NATO nüvə müharibəsinə hazırlaşır? - TƏHLİL
20.08.2015 13:56 A-reaksiya 2966
“Soyuq müharibə” vaxtından bəri ilk dəfə olaraq, NATO desantları Avropada ən böyük təlim keçirlər.
11 ölkənin – Bolqarıstan, Böyük Britaniya, Almaniya, Yunanıstan, İspaniya, Polşa, İspaniya, Niderland, ABŞ və Portuqaliyanın qatıldığı bu təlimlər sentyabrın 13-dək davam edəcək.
“Swift Response -15” (“Çevik cavab – 15”) adlı təlimlərə 4,8 mindən çox hərbçi cəlb olunub.
Təlimlərin kulminasiyası avqustun 26-da Almaniyada Xoxenfels və Bolqarıstandakı Novo Selo poliqonlarına paraşütçülərin enməsi ilə müşahidə olunacaq. Hər təlim əməliyyatında min paraşütçünün və xeyli sayda hərbi texnikanın iştirakı planlaşdırılıb.
Moskvada bu təlimləri “növbəti siqnal” kimi qəbul ediblər.
RF Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədri Aleksey Puşkov öz “Twitter” hesabında ironiya ilə yazıb: “NATO-nun “Soyuq müharibə” vaxtından bəri ilk dəfə olaraq keçirdiyi ən irimiqyaslı təlimlər alyansın sülhsevərliyi barədə nümayişkəranə siqnaldır”.
Bu il ərzində birinci olmayan desant təlimlərinin ardınca Ukraynada da birgə təlimlərin keçirilməsi gözlənilir və bütün bunlar həm Qərbin ehtimal olunan toqquşmalara hazır olması, həm də Rusiyaya xəbərdarlıq mesajı kimi dəyərləndirilə bilər.
Qərb bununla demək istəyir ki, “dialoqlara gedirik, lakin digər vasitələrdən də istifadə etmək imkanlarımız var və zamanı gəldiyində bu variantları nəzərdən keçirə bilərik”.
Çexiyalı NATO generalı Pyotr Pavel hələ may ayının sonunda mətbuata verdiyi açıqlamasında bəyan etmişdi ki, “rəqibin aqressiyası” halında alyans nüvə silahını da tətbiq etməyə hazır olacaq. O, Rusiyanı nəzərdə tutaraq rəqibə “taktiki zərbə” endirəcəklərini deyib. Lakin o qeyd edib ki, Rusiya Baltikyanı ölkələri və Kiyevi cəmi 2 həftəyə işğal edə bilər.
Oxşar qənaətlər “Stratfor”un hərbi ekspertləri tərəfindən də ifadə olunub. Lakin dünya politoloqları heç də düşünmür ki, Rusiya bu ölkələrə qarşı hansısa hərbi fəaliyyət planlaşdırır.
Rusiyanın şimal-qərb qonşuluğunda NATO-nun 6 bazası var və bu, Moskvanı da narahat etməyə bilməz.
Qərb siyasiləri də, müxtəlif ekspertlər də dəfələrlə vurğulayıblar ki, ABŞ və NATO “Avromaydan”dan sonra Ukraynada, xüsusilə də Krımda hərbi baza yaratmaq, Qara Dənizdə strateji üstünlük əldə etmək fikrində idi. Lakin bu planlar Rusiyanın dərhal hərəkətə keçməsi ilə alt-üst olub.
Rusiya prezidenti Vladimir Putin avqustun 19-da Krımın təhlükəsizliyi üzrə keçirilən toplantıda bildirib ki, regionda vəziyyətin gərginləşməsi, sabitliyin pozulması ilə bağlı xarici qüvvələrin təhdidləri qalmaqdadır.
Onun sözlərinə görə, nasionalist elementlərdən, vətəndaşların narazılığı və hakimiyyətlərin hər hansı səhvlərindən istifadə variantlarına əl atıla bilər.
Rusiya prezidenti qeyd edib ki, diversiya və sabotaj aktlarının gerçəkləşməsi, radikal təbliğat və digər pozuculuq işləri üçün kadrların və strukturların hazırlanması aparılır. O vurğulayıb ki, bəzi paytaxtlarda bu planlar haqqında açıq söhbətlər gedir. Putin Krımın federal və yerli orqanlarını təxribatlara qarşı diqqətli olmağa çağırıb.
Rusiyanın Krımda mühüm qüvvələr və silahlar toplaması açıq-aşkar Avropanı narahat edir, mümkün ssenari və addımlar nəzərdən keçirilir. Bu, şübhəsizdir. Ukrayna isə hər beynəlxalq görüş və tədbirlərdə Rusiya amilini qeyd edir və Qərbdən konkret addımlar tələb edir. Qərb isə Rusiyanın hərbi gücü qarşısında Ukraynanı razı salmaq üçün nələr itirəcəyini gözə aldıqda, indiki mərhələdə dialoqdan savayı variant görmür. Lakin yenə də, uzun illər boyu hərbi büdcəni xeyli ixtisarla tərtib edən və müdafiəsində xeyli boşluqlarolan Avropa ölkələri son 1 il ərzində sürətlə silahlanmaya başlayıb.
Xüsusilə də iqtisadi problemlərlə üz-üzə qalan Avropa ittifaqı ölkələri hazırda hərbi büdcəni də böyütməyə məcbur qalıblar, bu isə regionun iqtisadiyyatında yavaşlamalara və bazarlardakı optimizmin azalmasına səbəb olub.
NATO generalı Devid Perkins “soyuq müharibə” dövründəki hərbi taktika planlarına nisbətən, hazırdakı vəziyyəti daha xaotik adlandırıb. O, müasir müharibənin daha çətin və bu müharibədə aqibəti əvvəlki kimi “riyazi üsulla” hesablamağın mümkün olmadığını hesab edir.
Londonda yerləşən “European Leadership Network” analitik mərkəzi NATO-nun son 1 il ərzində Avropada keçirdiyi təlimlərə, hərbi toplantılara diqqəti çəkərək, burda “Rusiya ilə müharibə ssenarisinin” hazırlanması ehtimalını vurğulayıb. Mərkəzin analitikləri NATO-da müharibə ssenarisinin hazırlandığını onunla da əsaslandırırlar ki, ötən illərə nisbətən təlimlərdə aktivləşmə başlayıb, nəzərlər Yaxın Şərq və digər regionlardan birbaşa Avropa sərhədlərinə doğru geri çəkilir və müdafiə və əks-hücum taktikası üzrə irimiqyaslı strategiyanın işlənməsi həyata keçirilir.
Mövzu ilə bağlı azərbaycanlı politoloqların də fikirləri diqqəti çəkir.
NATO Əməkdaşlıq İnstitutunun rəhbəri, politoloq Fərrux Məmmədov bu addımları sadəcə təhlükəsizliyi qorumaq səbəbi ilə əsaslandırır: “Rusiyanın xarici siyasəti işğalçılıq xətti üzərində qurulub. 2008-ci il Gürcüstan və 2014-cü ildə Krımın ilhaqı və bu gün Ukraynada gedən müharibə bunu deməyə əsas verir. Rusiya bununla da kifayətlənmək fikrində deyil və onun əsas hədəflərindən biri Cənubi Qafqaz və Baltik ölkələrində öz diktəsini sürdürməkdir. Rusiyanın bu agressiv siyasətini görən Qərb və Avropa savah kı,təhlükələrdən qorunmaq üçün və təhlükəni minimuma endirmək üçün özlərinin, müttəfiqlırin və tərəfdaşların təhlükəsizliyini qorumaq məcburiyyətindədirlər. Bugün NATO çərçivəində Avropa ərazisində raketdən müdafiə sistemlərin qurulması tam normal olaraq qəbul olunmalıdır. Bura qeyri-adi bir nüans axtarmaq lazım deyil. Rusiya sadəcə olaraq öz səhvlərini deyil, başqalarının hərəkətlərini müzakirə edir və nəticə olaraq, beynəlxalq arena da məhvə dogru addımlayır. Rusiya ikinci dünya müharibəsindəki qalibiyyəti nəzərə alaraq özünün güclü olduğunu söyləyərək mühariə axtarışındadır, Lakin bir məqamı unudur ki, Amerikanın müdaxiləsi olmasaydı, faşizm üzərində qalibiyyət olmayacaqdı. Rusiya bugün istər NATO, istərsə də ayrılıqda Amerika müharibə aparmaq gücündə deyil, bunun səbəbləri coxdur. İstər maddi-tezniki baza baxımından, istər canlı qüvvə, baxımından istərsə də güc baxımından Rusiya çox geridir. Bütün bunları nəzərə alanda görəcəyik ki, Rusiya müharibə üçün hazır deyil. Bunu Rusiya özü də yaxşı bilir. Lakin əgər hər hansı Avropa Birliyi və ya NATO ölkəsinə Rusiya müdaxilə edərsə, o zaman Amerika və NATO Rusiyaya lazım olan cavabı açıq şəkildə verəcək”.
“Cənubi Qafqaz” Politoloqlar Klubunun rəhbəri, politoloq İlqar Vəlizadə də Avropanın Rusiyanın hərbi gücündən narahat olduğunu desə də, NATO-nun yenidən güclənməyə çalışmasında nə Krım, nə də Ukrayna böhranının əsas səbəb olmadığı qənaətindədir.
“NATO uzun illər sıralarına qəbul etdiyi üzvlərin hərbi potensialına, hərbi güc imkanlarına yetərincə diqqət etməyib. Burda sanki tələm-tələsik qəbul gerçəkləşdirilirdi. Mərkəzi və Şərqi Avropa regionunda NATO üzvləri yetərincə hərbi gücə malik deyil. Ənənəvi və ya köhnə üzvlər olan Fransa, Almaniya, Britaniya və İtaliya kimi ölkələr isə son illərdə xeyli ixtisarlar aparıblar, hərbi büdcənin də artırılmasına önəm verməyiblər. Qərbdə əsas oyunçu kimi ABŞ görünür və onun Avropada genişlənməsində, hərbi bazaların qurulması və hərbi gücün yenilənməsində avropalı üzvlər sadəcə tərəfdaşdır. Regionda konfliktogenliyin artması bazarlara xoşagəlməz təsir göstərsə də, hərbi sənaye komplekslərinin inkişafına səbəb olur. Məsələn, Rusiyanın hərbi sənayeyə diqqət yetirməsi bu sahənin inkişafına səbəb olub, həm də Rusiya xaricə silah satır, yeni bazarlar axtarır. Konfliktogenlik artsa da, regionda irimiqyaslı toqquşmalar gözlənilmir. Ola bilər ki, Dnestryanında, Ukraynada lokal toqquşmalar olsun, amma birbaşa şəkildə NATO və Rusiya arasında qarşıdurma gözləmirəm”.
İ.Vəlizadə bəzi NATO generallarının “nüvə müharibəsinə hazırlıq” barədə açıqlamalarını onların öz hərəkətlərinə haqq qazandırması kimi qiymətləndirib. Politoloqun fikrincə, hazırda və yaxın gələcəkdə nüvə müharibəsi təhlükəsi yoxdur: “Sadəcə uzun müddət Avropa dövlətləri hərbi komplekslərə, ordularının potensialına diqqət yetirməyiblər, indi qəfil hərəkətə keçmələrinin səbəbini kənardan təzyiqlə əsaslandırmağa çalışırlar”.
Şərhlər