Ərdoğan və Putinin Soçi görüşü: Masada Qarabağ da var? – DETALLAR

03.08.2022 13:56     A-reaksiya     596

“Əslində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşündə təkcə Qarabağ məsələsi müzakirə olunmayacaq. Ümumilikdə, Cənubi Qafqazın və Yaxın, Orta Şərqin yeni siyasi düzəninin formalaşdırılması məsələsi də müzakirəyə çıxarılmalıdır. Çünki hadisələrin gedişi göstərir ki, Yaxın və Orta Şərqdə, eləcə də Asiyada yeni dizayn haqqında Birləşmiş Ştatların yeni fikirləri var. Eyni zamanda, Rusiyanın rolunun zəiflədilməsi məsələsi də gündəmə gəlir”.

Bunu Publika.az-a açıqlamasında Türkiyə və Rusiya prezidentlərinin 5 avqustda Soçidə nəzərdə tutulan görüşünü şərh edərkən politoloq Cümşüd Nuriyev deyib.

Politoloq bildirib ki, burada ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərini də nəzərdən qaçırmaq olmaz:

“Onun Tayvana səyahəti baş tutdu. Bu o deməkdir ki, ABŞ artıq Asiyada öz işlərinə start verdi. Kimin necə qəbul etməsindən asılı olmayaraq, bu durum Çin üçün siyasi məğlubiyyətdir. Amma bu qədər hay-küy salmasına baxmayaraq, Pekin hər hansı bir addım atmadı. Yəni, ABŞ-ın yeni layihəsində Rusiyaya qarşı ikinci cəbhə açmaq məsələsi də var. Burada Çin-Hindistan-İran üçbucağından istifadə olunacaq. Əfqanıstan məsələsi də öz yerində... Hətta Əfqanıstanın Tacikistana girişi də baş verə bilər. Bütün bunlar onu göstərir ki, Rusiyanın kifayət qədər ciddi problemləri var. Dünya siyasi arxitekturasının formalaşmasında onun yeri və rolu bu baxımdan diqqət çəkir. Ona görə də Putin Ərdoğanla Soçi görüşündə bu məsələləri də müzakirə edəcək”.

Cümşüd Nuriyev bildirib ki, Türkiyənin qırmızı xətti Azərbaycandır:

“Bunu Rəcəb Tayyib Ərdoğan da qeyd edib. Ermənistan yenə də ikili, üçlü siyasət yeritdiyinə görə, həm özü, həm də Azərbaycan üçün ciddi problemlər yaradıb. Söhbət sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlərdən gedir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması ilə bağlı razılaşma da buraya daxildir. Ermənilər özlərini çox ağıllı hesab edirlər. Güya, bir neçə istiqamətdə balanslaşdırılmış siyasət yürütmək istəyirlər. Nikol Paşinyan onsuz da siyasətçi deyil. Amma ABŞ-ın baş kəşfiyyatçısı Börnsün İrəvana səfərindən sonra Rusiya xüsusi xidmət orqanının başçısı Narışkinin, eləcə də İranın Ali Təhlükəsizlik Şurasının rəhbəri Şamxaninin Ermənistana getməsi onu göstərir ki, Birləşmiş Ştatlar İrəvanı Kremlin təsir dairəsindən çıxarmaq istəyir. Ermənistan isə hər iki qütbdən yararlanmağa çalışır. Bu da alınmayacaq. Çünki Putinin Paşinyanla danışığından sonra artıq ermənilər Qarabağa əsgər göndərmək məsələsini gündəmdən çıxardılar”.

Politoloq düşünür ki, Bakı ilə Ankaranın birgə yürütdüyü siyasət Ermənistanı Azərbaycanla razılaşmaq məcburiyyətində qoyub:

“Ona görə də Soçi masasında Qarabağ məsələsinin olacağı birmənalıdır. Çünki Azərbaycan Türkiyə üçün çox önəmlidir. Masadakı digər məsələ isə Ukrayna olacaq. Ona görə ki, Ukrayna Krımın işğalını qəbul eləmir. Bununla yanaşı, Kiyevin Moskva ilə münasibətlərində də irəliləyişlər var. Türkiyə-Rusiya razılşması, 3+3 platforması bölgənin gələcək taleyini müəyyənləşdirəcək. Yəni 3 müsəlman və 3 xristian dövlətindən söhbət gedir. Bölgədə ən çox ara qarışdıran ölkə Ermənistan, sonra İrandır. Nəzərə alaq ki, Dmitri Medvedev də Rusiyanın bütün sirrini açıb tökdü. Bildirdi ki, Rusiya Ukraynadan sonra Gürcüstanı və Qazaxıstanı işğal eləmək istəyir. Yəni Qazaxıstan da Azərbaycan və Türkiyə üçün önəmli dövlətdir. Burada türk dövlətləri amili var. Görünən odur ki, Soçi masasında təkcə Azərbaycanla bağlı məsələ yox, həm də türkdilli dövlətlərin gələcək taleyi ilə bağlı Ərdoğanın mövqeyi yatırdılacaq. Cənubi Qafqazda yeni siyasi düzənin formalaşdırılması da əsas müzakirə mövzularından biri olacaq. Ukraynadan taxılın daşınması və Qara dənizin təhlükəsiz, hərbsiz bir dənizə çevrilməsi müzakirə oluna bilər. Çünki Montre sazişinin də müddəti qurtarır. Ərdoğan hazırda dünya çaplı bir siyasətçidir, Putin də bunu yaxşı başa düşür. Ona görə də sadaladığım məsələlərin müzakirə olunması ehtimalı çox yüksəkdir”.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar