Suriya Avrasiya Birliyinə qoşulur? - TƏHLİL

19.08.2015 14:03     A-reaksiya     2536

Qərblə həm Rusiyanın, həm də Suriyanın münsibətlərinin pis olduğu bir vaxtda Putin illər əvvəl imzalanan müqavilənin icrasına başlayıb. Rusiya Suriyada vətəndaş müharibəsi başlamazdan öncə əldə olunmuş razılaşmaya əsasən bu ölkəyə 6 ədəd MiG-31 döyüş təyyarəsi göndərib.

Döyüş təyyarələri Dəməşqdə yerləşən Məzzə hərbi hava bazasına enib. Alış-satış Rusiya və Suriya arasında 2007-ci ildə imzalanmış müqaviləyə əsasən aparılıb. Həmin müqaviləyə görə, Rusiya Suriyaya 8 ədəd MiG-31 satmağa razılaşmış, lakin İsrailin təzyiqi ilə bu müqavilənin icrası təxirə salınmışdı.

Uzun müddət BMT Təhlükəsizlik Şurasında veto hüququndan istifadə edən Rusiyanın özü də indi yeni təhdidlə üz-üzədir: Britaniya və Fransa Rusiyanın veto hüququnu məhdudlaşdırmağa çalışır.

Həmçinin Moskvanın Suriyanın iqtidarı ilə müxalifəti arasında dialoq təşkil etmək, yeni koalisiya yaratmaq üçün təşkil etdiyi danışıqlar ümidsiz görünür və gözləniləndir ki, bu danışıqlar qısa müddətdə qırılacaq.

Lakin nə Rusiya, nə də İran sona qədər Dəməşqi dəstəkləmək fikrindən vaz keçməyəcəklər – bu, çox aydın görünür. Suriyada ən kiçik güzəşt Moskvanın bölgədə üstünlüyünü və beynəlxalq oyunlar masasındakı kartlarının sayını azaltmış olacaq. Bu baxımdan, yeni koalisiya təşəbbüsünün uğursuzluğunu sığortalamaq üçün, Moskva daha qəti və revanş xarakterli addımlar ata bilər.

Bəlkə də, hər hansı açıqlamalar məhz Vaşinqtonu “həyəcanlandırmaq” üçündür. Əlbəttə ki, söhbət Suriyanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqına qoşulması ethimalından gedir.

Hazırda Suriya və Rusiya arasında bu istiqamətdə danışıqlar da gedir və hər iki dövlətin yüksək səviyyəli rəsmiləri bunu o qədər də gizlətmirlər. Ötən ay Suriyanın baş naziri Vail əl-Halki “RİA Novosti”yə müsahibəsində bu istiqamətdə danışıqlar getdiyini və Dəməşqin buna maraqlı olduğunu demişdi. O, dost münasibətlərin bir ittifaqda olmaq üçün zəmin yaratdığını vurğulayaraq, üzvlük ərizəsinin hələ 2014-cü ilin oktyabında təqdim olunduğunu qeyd edib.

Hazırda Suriya üçün də bu ittifaq məsələsi son nicat yolu kimi görünür. Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqında üzvlükdən daha çox Suriyanın iqtisadi mənfəət götürəcəyi şübhəsizdir. Lakin siyasi baxımdan Rusiya Yaxın Şərqdə mühüm mövqe qazanmış olacaq.

Suriyanın çox az hissəsinin Əsəd idarəsində qalmasına baxmayaraq, bu ölkədə hakimiyyət rıçaqları hələ tam süquta uğramış vəziyyətdə deyil və nisbi sabitliyin və ya müvəqqəti də olsa atəşkəsin əldə olunacağı halda, Bəşər Əsəd sürətlə vəziyyəti öz xeyrinə dəyişə bilər.

Həm də Rusiya Suriyada “iqtisadi maraqlarının olduğunu” əsas gətirərək, proseslərə daha çox müdaxilə etmək imkanları qazanacaq.

Suriya baş nazirinin müsahibəsində də bildirdiyi kimi, Rusiya ilə Suriya arasında qaz emalı, irriqasiya sistemləri və elektrik stansiyalaırnın inşaatına dair bir sıra mühüm sazişlər də imzalanıb. Həmçinin 2013-cü ildə Rusiyanın “Soyuzneftqaz” şirkəti tərəfindən Suriyanın Aralıq Dənizi sahillərindəki neft yataqlarının işlənməsi ilə bağlı müqavilə imzalanıb. Bu müqavilənin müddəti 25 ildir.

Suriya ərazi sularında şelf qazıntıları ilk dəfə məhz bu müqavilənin icrası zamanı gerçəkləşdiriləcək. Müqavilənin ilk beş ildə dəyəri 88 milyon dollar olacaq.

“Soyuzneftqaz” 15 milyon dollar sərmayə yatıraraq, qazıntı-kəşfiyyat işləri aparmalı, qazıntı yerlərini müəyyən etməlidir. Daha sonrakı mərhələdə isə Rusiya şirkəti bir sınaq quyusunun işlənməsinə ən az 75 milyon ABŞ dolları yatırmalı olacaq. Bu layihə uğurlu olarsa və kommersiya əhəmiyyətli qaz və neft yataqları aşkar olunarsa, podratçı şirkət yataqların və hasilatın işlənməsi iıə məşğul olacaq. Şelf qazıntılarının getdiyi 2 saylı Blok Tartus və Baniyas şəhərləri arasında yerləşir. Sahil boyunca 30 kilometr uzanan, sahildən şərqə doğru isə 70 kilometrlik məsafəni əhatə edən “qazıntı-kəşfiyyat sahəsi” ümumilikdə 2190 kvadrat kilometrdir. Bu isə o deməkdir ki, Rusiya tam hüquqi şəkildə ən az 25 il ərzində bu ərazinin mühafizəsi və təhlükəsizliyin qorunması üçün “lisenziya” əldə edib, həmin ərazilərə kənar qüvvələrin hücumu olacağı təqdirdə Moskva sərt addımlar atmağa qadir olacaq.

Dəməşq Rusiya və Belarusdan olan həmkarlarla iqtisadi əməkdaşlığın inkişafı və kreditlərin artırılması mövzusunda danışıqlar gedir və Suriya baş naziri kreditlərlə daxili bazarı və zəruri ərzaqlarla bağlı istehsalı artıracaqlarına ümid edir.

Yardımlar onsuz da var, 2014-cü ildə “sosial problemlərin aradan qaldırılmasına yardım” üçün Rusiyadan Suriyaya 240 milyon ABŞ dolları dəyərində kredit ayrılıb ki, bu pulun 46 milyonu Dəməşqə hədiyyədir.

Rusiyanın Dəməşqdə bəslənilən ümidləri müsbət cavablandırdığı da şübhə doğurmur, amma Kreml Rusiyanın öz iqtisadi problemlərini unudub Suriyanı “dolandıracağı” da inandırıcı deyil. Rusiya prezidenti Vladimir Putin dəfələrlə “Suriya xalqının yanında olduğunu” bəyan edib, Dəməşqə dəstək ifadə edib.

Bu dəstəyin və dostluğun növbəti təzahürü Avrasiya İqtisadi Birliyində də görünə bilər. Lakin belə olacağı halda, Türkiyə və Səudiyyə Ərəbistanının necə reaksiya verəcəyi bəlli deyil. Həmçinin hazırda Rusiya ilə münasibətləri normallaşdırmağa çalışan ABŞ administrasiyası sanksiyaları sərtləşdirməkdən başqa seçimlə üzləşmir...

Suriyada böhranın dərinləşməsi Rusiya və ABŞ-ın “bir-birinə yönələn yumruqlarını” daha yaxınlaşdırır. Sözügedən ittifaq məsələsi isə bu “yumruqlaşma”da kulminasiya nöqtəsi olacaq.

Yəqin ona görə də, Rusiya Dəməşqin üzvlük ərizəsinə hələ “hə” deməyə tələsmir.

Şərhlər

Çox oxunanlar