AMEA-nın taleyi necə olacaq? - ŞƏRH
27.07.2022 13:37 A-reaksiya 551
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gələcək taleyi həm sosial şəbəkələrdə, həm də ictimaiyyətdə müzakirə mövzusuna çevrilib. Artıq dünəndən etibarən sosial şəbəkələrdə bəzi istifadəçilərin akademiyanın ləğv edilməsi ilə bağlı çağırışlar etdiklərinin şahidi oluruq. Bəziləri isə AMEA-nın ölkə elminə tarixi töhfələr verdiyini və burada hələ də ciddi elmi tədqiqatların aparıldığını əsas gətirir. Buna görə də onlar akademiyanın əsas elmi təsisat olaraq qorunub saxlanılmasının zəruriliyi fikrindədirlər.
Təbii ki, Azərbaycanda elmə və təhsilə çox böyük diqqət göstərilir. Amma görünən odur ki, nə qədər diqqət göstərilsə də, bu sahədə boşluqlar hələ də mövcuddur. Bu isə ciddi islahatların həyata keçirilməsini labüd edir. Müşahidələrimiz də onu deməyə əsas verir ki, əksəriyyət birmənalı olaraq AMEA-da islahatlara başlanılmasının tərəfdarıdır. Bu isə islahatların bütün sahələrdə olduğu kimi, elm sahəsində də geniş şəkildə aparılmalı olduğuna əsas verir.
Artıq uzun müddətdir ki, AMEA-nın fəaliyyəti ictimaiyyətdə narazılıqlarla qarşılanmaqdadır. Bəziləri akademiyada fəaliyyət göstərən elm adamlarını elmsizlikdə, bəziləri ümumiyyətlə fəaliyyətsizlikdə ittiham edirlər. Təbii ki, bunları orada çalışan bütün şəxslərə şamil etmək doğru olmaz. Elmlər akademiyasında doğrudan da, öz savadına, biliyinə və istedadına güvənərək fəaliyyət göstərən, yeniliklərlə çıxış edən elm adamları var. Onlar Azərbaycan elmini dünyada təmsil edir və mütəmadi olaraq uğurlara imza atırlar. Amma ümumilikdə açıq-aydın görünən odur ki, qocaman elm ocağımız sanki yaşlaşıb və taqətdən düşüb. Fikrimcə, elm ocağında çalışanların qocalması elmi fəaliyyətin tam məhdudlaşdırılmasına səbəb ola bilməz. Ona görə də problemin kökü araşdırılmalıdır.
Təbii ki, yaşlı nəslin nümayəndələri elmi fəaliyyətlə məşğul ola bilər. Buna hər bir cəmiyyətin və hər bir xalqın ehtiyacı var. Ümumiyyətlə, alimlik səviyyəsinə çatmaq üçün zamana ehtiyac olduğunu nəzərə alsaq, alimlərin yaşlı nəslin nümayəndələrindən olması da anlaşılandır. Amma gəlin bir qədər də açıq danışaq: son illər hansı alimimizin ölkəmizə, xalqımıza, millətimizə yeni-yeni töhfələr verdiyinin, kəşflər, icadlar etdiklərinin şahidi olmuşuqmu? Vəziyyət o qədər qəlizdir ki, sualın özündən sual yaranır. İndi gəlin bu suala cavab tapmaq üçün niyə bu qədər çox düşündüyümüzün səbəbini də axtaraq. Bəlkə də, Azərbaycan elminin mövcud susqunluğuna səbəb lazım olan şəraitin yaradılmamasıdır. Ona görə də, indiyə qədər AMEA-da bu şəraitin yaradılmamasının səbəbləri araşdırılmalıdır. Çünki hər il dövlət büdcəsindən AMEA-nın saxlanılması, fəaliyyəti, elm adamlarının xidmətləri üçün ayrılan vəsaitlərin hara xərcləndiyi məlum deyil.
2018-2021-ci illərdə AMEA-nın bütün təşkilatları tərəfindən cəmi 2840 elmi məqalə “Web of Science” bazasında indekslənib. Müqayisə üçün deyək ki, ölkədə fəaliyyət göstərən bütün ali təhsil müəssisələri tərəfindən həmin müddətdə nəşr olunmuş məqalələrin sayı 3592-dir. Məqalələrin keyfiyyət göstəricilərinə gəldikdə isə (Q1 jurnallarda nəşr olunan məqalələrin sayı, məqalələrə iqtibasların sayı və s.) ədalət naminə demək lazımdır ki, AMEA tərəfindən yazılmış məqalələr nisbətən daha keyfiyyətlidir. Burada diqqət yetirilməli olan məqam ondan ibarətdir ki, Azərbaycanda 51 ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da əksəriyyəti kiçik və dar ixtisaslı ali təhsil müəssisədir və tədqiqata deyil, konkret sahələr üzrə kadr hazırlığına cəlb olunub.
2022-ci ilin dövlət büdcəsindən AMEA və onun tabeliyində olan 46 quruma 134 milyon manat vəsait ayrılıb. Azərbaycanda ali təhsil müəssisələrinin dövlət büdcəsindən maliyyələşməsi isə yalnız həmin universitetlərdə ödənişsiz təhsil alan tələbələrin sayı əsasında həyata keçirilir. Yəni universitetlər çox cüzi istisnalarla elmi-tədqiqat üçün dövlət büdcəsindən vəsait almırlar. Buradakı alimlər həm tədris, həm də elmi-tədqiqatla məşğul olurlar.
Ona görə də müasir dövrdə elm və təhsilin vəhdəti danılmazdır. Dünyanın bütün nüfuzlu və sanballı universitetləri həm də elmi-tədqiqat mərkəzləridir. Lakin, eyni zamanda universitetlərdən kənar elmi-tədqiqat institutları da yox deyil. Düşünürəm ki, AMEA-da islahatlar aparılarkən, daha çox bu aspektə fikir vermək və elmlə təhsilin daha ciddi şəkildə əlaqəsinin təmin edilməsinə nail olmaq lazımdır.
“Report” İnformasiya Agentliyi
Şərhlər