Xüsusi təyinatlılarımız Türkiyədə, Hulusi Akar Bakıda - nələr gözlənilir?
05.10.2022 12:48 A-reaksiya 509
Türkiyə müdafiə naziri Hulusi Akarın Bakıya səfəri bir neçə kontekstdə diqqət çəkir:
- Son sərhəd toqquşmasından sonra Ermənistan yeni hücuma hazırlaşdığını gizlətmir: bu ölkənin baş qərargah rəisinin müavini hücumla bağlı əmr aldıqlarını açıqladı;
- Etirazların yaşandığı İran diqqəti Azərbaycan üzərində fokuslayır və Tehranda Azərbaycanın Ermənistanla dövlət sərhədini bərpa etmək istəyinə qarşı mümkün müdaxilə ssenarilərinin nəzərdən keçirildiyi də istisna deyil;
- Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri Türkiyədə “Bordobərəlilər”lə birgə təlimlərə başlayıb (4-14 oktyabr);
Adətən belə təlimləri iki ölkənin hərbi rəhbərliyi birgə izləyir, amma bu dəfə XTQ-nin Türkiyəyə, Türkiyənin hərbi rəhbərliyinin Azərbaycana gəlişi maraqlıdır və bu, iki nəticəni çıxarır:
1. İki ölkə mümkün risklərə qarşı birgə plan üzərində işləyir;
2. Ermənistanın gözlənilən təxribatına əks-cavab əməliyyatı istisna deyil;
Akarın nümayəndə heyəti ilə Bakıya gəlişi hərbi planların müəyyən edilməsi fonunda həm də dövlət sərhədinin bərpası üçün praktiki addımların atılması zərurəti yaranacağı təqdirdə üçüncü tərəflərin mümkün müdaxilə riskinə qarşı çəkindirici mesaj xarakteri daşıyır: üçüncü tərəf kimi daha çox İran aktivlik nümayiş etdirir, o cümlədən, Fransanın da Ermənistana hərbi dəstək verməsi gözləntiləri var;
Proseslərin inkişafı Cənubi Qafqazda yeni və daha böyük eskalasiya riskini artırır. Xüsusilə Qərbin - ABŞ-ın təşəbbüsü ilə təşkil olunan yeni təmaslar son mərhələ ola bilər və bu təmaslarla bağlı verilən rəsmi məlumatlar ortaq məxrəcə gəlməyin çətinliyindən xəbər verir. Bu gözləntilər fonunda Azərbaycan və Türkiyə birgə addımları planlaşdırır.
Şərhlər