Səudilərdən İsrailə Kürdüstan təklifi? - İDDİA +TƏHLİL
19.08.2015 15:12 A-reaksiya 2660
“Səudiyyə Ərəbistanı İsrailə İraq, Suriya, Türkiyə və İran torpaqlarında müstəqil bir kürd dövləti qurulmasını da nəzərdə tutan 7 maddəlik bir plan təqdim edib”.
Bu iddialar “The American Interest”də yayımlanan "Ən yaxşı zamanlar ən pis zamanlar. Kürdlər İŞİD təhdidi altında belə yeni güc qazanır” başlıqlı yazıda yer alıb.
Suriya, İraq, Türkiyə və İran arasında dağılmış kürdlər üçün, bu gün Dikenzin Fransa inqilabını təsvir etdiyi kimi görünür: "Umid baharıydı, çarəsizlik qışıydı, önümüzdə hər şey vardı, önümüzdə heç bir şey yox idi, hamımız düz cənnətə gedirdik, hamımız düz başqa səmtə gedirdik”.
General Ənvər Məcid Eşqi tərəfindən İsrailə təklif edilən 7 maddəlik planda Kürdüstan dövlətini yaratmaq təklifinin də yer aldığı iddia olunur.
Səudilərin İran və Suriya ilə münasibətləri yaxşı deyil, bu baxımdan kürdlərə dəstək vermək arzusu anlaşılandır, lakin müttəfiq Türkiyə üçün bu cür təşəbbüs “acı sürpriz” ola bilərdi.
Türkiyənin hazırda PKK terroru ilə mübarizə apardığı zamanda, Suriya kürdlərinin silahlı təşkilatı PYD-nin də PKK-ya dəstək verdiyi halda, Ankara çətin bir dövrdədir. Həmçinin hökumət böhranı dövlətin sabitliyi ilə bağlı problemlər yaradır.
Özü də yetərincə problemlər içində olan, həm İŞİD, həm də şiələrdən təhdidlərlə üzləşən Ər-Riyad niyə belə təkliflə çıxış etsin?
Həmçinin İsrail – Ankara ilə münasibətlər nə qədər gərgin olsa da, Tel-Əvivin bu qədər uzağa gedəcəyi gözlənilən deyil. Lakin məsələ bundadır ki, onsuz da İraqda Kürdüstan muxtariyyəti var. Lakin İraqın şiə hökuməti İranla yaxşı münasibətlərdədir.
Bağdadı zəiflətmək üçün isə Süleymaniyə amilindən istifadə etmək olar. Digər tərəfdən, son günlər İrandakı PJAK dəstələri də aktivləşib, lakin İranın təhlükəsizlik qüvvələri ilə mübarizə aparacaq gücdə alternativ qüvvə mövcud deyil.
Türkiyədə vəziyyətin gərginləşərək vətəndaş müharibəsinə qədər çıxması İsrailə də sərf etmir, çünki radikal islamçıların da Türkiyədə yeni qüvvə kimi (“Suriya təcrübəsi”ndən ilhamlanaraq) ortaya çıxacağı halda, həm İsrail, həm Səduiyyə krallığı,həm də Qərb yeni problemlə üzləşəcək: Şərqlə Qərb arasındakı qapı rolunu oynayan Türkiyədə vətəndaş müharibəsinin, iğtişaşların başlaması dünya bazarına da təsir edəcək.
O zaman dünyanın maliyyə bazarının mühüm hissəsinə nəzarət edən yəhudi əsilli iş adamları da narazı qalacaq.
Həmçinin İsrailin Cənubi Qafqazdakı tərəfdaşı Azərbaycan da müharibə riski ilə üz-üzə qalacaq. Çünki Bakı ilə Ankara arasındakı bağlar bölgədəki müharibə və sabitliyin pozulması riskinin qarşısını xeyli alır.
Türkiyə amilinin əhəmiyyəti bir tərəfdə, digər tərəfdə isə kommunist-marksist təmayüllü PKK amili... Səudilər “təki islamçılar” olmasın deyə bu addımı atmağa hazırdırmı?
Yoxsa, Ankara faktorunu ərəb dünyasından uzaqlaşdırmaq üçün belə planlar qurulur?
Bütün sualların bir cavabı var: Terrora və xaosa xərclənən pullar, verilən dəstək bumeranqa bənzəyir – geri qayıda bilər.
Şərhlər