Ordumuzun son günlər aldığı postlar: - Onlar kimin ərazisində yerləşir?
15.11.2021 13:36 A-reaksiya 471
"Cəbhə bölgəsində son baş verənlər əlbəttə ki, ermənilərin cəzasızlığından qaynaqlanır. Ermənilər cəzalandırılsaydı, bu tip hadisələr də baş verməzdi. Sonuncu insidentlə Rusiya bir daha sübut etdi ki, gərginliyin mərkəzində məhz onun hərəkət və hikkələri dayanır”.
Reaksiya.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov ermənilərin gərginliyi artırmağa hesablanmış son addımlarını, terror hərəkətini şərh edərkən deyib. Onun sözlərinə görə, olay Rusiyadan qaynaqlanır:
"Bu olaylar rus sülhməramlılarının xeyir-duası ilə, Rusiyanın siyasi-hərbi rəhbərliyinin hikkəsindən doğub. Prosesin başında məhz Moskva dayanır. Norayr Mirzoyanın Şuşada Azərbaycan əsgərinə qarşı terror əməli törətməsinə, Azərbaycan Baş Prokurorluğu tərəfindən ona qarşı 4 maddə üzrə cinayət işinin qaldırılmasına rəğmən, rus sülhməramlılarının sonradan onu təmtəraqla geri qaytarması deməyə əsas verir ki, insident məhz şimaldan gələn sülhməramlılar tərəfindən planlaşdırılaraq, həyata keçirilib. Zərrə qədər də şübhə yoxdur ki, bu, Azərbaycan hərbçilərinə qarşı təşkil olunmuş terror aktı idi”.
Həmsöhbətimiz bildirir ki, ordumuzun ələ keçirdiyi erməni postları da sırf Azərbaycan əraziləridir:
"Sovetlər dönəmindəki xəritələrdə də həmin ərazilər Azərbaycan ərazisi kimi göstərilib. SSRİ Baş Qərargahının 1976-cı il xəritəsində həmin ərazilər sırf Azərbaycan ərazisi kimi qeyd olunub. Ermənilər həmin yerdə azərbaycanlıların məskunlaşmamasından sui-istifadə edərək, orada öz postlarını qurmağa başlamışdı. Azərbaycan əsgəri sadəcə olaraq xəritə əsasında öz ərazimizi nəzarətimizə qaytarır”.
Ekspert son insidentə istinadən qeyd edir ki, bu kimi gərginliklər bundan sonra da olacaq:
"Xüsusən də Türkiyədə keçirilən türkdilli dövlətlərin sammitindən sonra Moskva açıq şəkildə büruzə verməsə də, bəzi hərəkətlərilə həmin tədbirdən ciddi narahat olduğunu büruzə verib. Necə olur ki, Azərbaycan ərazisində terror hərəkəti həyata keçirən adamı rus sülhməramlıları geri qaytarır? Belə olan halda bundan sonra Azərbaycan İnterpol xəttilə Rusiyanın axtarışa verdiyi heç bir şəxsi saxlayıb, Moskvaya təhvil verməməlidir.
Rusiya erməniləri belə təxribatlara çəkməklə Bakı ilə İrəvan arasında imzalanması gözlənilən sənədin reallaşmasına əngəl törətmək və Minsk qrupunun fəaliyyətinin bərpasına nail olmaq istəyir. Onlar hələ çox sayda belə təxribatlara gedəcəklər”.
Şərhlər