Mərkəzi Asiyada devalvasiya: xilas yolu varmı? - TƏHLİL

21.08.2015 15:59     A-reaksiya     2638

Ötən gün Qazaxıstan Milli Bankı  tengenin kursu ilə bağlı yeni bazar kursu təyin edib və milli valyutanı “axına buraxıb”.

Bir günün içində 1 ABŞ dollarının qiyməti 198 tengedən 259 tengeyə qədər qədər artdı. İlin əvvəlində ABŞ valyutasının Qazaxıstanda kursu 182,35 tenge idi, amma rubl və yuanın ardınca tengenin devalvasiyaya “təslim olması” şok effekti verdi.

Bu, əslində gözlənilən idi. Devalvasiyadan bir gün əvvəl  Nursultan Nazarbayevin QMB rəhbəri Kayrat Kelimbetov və maliyyə-iqtisadi blokun nazirləri ilə toplantısı zamanı prezident etiraf edib ki, ölkədə böhran var: “Hazırkı böhran sektoral xarakter daşıyır, praktiki olaraq Qazaxstanın bütün müəssisələrinə təsir edib. Belə bir şey bizdə olmayıb, ona görə də tamam fərqli yanaşmalar tələb edir”.

Nazarbayev bir neçə uzunmüddətli neqativ faktorları qeyd edib. İlk faktor – ixracat malları olan neft və metalların qiymətlərində eniş beş il ərzində davan edə bilər.İkinci, Qazaxıstan kimi inkişaf etməkdə olan ölkələrə sərmayələrin həcmi azalacaq. Üçüncü – xarici tərəfdaşlar (xüsusilə də Çin və Rusiya) tərəfindən tələbatın azaldığından, Qazaxıstaın yerli müəssisələrinin bazarının daralması müşahidə olunur.

Böhran şəraitində dövlət başçısı büdcəni balanslaşdırmaq və monetar siyasəti yenidən qurmaq üçün hökumətdən qabaqayıcı tədbirlər həyata keçirməyi tələb edib.

Hökumətin reaksiyasını çox gözləmək lazım gəlmədi. Ötən gündən etibarən, Qazaxıstan Milli Bankı inflyasiyanı hədəf götürməyə başladı.

QMB-dan gözləntilər böyükdür və xüsusilə də, ölkənin kommersiya bankları bu qurumun son instansiya kreditoru kimi çıxış etməsini gözləyirlər. Lakin tengenin inlfyasiyasını da müəyyən çərçivədə qoruya bilmək üçün QMB sərt kredit-pul siyasəti yürütməli olacaq. Qazaxıstan hökuməti bu məsələdə Kanada və Avstraliya təcrübəsini istifadə edəcəklərini açıqlayıb.

Lakin hər hansı modelin müzakirəsinə baxmayaraq, əsas tərəfdaşları Rusiya və Çin olan Qazaxıstanın müəyyən problemlərlə üzləşməsi gözlənilən idi. Ərazisi böyük olsa da, iqtisadiyyatın şaxələnməsi, müəssisələrin rəqabət gücü baxımından yetərincə inkişaf etməyən və az əhalisi olan Qazaxıstan dünya bazarına çıxış baxımından da çox irəlidə sayılmaz.

Regionun iri neft-qaz ixracatçılarından biri olan Qazaxıstan əsas tərəfdaşlarının üzləşdiyi problemlə gec-tez üzləşməli idi, lakin bu proses nə qədər çəkəcək və regionda necə təsir edəcək?

Çünki tengenin ardınca Qırğızıstan somunda da devalvasiya müşahidə olundu. Somun kursu bir saat ərzində kəskin səviyyədə endi. Bir dolların kursu 62 somdan 65-ə qədər qalxdı.

İqtisadi və siyasi faktorlardan, hökumət qərarlarından başqa, burda əsas rolu sosial panika oynayır. Adətən, milli valyutanın ucuzlaşmasını görən əhali sürətlə əllərindəki vəsaiti dollara dəyişməyə çalışır, beləliklə devalvasiyaya daha da təkan vermiş olur.

Burda yalnız “Amerikanın qələbəsi” deyə düşünmək də yersiz olar. Hazırda Mərkəzi Asiya ölkələri Çin iqtisadiyyatı tərəfindən “həzm olunma” prosesi yaşayır.

Rusiya əsasən öz infrastrukturunu formalaşdırmağa çalışır, Çin isə dünya oyunçusu olmaq üçün yeni bazarlar axtarışına çıxıb.

Xüsusilə də, İran üzərindən sanksiyaların qalxması yeni dəmiryolu və enerji layihələrinin işlənməsi üçün zəmin yaradıb. Belə olacağı təqdirdə, Qazaxıstan, Türkmənistan və Qırğızıstanın da əhəmiyyəti və rolu artacaq.

Amma belə bir məqam da var: pulu verən kimdirsə, onun da “havası çalınacaq”. Elə ona görə də,əsas oyunçu Çin və onun kapitalı olacaq.

2003-2011-сi illərdə Çin Mərkəzi Asiya ölkələrinə 2,6 milyard dollar investisiya yatırıb. Bu rəqəm son 4 ildə 3-4 dəfə də artıb. Təkcə Qazaxıstanla Çinin ticarət dövriyyəsi 17 milyard ABŞ dollarıdır.

Hazırda Çinin Asiya Bankı Mərkəzi Asiyada milyardlarla dollar dəyərində olan bir neçə layihələr, xüsusilə də avtomobil magistralları və dəmiryolları inşaatı gerçəkləşdirir. “İran-Türkmənistan-Çin”, “Qazaxıstan-Türkmənistan-İran”, “Çin-Qırğızıstan-Özbəkistan”, “Çin-Qırğızıstan-Tacikistan-Əfqanıstan-İran” və s.

Çinin özü də devalvasiya yaşasa da, dünya bazarında ABŞ-la “konsesus” məsələsi gündəmə gəlib.  Sentyabrda iki supergücün dövlət başçıları bir araya gələcək.

Regional faktorlar arasında Mərkəzi Asiyadakı iqtisadi böhranın da müzakirə olunacağı istisna deyil.

Şərhlər

Çox oxunanlar