Siyasətin yarısı tapmaca olanda... - “İrəvana gedirik?”, yolüstü Xankəndinə də baş çəkək...
26.07.2021 12:25 A-reaksiya 789
Siyasətin yarısı tapmaca olmalıdır ki, kütlə daimi onu axtarmaqla məşğul olsun. Üzü Firondan bəri belədi. Kütlə siyasətin sirlərinə cavab tapmaq üçün baş sındırır, amma adətən tapmır. Ümidini yaxşı tərəfə bağlayıb özünü inandırır ki, bu gedişatın arxasında böyük işlər dayanır və sonu yaxşı olacaq. Açığı, müharibədə qazandığımız qələbədən sonra Qarabağ ətrafında gedən bəzi proseslər narahatçılığa səbəb olsa da, elə kütlə təfəkkürünü çox yox, bir az yaxın buraxıb fikirləşirsən ki, bu gedişatın arxasında bilmədiyimiz böyük məqsədlər var və sonu yəqin yaxşı olacaq. Düzdü, o son dediyimizin daha bir otuz il uzanmasını istəmirik, çünki bir qərinəni az müddət hesab etmək olmaz və bu illərdə nələr olacağı bəlli olmadığından, yaxın zaman üçün o narahatçılığın “ mutlu sonluqla” bitməsini istəmək.. təbiidir. Dediyimiz yaxın zamanın özü də heç az müddət deyil, yaxşı halda beş il, pis halda on il, daha pis halda.., artıq burda konkret vaxt demək mümkün deyil. Yəqin beş, on ilin nəyə bağlı olduğu məlum oldu- Azərbaycanda müvəqqəti yerləşən Rusiya hərbiçilərinin Qarabağda qalmasının razılaşdırılmış müddəti nəzərdə tutulur.
Qarabağ müharibəsi bitəndən sonra bizim üçün tam məlum olmayan siyasi tapmacanın içində “Qarabağ iqtisadi zonası” yaradılması haqqında Fərman istisna olmaqla, bizim Xankəndi və ətrafı ilə bağlı heç bir perspektiv fəaliyyətimizin işartılarının olmaması da var. Təbii ki, dövlət başçısı bu işdə ən informasiyalı şəxsdir, ona görə də bizim səbirsizliklə gözlədiyimiz proseslərin başlamasına səbrlə yanaşmanın bir siyasi anlamı olduğuna inanırıq. 20 iyul Moskva səfəri zamanı Rusiya prezidenti Vladimir Putinin “kompromisə görə” təşəkkürü ilk anda müxtəlif yerlərə yozulsa da, yenə o qənaətə gəlinir ki, elə qalib dövlətin bu 9 ayda Xankəndi haqqında rəsmi mövqe bildirməməsi kompromisdir. Bunu birmənalı şəkildə təsdiq etmək mümkün deyil, sadəcə məntiqlə bizim başqa “kompromisə” getməyimizin variantı yoxdur. Amma, o da məlumdur ki, kompromisə getməyimizi bizdən istəyən, hətta tələb edən güclər də var və bu proses son günlər özünü göstərməyə başlayıb. Bu ilk növbədə Qarabağa statusun verilməsi ilə bağlıdır.
10 noyabr üçtərəfli razılaşmanın qüvvədən düşməsi üçün qlobal güclər fəaliyyətə başlayıb və bu işin başında da Fransa prezidenti dayanır. Emmanuel Makron BMT Təhlükəsizlik Şurasında Qarabağla əlaqədar prinsipial olaraq yeni qətnamə qəbul edilməsinə cəhd edir. Təhlükəsizlik Şurasında 44 günlük müharibə zamanı da əleyhimizə belə bir sənəd çıxarmağa cəhd olunmuşdu, diplomatiyamızın uğuru nəticəsində baş tutmamışdı. Məqsəd Qarabağ ermənilərinə yüksək statusun verilməsidir. ABŞ -da güclü erməni diasporasının təsiri ilə bu mövqeni dəstəkləyir. Rusiya status məsələsinin müzakirə edilməsini indi tez hesab etsə də, amma sonra da olsa belə bir məsələnin müzakirəsindən imtina etmir. Düzdü, burada Rusiyanın əsas məqsədi Qərbi bütün vasitələrlə Cənubi Qafqaza buraxmamaqdır, amma bir tərəfdən də yeri gələndə onların əli ilə Minsk Qrupu çərçivəsində bizə təsir və təzyiqindən əl çəkmir. Azərbaycan Prezidentinin Moskva səfərindən sonra Qərb dünyası Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək istiqamətində iş aparır. Son vaxtlar sərhəddə baş verən təxribatlar bir fürsət kimi dəyərləndirilir və Fransa ilə ABŞ Rusiyanın başının qarışdığı Dövlət Dumasına seçkilər ərəfəsində( seçkidən başqa da problemlər var) Azərbaycan-Ermənistan dövlət sərhədinə beynəlxalq nəzarət adı altında silahlı qüvvələr yerləşdirmək üçün bir bəhanə axtarırlar. Nəzərə alaq ki, Nikol Paşinyan da seçkilər ərəfəsində beynəlxalq müşahidəçiləri sərhədə dəvət etmək təşəbbüsü ilə çıxış etmişdi. Son məqsəd 10 noyabr razılaşmsının qüvvədən düşməsinə Rusiyanı da razı salıb Minsk Qrupunun bayrağı altında yeni qətnamə çıxarmaq və Qarabağın statusunu bu sənəddə şərt kimi irəli sürməkdir.
Makronun Ermənistana səfəri gözlənilir və bəzi məlumatlara görə səfər yalnız İrəvana deyil, bölgəyə- Gürcüstana və Azərbaycana da nəzərdə tutulur. Fransa Senatının hər iki palatasının “Dağlıq Qarabağın müstəqilliyini tanımaq haqqında Qətnamə” qəbul etməsi və Fransa prezidentinin çox vaxt erməni maraqlarını açıq şəkildə müdafiə cəhdlərinin şahidiyik. Əgər Makron Bakıya səfər edəcəksə, məqsədi Qarabağa status verilməsini bir daha müzakirəyə çıxarmaq olacaq. Ümumiyyətlə, Minsk Qrupu həmsədr ölkələrinə açıq bildirmək lazımdır ki, Ermənistana məhəbbətinizi Ermənistan Respublikasının ərazisində hansı şəkildə istəyirsinizsə bildirin, Qarabağ Azərbaycan ərazisidir və burada yaşayan ermənilər də bizim vətəndaşlarımız hesab olunur. Biz bilərik, Qarabağ erməniləri bilər. Elə bu konteksdə Ermənistanla sülh müqaviləsi bağlamaq da bizim prioritetimiz deyil. Biz beynəlxalq hüququn da tanıdığı və qəbul etdiyi sərhədlərimizi bilirik və qoruyuruq. Azərbaycanda müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələri ilə yaxın perspektivdə danışıqlar aparıb Laçın dəhlizi istiqamətindəki dövlət sərhədini də nəzarətə götürdükdən sonra, 10 noyabr bəyanatına əsasən keçmiş Dağlıq Qarabağ ərazisinə məcburi qaçqınlarımızı yerləşdirib dövlət nəzarətimizi bu yerlərdə bərpa etmək istiqamətində fəaliyyətə başlamalıyıq. Ermənistan nə qədər istəyir “status” deyib haray çəksin, bizimlə sülh müqaviləsi də bağlamasın. İtirən biz deyilik, Ermənistandır.
Sadəcə olaraq biz bu işləri sürətləndirməliyik. Müharibə bitəndən bu günədək İrəvanın, Göyçənin adı istər qeyri-rəsmi, istərsə də rəsmi mövqelərdə tez-tez hallanıb, daha Zəngəzuru da demirik, ora gündə bir neçə dəfə adı çəkilən məkandır. Olsun. Bu da siyasətdir. Amma, “ Soltan bəyin 12 qızı olaydı, birini də mənə verəydi” deyən Əsgər bəyin təbirincə desək, arada Xocalıdan, Ağdərədən, Əsgərandan, nəhayət Xankəndindən də danışaq. Necə deyərlər” İrəvana gedirik?”-lap yaxşı, yolüstü Xankəndinə də baş çəkək. “Bu böyük siyasətdir, bilmədiyimiz məqamlar var, zamanı gələndə o da olacaq” deyə fikirləşib arxayın olmayaq. Arxayınçılıq bir dəfə bizə 30 illik zülm verdiyindən, bir daha onu həm fərd, həm millət olaraq yaşamaq istəmirik.(moderator)
Şərhlər