Türkiyə siyasi böhranda: - Ərdoğan çarəsizdirmi?

18.08.2015 15:18     A-reaksiya     2596

Baş nazir Əhməd Davudoğlunun CHP ilə uğursuz danışıqlarının ardınca, MHP ilə də dialoqda nəticə əldə etməməsi Türkiyə ictimaiyyətinə narahatlıqla qarşılanıb.

MHP sədri Dövlət Bağçalı ilə görüşündən sonra mətbuat konfransı keçirən Davudoğlu bildirib ki, Dövlət Bağçalının “AKP ilə koalisiya qurmağın qeyri-mümkün olduğunu” deyib.

Bu görüşdən əvvəl MHP-nin irəli sürdüyü 4 şərt üzrə ortaq məxrəcə gəlmək mümkün olmayıb. Burda Konstitusiyada dövlət quruluşu ilə bağlı 4 maddənin qorunması, nizamlanma prosesindən imtina, rüşvət və korrupsiya təhqıqatlarının aparılması, habelə prezidentin səlahiyyətləri ilə bağlı məqamlar əks olunmuşdu.

Ə.Davudoğlunun sözlərinə görə, millətçilərin lideri növbədənkənar seçkilər məsələsində də güzəştə getməyəcəklərini bildirib.

Danışıqların baş tutmaması isə təkcə şərtlərin qəbulunda yox, AKP-nin hazırkı proseslərə və sonrakı planlarına baxışında güzəştə getmək niyyətində olmadığını göstərdi.

Davudoğlu koalisiyanı çox istədiyini, amma tərəflərin seçiminə də hörmətlə yanaşdığını dedi.

O, sonrakı addımları AKP rəhbərliyindəki digər şəxslər və Türkiyə prezidenti ilə müzakirə edəcəyini deyib: “Lazım gəlsə, vəzifəmi təhvil verəcəyəm”.

CHP sədri Kemal Kılıçdaroğlu da Davudoğluya qarşı sərt mövqedədir. O, Davudoğlunun vəzifəsindən dərhal getməsini tələb edib və prezident Ərdoğanı yeni təyinata çağırıb.

Görünür ki, bundan əvvəl növbədənkənar seçkilərə hazırlaşdığını bəyan edən CHP həmçinin yeni təyinata da ümidlərini əsirgəməyib. Maraqlıdır ki, hər iki müxalif liderin davranışları qarşısında Davudoğlunun bacarıqsızlığı göz önünə gəlir və Türkiyəni siyasi böhrandan qorumaq üçün prezidenti hər cür güzəştə gedəcək vəziyyətə doğru bir addım da itələyir.

Türkiyədəki vəziyyət hələ siyasi böhran sayılmaz, lakin proseslər onu göstərir ki, hazırda iqtidar və ana müxalifət arasındakı anlaşılmazlıq böhrandan fərqlənmir.

Digər tərəfdə isə HDP var və inanır ki, növbədənkənar seçkilər olsa belə, yenə “baraj”ı keçə biləcək.

Amma HDP də, elə MHP və CHP də bir şeyi nəzərdən qaçırır: anti-terror əməliyyatları vətənpərvər insanlar arasında iqtidarın nüfuzunu gücləndirib, növbədənkənar seçkilərdə daha çox səs toplama şansı yaradıb.

Lakin AKP-nin də boynunda siyasi sabitliyi qorumaq öhdəliyi var və bu öhdəliyi qorumağın əsas yolu anamüxalifətlə dialoqdan keçir.

Əgər koalisiya olmasa, növbədənkənar seçkilər parlament tərəfindən təyin edilməlidir. Əgər avqustun 23-nə kimi koalisiyon hükumət qurulmazsa, o zaman növbədənkənar seçkilər məsələsinin də gərgin şəraitdə müzakirə olunacağı istisna edilmir.

Lakin “erkən seçim” qərarı növbəti mərhələdə prezident tərəfindən də verilə bilər. Bu müddətdə isə ölkəni müvəqqəti “seçki hökuməti” idarə etməli olacaq.  Siyahı tərkibi isə parlamentd təmsil olunma nisbətinə görə müxtəlif partiya nümayəndələrindən ibarət olacaq...

Proseslər təkcə Türkiyəni və Türkiyə iqtidarını yox, həm də müxalifəti böhrana dartır. Çünki hökumətin “bacarıqsızlığını” nümayiş etdirən müxalifət liderləri həm də öz simpatizanlarını itirmiş olurlar.

Elektorat liderlərdən dialoq və anlayış gözləyir. Belə olduğu halda isə parlamentə olan ictimai etimad zəifləmiş olur. Və bu zəifləmə növbədənkənar seçkilərin də səmərəsini şübhə altına salır.

Hər halda, bu “dialoq” məsələsində son sözü Ərdoğan deyəcək... Olmaya, ölkəni iqtisadi böhrandan çıxarmış adam siyasi böhran vəziyyətində tamaşaçı olacaq?

 

Şərhlər

Çox oxunanlar