“Ermənilər özbaşına deyillər ki, istədikləri vaxt Qarabağa gəlib-getsinlər” - Zərdüşt Əlizadə
06.12.2021 13:30 A-reaksiya 522
Azərbaycan və Ermənistan XİN başçılarının Stokholmda planlaşdırılan görüşü baş tutmayıb. Daha doğrusu, Ermənistan parlamentarilərinin Azərbaycan ərazisinə qanunsuz səfərinə etiraz edən rəsmi Bakı Ermənistan tərəfi ilə bir masa arxasında oturmaqdan imtina edir.
Reaksiya.az xəbər verir ki, bunu yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib ki, hər iki tərəf öz diplomatik siyasi oyununu həyata keçirir:
“Azərbaycan tərəfi bu addımın ona xeyr gətirəcəyini hesab edib, bu onun hesablamalarıdır. Erməni tərəfinin buna necə reaksiya verəcəyi, hansı nəticə çıxaracağı və ya hansı addımı atacaq bilinmir.
Diplomatik çəkişmələr müsbət nəticənin əldə edilməsinə xidmət etmir, əksinə, ziddiyyətləri dərinləşdirir. Bu, ötəri bir hadisədir. Azərbaycan və Ermənistan barışıq və ziddiyyətli məsələlərin ümumi həlli kimi nəticələrini göstərməyəcəklər”.
Politoloqun sözlərinə görə, tərəflər mütləq görüşüb, barışmalıdırlar:
“Çünki 1 il öncəki qanlı müharibə minlərlə insanın ölümü ilə nəticələnib. İndi əks istiqamətdə hərəkət başlanılıb. Əlbəttə, tərəflər bir-birindən narazıdır. Müxtəlif hadisələrə fərqli baxışlar var. Lakin onlar mütləq görüşüb, barışmalıdırlar. Burada heç bir faciə yoxdur”.
Z.Əlizadə qeyd edib ki, Azərbaycan bu məsələni Rusiya ilə həll etməlidir:
“Azərbaycan bu məsələni Rusiya ilə həll etməlidir. Ermənistan ilə deyil. Çünki Laçın dəhlizinin işləməsinə Rusiya sülhməramlıları, prezidenti, xarici işlər naziri, müdafiə naziri nəzarət edir. Rusiya ilə bu məsələni danışmalıyıq, razılaşdırmalıyıq. Bu, Ermənistandan asılı bir şey deyil.
Ruslarla danışıb hansısa yeni qaydalar tətbiq etsək, vəziyyətin dəyişdiyini göstərərik. Qarabağla Ermənistan arasındakı ünsiyyətə Rusiya və Azərbaycan nəzarət edir. Yoxsa ermənilər özbaşına deyillər ki, istədikləri vaxt Qarabağa gəlib-getsinlər”.
Şərhlər