Xaləddin İsgəndərov həbs olunacaq? - Təhlil

07.06.2015 00:20     A-reaksiya     4682

Ölkə mətbuatında Binəqədi icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun müavini İlqar Süleymanovun ölkədən qaçarkən, hava limanında saxlanıldığı barədə qeyri-rəsmi məlumat yayılıb.

Ola bilər ki, məlumat rəsmi qurumlarda təsdiqini tapsın, lakin bu informasiyanın yalan və ya şişirdilmiş olmaq ehtimalı da var. O da ola bilər ki, kimsə kimisə qurban versin...

Məsələn, xırda məmurları qabağa verməklə özünü həbsdən sığortalaya bilməyən icra başçısı Xaləddin İsgəndərov son anda öz müavinlərini, ən yaxın adamlarını “günah keçisi” kimi gündəmə gətirsin. Yaxud da, X.İsgəndərovun özünün “günah keçisi” olmaq ehtimalı var.

Amma bu faciənin Binəqədidə baş verməsi yalnız bir rayon miqyasında narahatlıq doğurmadı. Bakının və ölkənin bir neçə rayonlarında icra başçılarının “nəzərdən qaçırdıqları”, ya da bilərəkdən buraxdıqları nöqsanlar göz önünə gəldi.

İşbazların qısa müddətdə ev tikib satmaq “yaradıcılığı” yarımçıq qaldı. Bir daha ictimaiyyətdə məmurlara qarşı tələblər səsləndi. Ən böyük tələb isə məsuliyyətdir. Məsuliyyətli olmağı qanunlar da, ölkə başçısı da tələb edir...

Şübhəsiz ki, Binəqədi rayonu Bakının digər rayonları kimi gündən-günə gözəlləşir. Lakin gözəllik naminə “gözdən pərdə asmaq” bu rayonun rəhbərliyinə baha başa gələ bilər. Çünki rayona rəhbərlik işi tikinti ilə, abadlaşdırma ilə bitmir... Həm də işlərin məsuliyyətlə görülməsi əsas şərtdir.

Xaləddin İsgəndərovun bahalı “Vertu” telefonu, jurnalistlərə qarşı kobud davranışı, adının rayon ərazisindəki bir sıra obyektlərlə hallanması – onun tezliklə vəzifəsindən getməsi ehtimalını daha aktual edir.

Lakin proses həbsə qədər uzanacaqmı? Görünür ki, icra başçısı artıq vəzifə qorumaq üçün yox, sadəcə azadlıqda gəzmək üçün müəyyən dairələrə minnətçi düşə bilər.

Hər halda, bu, bəzi məmurların və işbazların da marağına cavab verir. Çünki icra başçısının dindirilməsi və istintaq prosesi zamanı ortaya çıxan faktlar çoxunun başını ağrıda bilər.

Amma icra başçısı yerində qalır, rayonun rəhbərliyinə davam edir... Qarşıdan I Avropa Oyunları da gəlir, bu yarışlar öncəsi büdcədən artıq pullar xərclənməsinə səbəb olan məmurlar insanların acısının bitməsini gözləyirlər.

İstənilən halda, həbslər və qovulmaların davam edəcəyi, başqa məmurlar və icra başçılarının ciddi şəkildə “narahat olacağı” gözləniləndir. O da gözləniləndir ki, tikinti şirkətləri və onları himayə edən şəxslər insanların təhlükəsizliyini düşünüb, tələm-tələsik və başdansovdu işlər görməsinlər. İkinci variantı Azərbaycan ictimaiyyəti daha çox gözləyir, lakin günahkarların cəzalandırılması kimi üçün stimul, kimi üçün isə ibrət ola bilər.  

Rüfət 

Reaksiya.az

Şərhlər

Çox oxunanlar