Türk dünyasında siyasi və iqtisadi sabitliyin təmin olunması vacibdir - EKSPERT RƏYİ - FOTOLAR

21.08.2015 17:28     A-reaksiya     2886

Türkiyə xarici siyasəti baxımından Orta Asiya Ankara üçün yeni imkanlar təmin edən, alternativ sahə təklif edən və Ankaranın strateji əhəmiyyətini artıran və enerji maraqlarını reallaşdırmaq üçün imkanlar ehtiva edən regiondur. AKP hökuməti Orta Asiya regionunu Türkiyənin xarici siyasətinin təməl ayaqlarından biri kimi qiymətləndirir. Ankaranın və Türkiyənin xarici siyasətinin Orta Asiya ilə münasibətlərini gücləndirməsi, Ankaranın stratejik dərinliyə malik olması baxımından əhəmiyyətlidir. AK Partiya dövründə Ankaranın Orta Asiya siyasətinin əsas prinsiplərini bunlar təşkil edir:

  •  Orta Asiya ölkələrinin müstəqilliklərinin gücləndirilməsi,
  •  Dövlət qurulması və quruluşlarına töhfə verilməsi,
  •  Bu ölkələrin iqtisadi və siyasi keçid dövrlərinin əmin-amanlıq və sabit bir şəkildə keçilməsi və bu çərçivədə islahatlara dəstək verilməsi,
  •  Bu ölkələrlə Ankaranın 1990-cı illərə  bənzər formada qardaş rolunda deyil, suveren bərabərlik prinsipi və qarşılıqlı mənfəət çərçivəsində münasibətlərin möhkəmləndirilməsidir.

Bu zaman Türk dünyasının vəhdəti fikrinin ortaya qoyulmasının yanlış anlamalara səbəb olduğu üçün mədəni münasibətlər ön plana alınaraq rasional və realist bir diplomatiya aparılması nəzərdə tutulub. Bölgə ölkələri ilə əlaqələrini gücləndirməkdə prezident və baş nazir TÜRKSOY, Türkdilli Ölkələrin Dövlət Rəhbərləri Sammiti, Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı kimi tədbirlərdə çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində xüsusi səylər sərf edir. Bu təşkilati strukturların ölkələr arasında ən yüksək səviyyədə həmrəylik platforması yaratdığına və ortaq siyasətlər meydana gətirilməsinə fayda verəcəyi güman edilir. Buna görə prezident və baş nazir bu qurumların keçirdikləri görüşlərə xüsusi əhəmiyyət verir. Əlavə olaraq, hökumət də Orta Asiya ilə münasibətləri inkişaf etdirmək məqsədilə İpək Yolunu yenidən fəaliyyətə keçirməyə cəhd edib və beləliklə regiondakı ölkələrlə daimi yaxınlıq qurmağı hədəfləyib.

Bu tabloya baxıldığı zaman Türkiyənin Orta Asiyanın türk respublikaları ilə əlaqələrinin istənilən səviyyədə olmadığı aydın görünür. Son dövrdə türk dünyası ölkələri iqtisadiyyatlarında baş verən devalvasiyalar nəticəsində ölkə valyutalarında əhəmiyyətli azalmalar baş verir. Bu bölgənin həm Türkiyə, həm də Rusiya Federasiyası ilə olan yaxın münasibətləri həmin ölkələrin daxili və xarici siyasətlərinə birbaşa təsir edir. Türkiyəyə nisbətən Orta Asiya ölkələrində diqqətçəkən sayda rusların yaşaması, Moskvanın bu ölkələrə təsir etməyini asanlaşdırır.

Bundan başqa bəzi Orta Asiya ölkələrinin Kremlin təşkil etdiyi  Avrasiya İqtisadi Birliyi layihəsinə olduqca böyük maraq göstərmələri və buna  dəstək olmaları gözdən qaçırılmayacaq əhəmiyyətli məqamdır. Rusiya Federasiyasının bu ölkələrdən Qazaxıstan, Türkmənistan və Özbəkistanın əlindəki nəhəng karbohidrogen ehtiyatlarının mühüm bir hissəsinə uzun sazişlər vasitəsilə əl qoyması və bu ölkələrin xaricə çıxışlarının olmaması, Moskvanın nəzarətini daha da möhkəmləndirir. Burada xüsusilə diqqət edilməsi lazım olan bir məqam isə hər gün enerji ehtiyacı getdikcə artan Çin Xalq Respublikasının bölgənin karbohidrogen resurslarına göstərdiyi böyük diqqət nəticəsində müxtəlif sahələrdə inkişaf etdirdiyi geniş ikitərəfli əlaqələrdir.

Türkiyənin daxilini nəzərə alsaq, Ankara 1990-cı illərdə bölgədə yürütdüyü yanlış siyasətlərdən imtina etmiş kimi görünür. Bərabər münasibətli əlaqələr həyata keçirərək ayaqları daha yerə basan bir siyasət yürütməyə çalışır. Qazaxıstan və Türkmənistanın karbohidrogen ehtiyatlarının Türkiyədən daşınmasını istəyən Ankara xüsusilə Qazax neftinin Bakı-Tbilisi-Ceyhan neft boru xəttinə daxil edilməsi məsələsində əhəmiyyətli  müvəffəqiyyət əldə edib.

 Dünyanın sübut edilmiş qaz ehtiyatları baxımından ilk sıralarda yer alan Aşqabadın bu qaynaqlarının Türkiyə üzərindən TANAP vasitəsilə Avropa bazarlarına ötürülməsi düşünülür. Ancaq Xəzər dənizinin statusu məsələsi ilə yanaşı Bakı və Aşqabad arasında Serdar/Kepez sahələrinin mülkiyyəti sahəsində də baş verən anlaşmazlıq bu ideyanın hələlik  bir kənara qaldırılmasına səbəb olur. .

 Nəticədə Orta Asiya bölgəsinin getdikcə artan əhəmiyyəti Asiyanı həm regiondakı böyük güclərin, həm də regiona yaxından maraq göstərən bölgədən kənar qüvvələr üçün  baxımından maraq dairəsi halına gətirir. Türkiyənin hazırda daxili siyasətində yaşanan çətinliklərin həll edilməsindən sonra bu bölgəyə yönəlmiş sağlam əsaslı siyasətlər yürüdəcəyi proqnozlaşdırılır. Burada siyasi və iqtisadi sabitliyin təmin olunması vacibdir.

Həmçinin, Orta Asiya ölkələrinin Türkiyə ilə münasibətlərində nə qədər səmimi ola biləcəyi də düşünülməsi lazım olan məsələdir. Mövcud vəziyyət Orta Asiya ölkələrini balans siyasəti yürütməyə məcbur edir. Ankaranın bu ölkələrə yönəlmiş siyasət inkişaf etdirməsi ilə  yanaşı regiondakı ölkələrin həssaslıqlarını də diqqətə almalıdır.

Şərhlər

Çox oxunanlar