İrəvan KTMT-dən NATO ölkələrinə qaçır

06.12.2021 13:39     A-reaksiya     540

Obyektiv baxsaq, KTMT bir, maksimum iki dövlətin strukturu olub, var və olacaq. Rusiya və Belarusu nəzərdə tuturam. Digər dövlətlər onun döyüş potensialına heç cür cəlb olunmayıblar. Bu, xüsusən də Ermənistana aiddir.

Reaksiya.az xəbər verir ki, bunu Axar.az-a açıqlamasında rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bu yaxınlarda Ermənistanın Litva ilə hərbi əməkdaşlığına dair bağlanmış müqaviləni və Yunanıstan, Kipr və Ermənistanın birgə hərbi təlimlərini şərh edərkən deyib.

“Ermənistan bu təşkilatın tərkibində tamhüquqlu tərəfdaşlıq nöqteyi-nəzərindən, xüsusilə də ötən ilin hərbi məğlubiyyətindən sonra heç nədir. Əlbəttə, KTMT-də tamamilə qeyri-təbii vəziyyət yaranıb ki, təşkilatın bəzi üzvləri silahlı münaqişənin bir tərəfini, digərləri başqa tərəfi dəstəkləyir. İƏT-in bu yaxınlarda keçirilmiş zirvə görüşü zamanı 3 ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi. Bunula hər şey aydın oldu.

İrəvana çox aydın şəkildə bildiriblər ki, Ermənistanla Azərbaycan arasında dövlət sərhədi müəyyənləşdirilməyənə qədər baş verən atışmalar Ermənistan ərazisinə müdaxilə kimi qəbul olunmayacaq, buna görə də KTMT-dən de-yure və de-fakto hərbi yardım almaq üçün Ermənistan ən azı dövlət sərhədi ilə bağlı danışıqlara başlamalı və dəqiq koordinatları müəyyənləşdirməlidir. Aydındır ki, Ermənistan növbəti məğlubiyyətə razı deyil və öz silahlı qüvvəlrinin potensialını bərpa edəcək. Bunu yalnız beynəlxalq hərbi əməkdaşlıq və xarici hərbi iştirakla əldə etmək olar. İrəvan əsas Türkiyənin düşmənləri olan Yunanıstan və Kiprə, yəni Kiprin yunan hissəsinə yönəlib. Aydındır ki, mövcud geosiyasi reallıqda Yunanıstan və Kipr Respublikası Türkiyənin düşmənidir, bu da Ermənistana ​müttəfiq deməkdir. Türk Dövlətləri Təşkilatının bu ilin noyabrında keçirilmiş toplantısı məhz Ermənistanı Yunanıstan və Kiprin qoynuna itələdi və bu, təbii reaksiyadır, çünki İrəvan bu dövlətlərin simasında təbii müttəfiq əldə edib", - o qeyd edib.

Ekspertin sözlərinə görə, adı çəkilən dövlətlərin NATO ilə bu və ya digər şəkildə bağlı olmasına baxmayaraq, nə birgə təlimlər, nə də hərbi əməkdaşlıq haqqında ikitərəfli müqavilənin NATO ilə əlaqəsi yoxdur:

“Bu üçtərəfli ittifaq Türkiyəyə qarşı ümumi nifrət əsasında qurulub. NATO bloku öz təhlükəsizliyi naminə heç vaxt Ermənistana görə Türkiyəyə qarşı getməyəcək, bunu anlamaq lazımdır. Ona görə də Ermənistanın NATO ilə yaxınlaşmasının heç bir əlamətini görmürəm. Türkiyənin üç qədim düşməni tarixi-siyasi həmrəyliyi nümayiş etdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyi isə sağ qalmaq üçün hər bir ölkə və hökumətlə qardaşlaşmağa hazırdır, əsas odur ki, onlara ucuz, ya da təmənnasız yardım etsinlər”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar