İraq sünnilərə silah verməkdən qorxur? - TƏHLİL

21.08.2015 13:14     A-reaksiya     2422

İraqın baş naziri Heydər əl-İbadi ölkə boyu korrupsiyanın qarşısının alınması və dövlət qulluğu haqqında islahatlar uğurlu islahatlar həyata keçirdi.

Nazirliklər sayını 33-dən 22-yə endirən baş nazir doğru istiqamətdə irəliləsə də, keçən ildən gündəmdə olan Milli Qvardiya Qanununun qəbulu qarşısında çətinliklər hələ qalmaqdadır.

Keçən ilin sentyabrından İbadi tərəfindən irəli sürülən Milli Qvardiya Qanunu təşəbbüsü yalnız İŞİD-ə qarşı güc yox, həm də sünnilərin ölkənin mühafizəsinə cəlb olunması üçün mühüm vasitə kimi nəzərdə tutulurdu. Onun fikrincə, bu qanun sünniləri İŞİD-lə fəal mübarizəyə cəlb etməlidir.

Bütün optimist bəyanatlara baxmayaraq, MQQ-nin qəbulu ətrafındakı proseslər xeyli səngidi, hökumətdəki şiə və kürd qrupları arasında fikir ayrılıqları daha da gərginləşdi.

Bəzi kürd siyasətçilərinin fikrincə, bu cür “sünni qvardiyası” nəinki konsitusiyaya zidd olacaq, həm də gələcəkdə regionlararası münaqişələrdə istifadə oluna bilər. Hadi əl-Amiri başda olmaqla başqa bir qrup siyasətçi isə iddia edir ki, şiə döyüşçülərdən ibarət  Xalq Səfərbərlik Qüvvələri  İŞİD-lə döyüşdə səmərəli alternativdir.

Bir çox sünni liderlər və qruplar XSQ-nin öncüllüyündən narahat olur. İran tərəfindən güclü dəstək görən və İraq hökumətindən də maliyyələşən XSQ birlikləri İranın mərkəzində və cənubunda mühüm qüvvəyə çevrilməkdədir.

Şiə güclərinin önəmli fiqurlarından olan Əbu Mehdi əl-Mühəndis və Hadi əl-Əmiri İranla və “Qüds gücü”nün rəhbəri Qasım Süleymani ilə sıx əlaqələrinə görə tanınırlar. Bu əlaqələr isə sünni icmalarını narahat etməyə bilməz. Vaxtilə sünnilərlə döyüşmüş müxtəlif şiə silahlı dəstələri də XSQ-nin sıralarında birləşib.

Buna görə də, sünni qruplar XSQ-nin istər İŞİD-lə mübarizədə, istərsə də post-İŞİD dövründə ölkədəki təhlükəsizliyə təminat olacağına şübhə ilə yanaşırlar.

Hətta bəzilərinin fikrincə, bu qüvvələr regionda İranın nüfuzunun gücləndirilməsi üçün bir vasitədir. İŞİD-ə qarşı koalisiyada birləşən ərəb monarxiyalarının da bu istiqamətdə narahatlıq keçirdiyini desək, yanılmarıq.

Həmçinin, hökumətdə olan əl-İbadi və İraqın amerikalı tərəfdaşları xərcləri və riskləri azaltmaq üçün sünnilərdən ibarət hərbi qüvvələr yaratmağı, onların maliyyələşməsinə qonşu monarxları da cəlb etməyi götür-qoy edirlər.

Bu isə həm İrana yaxın olan qüvvələri, həm də Səddam Hüseyn dövründə sünni iqtidarın repressiyalarını unutmayan kürd icmaları üçün təhdid kimi görünür.

Kürd liderlərinin narahatlığı həm də onunla izah oluna bilər ki, hazırda İraqda ən çoxsaylı qüvvələr onların sərəncamındadır və peşmərgə qüvvələri sayəsində İraq Kürdüstanı de-fakto müstəqilliyə malikdir.

Rəsmi Bağdad isə kürdlərin işlərinə çox müdaxilə etmir və münaqişəyə girmir. Sünni qrupların silahlanması isə bölgədə yeni güc müqayisəsi yaradacaq. Əgər Səddam Hüseyn simpatizanlarının da bu fürsətdən yararlanacağını ehtimal etsək, o zaman hətta “İslam dövləti” məhv olsa belə, İraqdakı post-İŞİD dövrü sabit keçməyəcək.

Baş nazir hazırda büdcəni qorumaq, əlavə xərcləri ixtisar etmək yolu ilə hökumət böhranının qarşısını almağa, sabitliyi qorumağa çalışır. Həmçinin əl-İbadinin sünni və kürd qruplarla dialoqda da uğursuz olmadığını deyə bilərik.

Əl-İbadi sünni tərkibli Milli Qvardiya yaratmağı özü təklif edib, lakin bu bir ildə qəti addımlar atmağa da çəkinir.

Baş nazir şiə qruplarının siyasi imkanlarını və ictimai sabitliyi risk altına atmaq istəmir, amma digər tərəfdən, əl-İbadinin nə kürdlərdən, nə də İrandan asılı qalmağa da maraqlı olmadığı aydın görünür.

Burda yeni qüvvəyə ehtiyac aydın görünür. Lakin bu yeni qüvvə kimlərdən ibarət olacaq? Məzhəblərə və icmalara, tayfalara və qəbilələrə bölünən bir ərəb ölkəsində alternativ, ortaq yol tutan bir güc yaratmaq müşkül olacaq...

Şərhlər

Çox oxunanlar