təsadüfi deyildi;
Qarabağda eşidilən atəşin Moskvadan tətikləndiyi fikrini Rusiya Müdafiə Nazirliyinin Ağdam istiqamətində açılan atəşlə bağlı yaydığı məlumat da gücləndirir.
Bu hadisə ilə bağlı qarşılıqlı mesajlar da kulis danışıqlarında mövqerlərin toqquşduğunu göstərir.
Bakı yaydığı məlumatla Moskvaya üç mesaj verdi:
- Rusiya sülhməramlıları Azərbaycan torpaqlarında müvəqqəti yerləşdirilib;
- Qanunsuz erməni hərbi birləşmələr çıxarılmalıdır;
- Bölgənin təhlükəsizliyinə təkcə ruslar yox, həm də Türkiyə nəzarət edir;
Moskvanın cavab mesajı Rusiya MN-nin məlumatında idi:
- “Dağlıq Qarabağ” hələ də mövcuddur;
- “Martuni” (Xocavənd) rayonu ilə “dqr”-in mövcudluğuna işarə etdi;
- Monitorinq Mərkəzinin adını çəkməməklə türk hərbçilərin iştirak etmədiyini göstərdi;
Ağdamdan sonra Şuşaya açılan atəş mövqe toqquşmasının davamı hesab oluna bilər. Və bunun Rusiya baş nazirinin müavini Aleksey Overçukun Bakı səfərinin ardınca baş verməsi də kommunikasiyanın bərpası ilə bağlı məsələlərdə də maraqların toqquşmasından xəbər verir.
Qarabağa paralel olaraq, Naxçıvanla sərhəddə atəşkəsin pozulması nədir?
44 günlük müharibənin həlledici məqamında Naxçıvanla sərhəddə təyyarə böhranı necə və niyə yaradılmışdısa, indi muxtar respublika istiqamətindəki hücum da eyni məqsədlə törədilir: Qarabağda müharibədən sonra növbəti həlledici mərhələnin başladığını və bu təxribatın hədəfinin prosesi yönləndirmək olduğunu deyə bilərik.
Əliyevin Xankəndi, Xocalı və Xocavəndlə bağlı fərmanı kulis mübarizəsini açıq müstəviyə keçirir.
Asif Nərimanlı
Şərhlər