Şuşanın kəndindəki ermənilər “Azersel” qülləsi yanındakı Azərbaycan hərbçilərinin çıxarılmasını tələb etdi..
09.08.2021 14:24 A-reaksiya 1093
1990-1991-ci illərdə ermənilər həmin qüllənin yerləşdiyi Ağdaş yüksəkliyindən Laçın rayonunun Ağanus kəndini atəşə tuturmuş...
“Azərbaycan Silahlı Qüvvələrinin Şuşa rayonunun Xin Şen icması yaxınlığındakı bir təpədə yerləşən bazası mülki əhalinin həyatı, fiziki və əqli toxunulmazlığı üçün bilavasitə və danılmaz təhlükə yaradır”.
Moderator.az xəbər verir ki, bu, Rusiyaya məxsus “Sputnik” nəşrinin Ermənistan versiyasının Xankəndindəki qondarma separatçı-terrorçu erməni rejiminin “ombudsman”ı, “hüquq müdafiəçisi” Qegam Stepanyanın rəsmi “Facebook” səhifəsində yerləşdirdiyi məlumatdan gətirdiyi sitatdır.
“O, kənd icmasını ziyarət edib, vəziyyət və mövcud problemlərlə yerindəcə tanış olub” – xəbərdə daha sonra belə deyilir.
Qeyd edək ki, söhbət Azərbaycan Respublikasının Şuşa rayonunun sovet dövründə “Kirov” adlandırılan “Kiçik Qaladərəsi” kəndindən gedir. XIX əsrin ortalarından Çar Rusiyası imperiyası tərəfindən həmin əraziyə köçürülmüş ermənilər sovet dövründə də 1991-ci ilin mayınadək həmin kəndlə yanaşı, yaxınlıqdakı Böyük Qaladərəsi(“Mets Şen”), Salatınkənd(“Yeksaox”) kəndlərində də yaşayıblar. Özü də o dövr üçün yetərincə normal, hətta azərbaycanlılardan yaxşı... Təəssüf ki, 1988-ci ildən bəri adı çəkilən kəndlər, o cümlədən əsasən Kiçik Qaladərəsində Ermənistandan və xaricdən gələn və onları dəstəyən yerli ermənilərdən ibarət terrorçu dəstə və bazaları formalaşmağa başlayıb. 1990-cı ilin oktyabrında qonşuluqda yerləşən Laçın rayonunun Ağanus kənd sakini Təvəkkül Məhərrəmovu, 1991-ci ilin yanvarında jurnalist Salatın Əsgərova və yüksək rütbəli rus hərbçilərini və s. qətlə yetirən dəstənin başçısı Arno Mkrtıçyan məhz Kiçik Qaladərəsində məktəb direktoru olan Mişa Mkrtıçyanın oğlu olub...
Araşdırmalarımızdan o da bəlli oldu ki, Şuşanın Kiçik Qaladərəsi kəndindəki ermənilərin bəhs etdiyi və fotolarda görünən yüksəklikdəki qüllə son aylarda, yəni Vətən müharibəsindəki qələbəmizdən sonra Azərbaycan hökuməti tərəfindən qurulmuş “Azersel” mobil rabitə qülləsidir. Onun ətrafında bir qrup Azərbaycan hərbçisi keşik çəkir. Dəniz səviyyəsindən 1784 metr hündürlükdə olan həmin yüksəklik, ərazidəki hündür qayalığa görə “Ağdaş” adlanır və Laçın rayonunun Ağanus kəndi ərazisinə aiddir. Strateji əhəmiyyətə malik həmin yüksəklikdən Şuşa-Laçın, Qubadlı-Laçın yollarına, Şuşanın adı çəkilən və digər kəndlərinə, eləcə də Laçın şəhərinə nəzarət etmək mümkündür. Sovet dövründən Laçın və Şuşa rayonları, yəni həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti arasındakı şərti sərhəd xətti məhz Ağdaş yüksəkliyindən keçirdi.
Onu da əlavə edək ki, Ağanus kəndinin Qubadlı-Laçın yolunun üzərində yerləşən və “Turşsu” adlanan cənub hissəsi Rusiya hərbi kontingentinin nəzarət etdiyi Laçın dəhlizi ərazisinə düşsə də(kəndin həmin girişində Rusiya hərbçilərinin nəzarət-buraxılış postu yerləşir) kəndin şimal hissəsi, həmçinin Ağdaş yüksəkliyi Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olmalıdır...
Guya Kiçik Qaladərəsindəki erməni əhalinin üzdəniraq hüquq müdafiəçisinə etdiyi şikayətə görə, Azərbaycan əsgərləri onların mal-qarasını oğurlayır, əkin-biçin işlərinə, arıçılıqla məşğul olmalarına mane olur və s.
Çox güman ki, bu, dolayısıyla Rusiya Müdafiə Nazirliyinin planıdır. Məqsəd Azərbaycan hərbçilərini bəhs edilən yüksəklikdən kənarlaşdırıb oraya “sülhməramlı” adlanan hərbi kontingenti yerləşdirməkdir. Onsuz da 10 noyabrdan bəri Rusiya hərbi kontingenti tədricən Laçın dəhlizindəki məsuliyyət zonasını genişləndirməkdədir. Belə ki, Rusiya MN-in rəsmi saytında verilən xəritələrdən bəlli olur ki, həmin tarixdən 2021-ci il yanvarın 11-dək Laçın rayonunun cənub-şərqdən Ağanus, Şivit, şimal-qərbdən Qarıkaha kəndlərində Rusiya hərbçilərinin postları olmasa da, qeyd edilən tarixdən, yəni 11 yanvar Moskva razılaşması qəbul olunan gündən adı çəkilən kəndlər də Rusiya hərbçilərinin “məsuliyyət ərazisi”nə daxil edilib...
Erməni separatçı və terrorçularını narahat edən digər məqam, təxminən 2010-cu ildən bəri peyk görüntülərindən də bəlli olduğu kimi, sözügedən Ağdaş yüksəkliyində həmin ərazidə gəbərmiş erməni terrorçularına qoyulmuş qondarma abidənin haqlı olaraq dağıdılması olub. O üzdəniraq abidə isə hələ 1990-cı ilin noyabrında eyni ilin oktyabrında öncə bəhs etdiyimiz Kiçik Qaladərəsi sakini Arno Mkrtıçyan tərəfindən qətlə yetirilmiş Ağanus kənd sakini Təvəkkül Məhərrəmovun qisasını almaq və kəndə qarşı təhlükəni aradan qaldırmaq üçün o vaxt Laçında milis rotasının komandiri olan sabiq Daxili İşlər nazirinin müavini Rövşən Cavadovun başçılığı, eləcə də şəhidimizin oğlu milis əməkdaşı Əbülfət Məhərrəmovun iştirakı və kənd sakinlərinin bələdçiliyi ilə keçirilmiş əməliyyat zamanı gəbərdilmiş iki erməninin “xatirəsi”nə qurulubmuş. Həmin terrorçular hazırda “Azersel” qülləsinin yerləşdiyi Ağdaş yüksəkliyindən Ağanus kəndini avtomatlardan atəşə tutan zaman qətlə yetirilib...
Şərhlər