Ərəb Körfəzində “soyuq müharibə” qızışır - TƏHLİL
18.08.2015 21:54 A-reaksiya 2876
Uzun illərdir Ərəb Körfəzi zonasında vəziyyət gərgin və qeyri-sabit olaraq qalır. Vaxtilə 10 il içində gah İranla, gah da Küveytə müharibə edən, buna görə də bölgənin “müharibə allahı” kimi tanınan Səddam Hüseyn artıq 12 ildir ki, “zərərsizləşdirilib”.
Lakin bu 12 ildə körfəz bölgəsində çox şey baş verib. Bir tərəfdən ərəb baharı qorxusundan repressiyalar, digər tərəfdən Bəhreyn hadisələri və şiələrin qətliamı, digər tərəfdən sünni-şiə amilinə görə İran və ərəb monarxiyaları arasındakı “soyuq müharibə”nin dərinləşməsi...
Bəzi hallarda burda daxili amillər, bəzən də xarici müdaxilələr rol oynayır.
Bəhreyn hadisələrində İranın etirazçıları dəstəkləməsi, Səudiyyə Ərəbistanından kiçik ada-dövlətə cəza dəstələrinin göndərilməsi həm İranda nifrəti artırdı, həm də Ərəbistan yarımadasında yaşayan azsaylı şiələri daha da radikal və qisascıl əhval-ruhiyyəyə köklədi. Bu qisasçılıq və kinli münasibətlər özüylə sürətli silahlanma yarışı və “soyuq müharibə” gətirdi.
Ərəb monarxları İraq və Suriyadakı sünniləri də silahlandırdığı bir zamanda, az qala hər gün bomba yağışı altında yaşayan şiə məzhəbli zeydilər (Xusilər hərəkatı da zeydilərin içində yetişib) İran və klassik şiə təmayüllü “Ənsərullah”ın dəstəyi ilə müqavimət göstərdilər.
Prinsipcə, Yəmənin şimalında, Səudiyyə ilə sərhəd ərazilərdə kompkat yaşayan zeydilərin var olmaq üçün başqa yolu yox idi. Gah hökumət qüvvələrinin, gah da Səudi qoşunlarının təzyiqi altında yaşayan şiələr bir neçə il ərzində əks-hücuma keçərək Sənaya çatdılar.
Hazırda Yəməndə müvəqqəti hökumət qurulsa da, ərəb monarxiyaları yarımadada şiələrin güc üstünlüyü ilə formalaşan heç bir hökuməti görmək istəmirlər. Hazırda İran müharibəyə girməsə də, Yəməndəki gərginlik Tehranı konkret addımlar atmağa sövq edir. Lakin Vyana sazişi hələ təsdiqlənməmiş regional müharibə ilə üz-üzə qalan və onsuz da blokadadan əziyyət çəkən İran elə Qərbin də bunu gözlədiyini yaxşı bilir. Ona görə də, Yəmənə soxulan koalisiya qüvvələrinə qarşı bəyanatla mübarizə aparmaqdan və qeyri-rəsmi şəkildə xusiləri silah-sursatla dəstəkləməkdən başqa bir iş görə bilmir.
İran İraqda İŞİD-lə mübarizədə nisbətən daha aktiv görünür. İraqda minlərlə “Hizbullah” döyüşçüləri və iranlı könüllülər İŞİD-ə qarşı vuruşur.
Tək bu ilin martında İran İraqa 10 milyard dollarlıq silah-sursat satıb. İranın nüvə proqamı ilə bağlı Qərblə sazişə getməsi ərəb monarxiyalarını bərk narahat edib və onların İranın sürətli inkişafından narahat olaraq, sürətli silahlanmaya başlaması açıq sezilir.
Sünni-şiə faktoru Ərəb Körfəzindən cənubdə Qırmızı Dənizə, qərbdə Aralıq dənizinə qədər böyük bir arealı təzyiq altında saxlayır.
Hazırda beynəlxalq təşkilatlar tərəfindən də dünyada satılan silahların təxminən üçdə birinin Yaxın Şərqə yönəldiyi və burda istifadə edildiyi bildirilir. Dünyanın ən çox silahlanan ölkələri arasında da Səudiyyə Ərəbistanı, İran, Qətər və BƏƏ kimi ölkələr yer alır. Bölgədəki ölkələrin (Yəmən istisna olmaqla) canlı qüvvə sayı ümumilikdə 1 miylonu keçir – İranın 523 min, ərəb monarxiyalarının 328,1 min, İraqın isə 177,9 min silahlı qüvvəsi var. Körfəz ölkələrinin cəmi xərcləri 2010-cu ildə 86,686 milyard ABŞ dolları idisə,
2014-cü ildə bu göstərici 148,295 milyard dollara çatıb.
Səudiyyə Ərəbistanının həbi büdcəsi keçən il 80,762 milyard dollar, İranın hərbi büdcəsi isə 15 milyard dollar olub.2007-2014-cü illərdə körfə ölkələri xaricdən silah almaqla bağlı 25 milyard dollarlıq saziş imzalayıblar.
Bu il iyulun sonunda Səudiyyə Ərəbistanı ABŞ-dan 5,4 milyard dollar dəyərində “Patriot” sistemləri almağa dair müqavilə imzalayıb. Həmçinin Rusiyadan “İskander” raket sistemlərinin də Riyada satışı barədə danışıqlar “soyuq müharibə”nin tədricən isinməsindən xəbər verir.
Şərhlər