Şərtsiz baş tutan Moskva görüşünün ŞƏRTLƏRİ
14.01.2022 13:40 A-reaksiya 591
2 il əvvəl – 10 oktyabr 2009-cu ildə İsveçrənin Sürix şəhərində Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması haqqında tarixə “Sürix protokolu” kimi düşən razılaşma imzalandı. Protokol-razılaşma hər iki ölkənin parlamentində ratifikasiya olunmadı və nəticədə təbii ki, münasibətlər də normallaşmadı.
Sürix protokolunda Azərbaycan mövzusu yer almamışdı. 44 günlük müharibədə Azərbaycanın qələbəsi bölgədə yeni reallıqlar yaratdı və Türkiyə-Ermənistan münasibətlərinin normallaşması yenidən gündəmə gəlib. Bu gün Moskvada Türkiyə və Ermənistanın təyin etdiyi “təmsilçilər”- Sərdar Kılıç və Ruben Rubinyan arasında görüş keçirilir. Bu ilk görüşdür və çox güman ki, daha çox tanışlıq xarakteri daşıyacaq. Qeyd edək ki, Türkiyədə, xüsusilə Ermənistanda bu “normallaşma” istiqamətində diplomatik müzakirələr və oradan yaranacaq perspektiv əlaqələr birmənalı qarşılanmır, etiraz edənlərin sayı çox olsa da, həlledici qərar yüksək səviyyədə verildiyi üçün görüş realdır.
Hər zaman bu münasibətlərin yaranması üçün Ermənistanın da, Türkiyənin də şərti olub. Ermənistanın şərti bu olub ki, görüşüb danışıqlar aparmaq üçün əvvəlcədən şərt irəli sürülməsin. Türkiyə tərəfinin isə şərtləri belə olub: Ermənistan Türkiyəyə ərazi iddiasından imtina etməli, bu iddianı Konstitusiya maddəsindən çıxarmalı, “erməni genosidi” barədə tələblərini dayandırmalı, Azərbaycanın ərazi bütövlüyünü tanımalı. Bunlar müharibədən əvvəl də, sonralar da Türkiyənin tələbləri olub. Əslində Ermənistanın “şərtsizlik” tələbinin erməni maraqlarını birləşdirən ən böyük şərt olduğu məlum məsələdir, çünki İrəvan həm Türkiyəyə iddialarını saxlayır, həm də Türkiyə ilə əməkdaşlıq edib iqtisadi blokadadan çıxmaq, ticarət əlaqələrini inkişaf etdirmək istəyir.
Moskvanın qeyri-rəsmi vasitəçiliyi ilə bu dəfə Ermənistanın şərti qəbul olunub. 2009-cu ildən fərqli olaraq Azərbaycan da qələbədən sonra bu əməkdaşlığa etiraz etməyib. Bu görüşün nəticələrindən biri olacaq mərhələ, İstanbul-İrəvan avia reysinin açılmasına artıq prinsipial razılıq əldə edilib və mart ayında ilk reys həyata keçiriləcək. Təmsilçilərin növbəti əldə edəcəyi razılaşma mümkündür ki, Zəngəzur dəhlizindən avtonəqliyyat yolunun açılması ilə bağlı olacaq. Yolun hazır olması, müasir tələblərə cavab verməsi nə qədər zaman çəkəcək.., hələ bəlli deyil. Və yəqin ki, bundan sonra iqtisadi əməkdaşlıq, əlaqələr inkişaf edəcək.
Bəs, diplomatik əlaqələr necə, bu mərhələlərdən sonra baş tuta bilərmi?
Konsulluq, səfirlik yaradılması bu gün real görünməsə də, bir müddətdən sonra diplomatik münasibətlər hansısa formada əksini tapa bilər.
Qeyd olunanlar hələ ki, nəzəri tərəflərdir və müsbət yekunu suallar altındadır. Başqa suallar da var. Kim zəmanət verir ki, Ermənistan dövləti diasporanın əli ilə qondarma genosid təbliğatını aparıb Türkiyəyə təzyiq vasitəsi kimi istifadə etməyəcək və məsuliyyətdən yaxa qurtarmaq üçün bunun rəsmi mövqe olmadığını, diaspor təşkilatlarının fəaliyyətinin olduğu bəhanəsini bildirib vəziyyətdən çıxmağa çalışmayacaq? Bu gün hərtərəfli böhranda olan Ermənistan Türkiyənin iqtisadi, ticari əməkdaşlığından bəhrələnib gücləndikcə iddialarını da artırması tamamilə mümkündür, çünki ermənilər hələ Osmanlı dönəmində türklərin yaratdığı bütün şəraitlərdən bəhrələnərək ölkənin maliyyə və digər strukturlarında yer tutub Türkiyəyə xəyanət etdiyi tarixi faktdır. Bu millətin məkrliliyi, hiyləgərliyi və qəddarlığı bir xislətdir. Konstitusiyasında Türkiyəyə torpaq iddiasını əks etdirən bir dövlət daim müharibə istəyində olacaq. Bu və başqa iddialarda olan Ermənistanı dirçəltmək nə dərəcədə məqsədəuyğundur?
Ermənistanla sərhədlər açılandan sonra guya Türkiyəyə gedib gəlməklə ermənilərdə türklərə məhəbbət yaranası deyil. Ermənin biri Qrand Dink idi, redaktoru olduğu “Aqos”qəzetində hər gün Türkiyənin əleyhinə yazılar yazırdı, xaricdə əks təbliğat aparırdı. Biri də indi kürd partiyasında təmsil olunub Türkiyə Böyük Millət Məclisində deputat olan Karo Paylandır. Bu erməni, hətta Türkiyəni Azərbaycana yardım etməkdə günahlandırıb məsələni Məclisdə müzakirəyə çıxarmağa çalışırdı. Tələt Paşanın adına olan yerlərdən onun adını silmək təklifi ilə parlamentdə çıxış edən Türkiyə vətəndaşı olan ermənidir. Ermənistan vətəndaşı Karo Paylandan fərqli münasibətmi ortaya qoyacaq? Onların Türkiyəyə, Azərbaycana mövqeyinin dəyişəcəyinə inanmaq sadəlövhlükdür.
Türkiyə həmişə Azərbaycanın yanında olub və olacaq. Ermənistanla münasibətlərin normallaşmasının üst səviyyəsi o zaman olacaq ki, qarşı tərəf Azərbaycanın sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.
Moskva görüşündən sonra hadisələrin inkişafı yalnız Türkiyə-Ermənistan müstəvisində deyil, Ermənistan Azərbaycan arasında tezliklə həllini gözləyən sərhədlərin delimitasiyası, demarkasiyası, Zəngəzur dəhlizinin açılması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması ilə bağlı olacaq. Şərt irəli sürmədən baş tutan Moskva görüşünün perspektiv şərtləri reallaşmayınca münasibətlərin normallaşmasını Sürix protokolunun taleyi gözləyir.(yenicag.az)
İlham İsmayıl
Şərhlər