Ukraynaya 500 milyard yardım verilir - “Təəssüf ki,bu dəstək Azərbaycana münasibətdə hiss edilmir”
04.07.2022 12:42 A-reaksiya 491
Bu gün İsveçrənin Luqano şəhərində Ukraynanın bərpası ilə bağlı donor konfransı keçiriləcək. İlkin məlumatlara görə, Ukraynanın müharibədən sonrakı bərpası üçün 500 milyard avrodan çox donor vəsaiti ayırıla bilər. İnfrastruktur və təhlükəsizlik, iqlim və rəqəmsal iqtisadiyyat investisiyaları və enerji şaxələndirilməsi kimi istiqamətlərə vəsaitin ayrılacağı gözlənilir.
Ukraynaya ayrılması gözlənilən yardım bu ölkənin Ümumi Daxili Məhsulundan (ÜDM) 2.5, dövlət büdcəsinin gəlirlərindən isə 12 dəfə çoxdur.
Qeyd edək ki, 2021-ci ildə Ukrayanda ÜDM 198, büdcə gəlirləri 42 milyard dollar olub. Rusiya-Ukrayan müharibəsindən sonra qrivnanın dəyirsizləşməsi və savaşın real sektorunda yaratdığı ciddi durğunluq fonunda sözügedən ölkənin makro-iqtisadi göstəriciləri dollar və real ifadədə kəskin pisləşib.
İqtisadçı, deputat Vüqar Bayramov bildirir ki, Ukraynanın bərpası üçün yardımın nəzərdə tutulması və donor konfransının keçirilməsi təqdirəlayiq haldır. O Azərbaycanın da Ukraynaya humanitar yardım edən ölkələrdən biri olduğunu xatırladır.
"Savaş başladıqdan sonra Azərbaycan humanitar dəstək ilə yanaşı, Ukraynada təcili yardım maşınlarını da pulsuz yanacaqla təmin edirdi" - deyə, deputat qeyd edib.
V.Bayramov bildirir ki, ölkəmizin ərazisinin 20 faizə yaxını erməni işğalı dövründə tamamilə dağıdılıb:"30 ilə yaxın işğal müddətində Qarabağda infrastrukturun dağıdılması, əmlakın barbarcasına mənimsənilməsi Azərbaycana milyardlarla ziyan vurub. Hazırda dəymiş ziyanın konkret məbləği hesablanıb yekunlaşmaq üzrədir. Son 2 ildə işğaldan azad olunan ərazilərimizin bərpası üçün dövlət büdcəsindən 4 milyard 870 milyon manat vəsait ayrılıb. Azərbaycan heç bir xarici yardım olmadan azad olunan əraziləri bərpa edir və yenidən qurur".
İqtisadçının sözlərinə görə, bununla yanaşı, Ermənistan işğalı nəticəsində dəymiş ziyanın məbləği kifayət böyükdür və bu isə o deməkdir ki, bərpa prosesi böyük vəsait tələb edəcək:"Təəssüf ki, dost Ukraynaya olan beynəlxalq donor dəstəyi Azərbaycana münasibətdə hiss edilmir. Halbuki, Qarabağ və Şərqi Zəngəzurun bərpasına olacaq dəstək eyni zamanda regionadakı təhlükəsizliyin formalaşması və güclənməsi baxımdan da vacibdir".
Şərhlər