Zəngəzur dəhlizi ilə bağlı yekun qərar bu həftə açıqlana bilər

29.11.2021 13:04     A-reaksiya     486

Soçi bəyanatında kommunikasiyanın bərpası ilə bağlı açıq qeydlər olmasa da, sənədin mətni və Putinin açıqlamalarından iki nəticə çıxır:
 
- Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi – Azərbaycanın Naxçıvanla əlaqəsini yaradacaq nəqliyyat xəttində nəzarət-buraxılış məntəqəsinin qoyulması cəhdi qəbul edilməyib: bəyanatda "9-10 noyabr və 11 yanvar razılaşmalarının bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik” qeydi bunu təsdiqləyir;
 
- Görüşdə yekun sənəddə qeyd olunmayan ciddi razılaşmalar əldə olunub və bu həftə açıqlanması gözlənilir.
 
Putin bildirdi ki, "Gələn həftə, - bu bizim növbəti razılaşmadır, - üçtərəfli İşçi Qrupu müəyyən yekunlar vurmaq və bu gün razılaşdırdığımız və qəbul etdiyimiz qərarları elan etmək üçün Moskvada toplaşacaqlar”.
 
Mümkündür ki, liderlər Soçidə kommunikasiyanın qrafiki üzrə müzakirə aparıblar, çünki bu istiqamətdə əsas atılacaq addım da budur: məhz bunun təsdiqindən sonra nəqliyyat dəhlizlərinin açılması üzrə işlər başlanmalıdır və bununla həm də Zəngəzur dəhlizinin Ermənistan ərazisindən keçən hissəsində yolun tikintisinə nə vaxt start veriləcəyi bəlli olacaq;
 
Soçidə bununla bağlı razılaşma əldə olunub, lakin niyə yekun sənədə daxil edilməyib?
 
1. Görüşə gəlməzdən öncə "böyük danışan” və "imkan verməyəcəyini” deyən Paşinyanın ölkəsində "linç edilməsi” nəzərə alınıb: hətta istisna deyil ki, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyinə qədər olan müddətdə İrəvan öz mövqeyində "dayanacaq”;
 
- Müəyyən məsələləri tam razılaşdırmağa ehtiyac var: bu, əsasən texniki məsələlərdir; Paşinyanın müavini, İşçi Qrupunun üzvü Mqer Qriqoryanın ötən həftə "ortaq məxrəcə gəlinib, lakin texniki məsələlərlə bağlı bir neçə variant var, hansı variantın işləyəcəyi ilə bağlı yekun razılaşma yoxdur” açıqlaması da bunu deməyə əsas verir.
 
İşçi Qrupu nə vaxt toplanacaq?
 
Rusiya XİN-in sözçüsü Martiya Zaxarova noyabrın 3-də bildirmişdi ki, üçtərəfli İşçi Qrupunun noyabrın 29-da – bu gün toplanması nəzərdə tutulur. Zaxarovanın açıqlamasından sonra toplantı ilə bağlı ikinci bir açıqlama olmayıb, lakin bu həftə (bu gün olmaya da bilər) görüşəcəkləri bəllidir. Fors-major situasiya olmasa, üçtərəfli İşçi Qrupu bu həftə Soçi görüşündə kommunikasiyanın bərpası ilə bağlı açıqlanmayan razılaşmaları açıqlayacaq və bunun qrafiklə bağlı olacağı ehtimalı yüksəkdir.
 
Əliyevin Soçi görüşündən bir gün sonra – Aşqabad Zirvəsində "Zəngəzur dəhlizi reallığa çevrilir” sözləri və İƏT ölkələrini dəhlizdən istifadəyə dəvət etməsi də təsadüfi deyil.
 

Şərhlər